ƏYALƏT

Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib

post-img

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Təqdirəlayiq haldır ki, nəqliyyatın bütün sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycanın zəngin yol infrastrukturu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da mühüm əhəmiyyət verilir. Bunun sayəsində dəmir yolu vasitəsilə yükdaşımaların həyata keçirilməsində də önəmli ölkəyə çevrilirik. 


Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu sahədə region və dünya üçün əhəmiyyət daşıyan bir sıra layihələrin reallaşmasına nail olub. Bu gün Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. Həmin ticarət yüklərini öz ölkələri vasitəsilə ötürmək uğrunda dövlətlər bir-biri ilə ciddi rəqabət aparır. Ölkələr arasında gedən rəqabətdə siyasi amillər deyil, iqtisadi amillər əsas rol oynayacaq. Bu səbəbdən də ölkəmizin həmin rəqabətdə üstünlük qazanacağına şübhə etmirik. Belə ki, Çinlə Türkiyə arasında yükdaşımaların müddəti bir aydan 12 günə enib. Əlbəttə, daşınmanın belə qısalmasında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Bizim yüklərin Xəzərin şərqindən qərbinə və ya əksinə daşınması üçün hər cür imkanımız var. Bununla yanaşı, gəmilərin yan ala biləcəyi hər cür imkanlara sahib Ələt Beynəlxalq Ticarət Limanı da fəaliyyət göstərir. Başlıcası isə, müasir dünya standartlarına cavab verən Bakı-Tbilisi-Qars dəmir yolu yükləri vaxtında Avropaya çatdırma qabiliyyətinə malikdir. Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Ölkəmiz mühüm infrastruktur layihələrini rəqiblərimizdən öncə yaratdığı üçün böyük üstünlüyə sahibdir. 

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır. Gələcəkdə Zəngəzur dəhlizi ilə daha çox yük göndərmək mümkün olacaq. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. 

Prezident İlham Əliyev 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışında da qeyd etmişdir ki , “Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.” Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. 

Ölkəmiz üzərindən daşınan yüklərin həcminin artması da onu göstərir ki, indiki şəraitdə bu missiyanı üzərinə götürə biləcək ən uyğun ölkə məhz Azərbaycandır. Göründüyü kimi, Çin Xalq Respublikasını dəmir yolu vasitəsilə Avropa qitəsinə bağlayacaq Bakı Tbilisi-Qars  dəmir yolunun əsas hərəkətverici qüvvəsi və təminatçısı kimi, Azərbaycan Trans-Asiya nəqliyyat dəhlizində mühüm nəqliyyat qovşağı qismində də çıxış edir və bu proses ölkəmizin tranzit əhəmiyyətini təsdiqləməklə yanaşı, nəqliyyat potensialının daha da artmasına imkan verir. 

Region ölkələrinin tranzit potensialının artmasına, inteqrasiya proseslərinin sürətlənməsinə, xarici iqtisadi münasibətlərin genişlənməsinə xidmət edən nəqliyyat-kommunikasiya xətlərinin inkişafına yönələn addımların reallaşdırılması nəticəsində bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli tranzit ölkəyə çevrilmişdir. Azərbaycan beynəlxalq geoiqtisadi strukturlarla əməkdaşlığı daha da gücləndirməyə, ümumi iqtisadi və ticari problemləri həll etməyə, eyni zamanda, sabitliyi saxlamağa və hərtərəfli münasibətləri inkişaf etdirməyə çalışır. 

Bir sözlə, böyük nəqliyyat-tranzit dəhlizlərinin istismara verilməsi və bir sıra digər layihələrin yerinə yetirilməsinə çalışılması Azərbaycanı Avropa Birliyi və Çin Xalq Respublikası kimi dünyanın iki nəhəng iqtisadi güc mərkəzi arasında vacib tranzit arteriyasına çevirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycan Avrasiya məkanında əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməyi bacarmışdır. Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasından sonra isə Azərbaycanın geosiyasi yükü daha da artacaq.


Rəşad Zeynalov, Salyan rayon Xələc 2 saylı kənd tam orta məktəbin direktor müavini, YAP fəalı

Oxşar xəbərlər