Homepage / Rüşvət, qohumbazlıq, universiteti məhkəməyə verən tələbə – BDU-da baş verən böyük biabırçılıqların TƏFƏRRÜATI

Rüşvət, qohumbazlıq, universiteti məhkəməyə verən tələbə – BDU-da baş verən böyük biabırçılıqların TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə isə universitetin yeni rektoru təyin olunub.

BDU-da baş verən rəhbərlik dəyişikliyi Elçin Babayevin 2019–2026-cı illərdə davam edən rektorluğu dövründə universitetdə yaşanan hadisələri, tələbə narazılıqlarını və mediada geniş müzakirə olunan qalmaqalları yenidən gündəmə gətirib.

Redaksiyamız sabiq rektorun rəhbərliyi dövründə BDU ilə bağlı mediada işıqlandırılan hadisələri araşdırıb.

Etibar Əliyev Elçin Babayevi qohumbazlıqda ittiham etdi

Elçin Babayev rektor təyin olunduqdan cəmi səkkiz ay sonra təhsil eksperti Etibar Əliyev onu BDU-da qohumbazlığa yol verməkdə ittiham edib. Onun iddiasına görə, sabiq rektor baldızı Ləman Hüseynbəylini həm özünə köməkçi, həm də Ümumi şöbəyə müdir təyin edib.
 
Həmçinin rektorun qohumu Elçin Məmmədovun Tədris hissəsinin müdiri, bacısının həyat yoldaşı Fikrət Heydərovun isə Ümumi işlər üzrə müşavir vəzifəsində çalışdığını bildirib. Ekspert universitetdə "trol şəbəkəsi” yaradıldığını, Tələbə Gənclər Təşkilatının rəhbəri Nicat İsmayılovun tələbələri bu fəaliyyətə cəlb etdiyini də iddia edib.


Yataqxanada tələbə qızın ölümü

2019-cu il noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında üç tələbə qız zəhərlənib. Hadisə nəticəsində Fizika fakültəsinin tələbəsi Şəkər Xasmətova vəfat edib, digər iki tələbə isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılıb.

Müəllimin dini ifadələri tələbələrin etirazına səbəb oldu

2020-ci ilin yanvarında BDU-nun tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı İslam dini və Qurani-Kərimlə bağlı təhqiramiz ifadələr işlətdiyi iddia olunub. Tələbə Elnar Bulud məsələni sosial şəbəkədə ictimailəşdirib. Hadisə universitetdə və mediada geniş müzakirələrə səbəb olub.

Bayrağa qarşı hərəkət edən tələbə universitetdən xaric edildi, sonra bərpa olundu

2020-ci ilin noyabrında BDU tələbəsi Pərviz Məhəmmədovun onlayn dərs zamanı Azərbaycan bayrağına qarşı hörmətsizlik etdiyini əks etdirən görüntülər yayılıb. Universitet tələbənin xaric edildiyini açıqlayıb. Lakin məsələ ilə bağlı müzakirələrdən sonra dekabrın 1-də onun universitetə bərpa edildiyi bildirilib.

Müəllimin tələbələrdən minlərlə manat istəməsi iddiası

2022-ci ilin iyununda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova ilə əlaqələndirilən səs yazısı yayılıb. Səs yazısında tələbələrin imtahandan keçməsi üçün 3-5 min manat ödəməli olduqları barədə ifadələr yer alıb.

Tələbələr də müəllimin pul almaq məqsədilə onları imtahandan kütləvi şəkildə kəsdiyini iddia ediblər. Universitet məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Daha sonra müəllimin əmək müqaviləsinə xitam verildiyi barədə məlumat yayılıb.


Universitetin yeməkxanasının icarəyə verilməsi məsələləri

2022-ci ildə BDU-nun yeməkxanasının icarəyə verilməsi və bununla bağlı maliyyə məsələləri mediada müzakirə mövzusuna çevrilib.

Mediada yayılan məlumatlarda universitetin yeməkxanasının "Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verildiyi iddia olunub. Həmçinin yeməkxanada aparılan təmir işlərinin xərclərinin tələbələrdən toplanan vəsait hesabına qarşılandığı barədə iddialar səsləndirilib.

Xəstə tələbələrin dərs buraxmalarına görə narazılıq yarandı

2022-ci ilin dekabrında BDU-nun Kimya fakültəsinin tələbələri xəstəlik səbəbindən dərslərdə iştirak edə bilmədikləri günlərə görə qayıbların üzrlü hesab edilməməsinə etiraz ediblər.

Tələbələr suçiçəyi və COVID-19 kimi xəstəliklər səbəbindən dərsə gələ bilməyənlərin də eyni qaydada qiymətləndirilməsindən narazılıqlarını bildiriblər. Universitet isə davamiyyət qaydalarının Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimləndiyini açıqlayıb.

Tələbələr istilik probleminə görə rektora müraciət etdilər

2023-cü ilin dekabrında BDU tələbələri auditoriyalarda istilik problemi yaşandığını bildirərək etirazlarını qeyri-adi formada ifadə ediblər. Onlar auditoriyanın lövhəsinə rektor Elçin Babayevə ünvanlanan müraciət yazıblar. Universitet isə bütün korpuslarda istiliyin olduğunu və bu istiqamətdə hər hansı problemin yaşanmadığını açıqlayıb.

621 balla universitetə qəbul olan tələbə BDU-nu məhkəməyə verdi

2024-cü ilin yanvarında BDU-nun Hüquq fakültəsinin tələbəsi Əli Məhəbbətli universiteti məhkəməyə verib. 2017-ci ildə 621 balla universitetə qəbul olunan tələbə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Həmin vaxt iddianın mahiyyəti ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

Qız tələbələrin fotoları montaj edilərək yayıldı, şantaj iddiası ortaya çıxdı

2026-cı ilin fevralında BDU-nun Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin fotolarının süni intellekt vasitəsilə montaj edilərək yayıldığı bildirilib. Tələbələr görüntülərin silinməsi müqabilində onlardan pul tələb edildiyini iddia ediblər. Daxili İşlər Nazirliyi 28 yaşlı Fəxri Cəbrayılovun saxlanıldığını və faktla bağlı cinayət işi başlandığını açıqlayıb.

Bufetdə qız tələbələr arasında dava baş verdi

2026-cı ilin oktyabrında BDU-nun birinci tədris korpusunun bufetində qız tələbələr arasında dava baş verib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda tələbələrin bir-birinin saçını yolduğu görünür. Faktla bağlı polis araşdırma aparıb.

Dərs zamanı domino oynayan tələbələrin görüntüləri yayıldı

2026-cı ilin noyabrında BDU-da dərs prosesi zamanı tələbələrin auditoriyada domino oynadığını əks etdirən video sosial şəbəkələrdə yayılıb. Görüntülər sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. 
Mənbə:"Azxeber.com"


 
Bu gün, 12:45
Go back