Kriminal

QƏTL bu hallarda XÜSUSİ AMANSIZLIQ kimi qiymətləndirilməlidir

post-img

Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən daha bir aydınlaşdırıcı qərar verib.

Musavat.com xəbər verir ki, həmin qərarla müəyyən olunub ki, qarşılıqlı münaqişə iştirakçısı kimi çıxış edən və xəsarət yetirməyə yönəlmiş hərəkətlərə yol vermiş şəxsin yanında sonuncunun yaxın adamının qəsdən həyatdan məhrum edilməsi xüsusi amansızıq kimi qiymətləndirilə bilməz.

Ali Məhkəmə aşağı məhkəmələrin şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işini araşdırıb.

İşin halları belə olub:

Məhkumla zərərçəkmiş şəxs və onun qohumu arasında mübahisə 18 iyun 2021-ci il tarixdə avtobusda başlanıb (zərərçəkmiş şəxs tərəfindən vurulması), sonra avtovağzal adlanan hissədə davam edib (qarşılıqlı münaqişə və məhkumun söyülməsi), daha sonra məhkum əldə etdiyi bıçaqla zərərçəkmişə bir dəfə zərbə vurmaqla sonuncunu həyatdan məhrum edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib, apellyasiya instansiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib, iş üzrə birinci instansiya məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Daha sonra apellyasiya instansiya məhkəməsinin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilib. Məhkum kassasiya şikayətini onunla əsaslandırıb ki, onun zərərçəkmiş şəxsin öldürülməsində ifadə olunmuş əməli düzgün tövsif olunmayıb, ona həddindən artıq ağır cəza təyin edilib, yüngülləşdirici hallar nəzərə alınmayıb. Buna görə apellyasiya instansiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edib.

Kassasiya instansiya məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası göstərib ki, Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirkarın CM-in 122.1-ci maddəsində təsvir edilən zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar güclü ruhi həyəcan (affekt) vəziyyətində olması və belə vəziyyətin məhz qəflətən baş verməsi tələb olunur. İş üzrə təsvir edilən faktiki hallarla məhkum zərərçəkmişi öldürərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olmaması müəyyən olunub ki, bu da onun hərəkətlərinin Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə tövsif edilməsini istisna etməklə, məhkumun kassasiya şikayətində istinad etmiş olduğu dəlilin əsasız olmasına dəlalət edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edib ki, məhkəmələr tərəfindən məhkumun zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı qisas almaq məqsədilə qəsdən öldürməsi faktı əsaslı şəkildə müəyyən edilsə də, həmin xüsusata düzgün hüquqi qiymət verilməyib, zərərçəkmişin hadisə yerində olan qardaşı oğlunun gözü qarşısında öldürülməsi cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət edən hal kimi qiymətləndirilib və bunun nəticəsi kimi məhkumun zərərçəkmişi qəsdən ödürməsində ifadə olunmuş cinayət əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunub.

Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Yəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə).

Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər”.

Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin mənasına görə, qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxslərin qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Eyni zamanda nəzərə alınmalıdır ki, törədilən cinayətin yeri, vaxtı, üsulu, şəraiti, iştirakçıların sayı və sair əlamətlər təqsirkarın qəsdinin istiqamətinə təsir edən amil kimi çıxış edir. Hazırkı işin şərh edilən məsələ ilə əlaqədar müəyyən olunmuş hallarından görünür ki, məhkum nə şahidi, nə zərərçəkmişi, nə də ki sonuncular onu tanıyıb, aralarında heç bir ədavət olmayıb. Baş vermiş mübahisəni aydınlaşdırmaqdan ötrü məhkum yolun kənarında dayanmış zərərçəkmiş və şahidə yaxınlaşaraq şahidin hansı səbəbdən onu vurmasına dair verdiyi suala sərt cavab verməsi nəticəsində sonuncunun baş nahiyəsindən yumruqla bir dəfə zərbə vurmasına cavab olaraq zərərçəkmiş və şahid onun üzərinə hücum edərək bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla zərbələr vuraraq və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetiriblər, onu təqib ediblər, habelə oradan qaçan zaman sonuncular onun arxasınca nalayiq küçə söyüşləri söyüblər (sübutların qiymətləndirilməsi haqqında qərar, video disk).

Hadisələrin baş vermə mexanizminə diqqət etdikdə həm şahid, həm də zərərçəkmişin hadisənin əvvəlindən sonuna qədər münaqişə tərəfi kimi çıxış etmələrini, sonuncuların bir-birinin yanında olmaqla məhkumla qarşılıqlı münaqişə halında olmalarını görmək mümkündür. Göründüyü kimi, şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı məhkumun qəsdi hadisə baş verən anda əllərində bərk küt əşyalar olmaqla ona xəsarət yetirə biləcək şəxslərdən intiqam almaq olmuş və işin faktiki halları ilə onun özünün hərəkətləri ilə münaqişə iştirakçısı şahidin sonuncunun əmisini qəsdən həyatdan məhrum etməklə əzab və iztirab verə biləcəyini görməsi və ya dərk etməsi ümumiyyətlə müəyyən olunmayıb. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edib ki, cinayətin bilavasitə törədilməsi zamanı məhkum zərərçəkmiş şəxsə onun qardaşı oğlu - hadisənin aktiv iştirakçısı olan şahidin yanında bıçaqla xəsarət yetirməsi sonuncuya iztirab vermək kimi niyyəti ilə deyil, onu daha əvvəl təhqir etməklə ona şiddət göstərmiş şəxslərdən intiqam almaq niyyəti ilə tam əhatə olunub, onun həmin anda niyyətinin sadəcə zərərçəkmiş şəxs və onun yanında olan şahiddən qisas almaq olması yuxarıda göstərilən xüsusatlarla tam olaraq öz təsdiqini tapır. Belə olan halda məhkum zərərçəkmişi münaqişənin digər aktiv iştirakçısı olan, həmin anda əlində bərk küt əşya olmaqla hər an məhkuma xəsarət yetirmək ehtimalı olan, artıq münaqişə zamanı hadisələrin gedişatı nəticəsində həm özünün, həm əmisinin, həm də məhkumu xəsarət ala bilməsi və ya hadisənin daha ağır nəticələrlə başa çatması ehtimalını görməklə gözə alan şahidin yanında öldürməsinin məhz zərərçəkmiş şəxsin yaxınına xüsusi iztirab vermək, yaxud zərərçəkmiş şəxsin yaxınlarına xüsusi iztirab yetirdiyini dərk edərək onu həyatdan məhrum etmək kimi qiymətləndirilməsi və bununla da məhkumun istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsi istisna olunur.

Sadalananları nəzərə alaraq kollegiya hesab edib ki, məhkəmələrin məhkumun əməlini Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə, yəni onun qəsdinin zərərçəkmişin hadisə yerində olan qardaşı oğlunun gözləri qarşısında ona iztirab verdiyini dərk etməklə zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlməsi ilə bağlı qənaətləri - Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin dispoziyası və onun təfsirinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə uzlaşan nəticə kimi qəbul edilə bilməz. Bu isə onu deməyə əsas verir ki, məhkumun şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə bağlı qisas almaq məqsədi ilə zərərçəkmişi öldürməsi ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görüb, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi mövcud olub ki, qeyd olunan əməl cinayət olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tam əhatə olunur. Odur ki, məhkumun cinayət əməlinin hüquqi tövsifi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə dəyişdirilməli və həmin maddə ilə Məhkum Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq – törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti (o cümlədən, himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi, həmçinin ağırlaşdıran halların olmaması nəzərə alınmaqla), cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

Məhkəmə kollegiyası hesab edib ki, məhkuma həmin cəzanı təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə çatmaq mümkündür. Təsvir olunanlar məhkumun kassasiya şikayətinin məhkəmə kollegiyası tərəfindən qəbul edilən dəlillər hissəsində əsaslı olduğunu, məhkəmələr tərəfindən mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir.

Məhkəmənin bu işlə bağlı yekun aktı belə olub:

Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə kassasiya şikayəti qismən təmin edilib. Apellyasiya instansiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilib. Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilib, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkuma 13 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu xülasə məhkəmə qərarının anlaşılan olmasında yardımçı olmaq məqsədilə tərtib edilib və məhkəmə qərarının tərkib hissəsi olmamaqla onun qısa mətnini təşkil edir. Yalnız məhkəmə tərəfindən qəbul edilmiş və tərtib edilmiş məhkəmə aktı rəsmi sənəddir və rəsmi olaraq yalnız ona istinad edilə bilər.

Məhkəmə aktının tam mətni ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz. 

https://sc.supremecourt.gov.az/storage/Cinayet/2023/1_1361+03.10.2023.pdf

Oxşar xəbərlər