Homepage / “Qorxudan evimizdə otura bilmirik” – Cəlilabad sakini torpağının qanunsuz olaraq zəbt edildiyini deyir / FOTO, VİDEO

“Qorxudan evimizdə otura bilmirik” – Cəlilabad sakini torpağının qanunsuz olaraq zəbt edildiyini deyir / FOTO, VİDEO

Cəlilabad rayonunun Zərbəli kənd sakini Məmmədov Hüseyn Qulam oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərilib. Vətəndaş iddia edir ki, onun mülkiyyətində olan torpaq sahəsinin 3 hektarını kənd nümayəndəsi Səfərov Hüseyn Qürbət oğlu qanunsuz şəkildə zəbt edib:

“Mən, Məmmədov Hüseyn Qulam oğlu, yazaraq bildirirəm ki, çıxarışlı torpaq sahəm var, 30 ildir əkib-becərirəm. Gülməmmədli kənd sakini Səfərov Hüseyn Qürbət oğlu bizim pulla kəndin 50 faizini alıb. Onun aldığı 1,19 ha torpaq sahəsinin qırağında bizim torpaq vardı. İndi mənim əkilmiş taxıl sahəmə girib. Pul hesabına mütəxəsis də dəvət ediblər, deyirlər ki, sənin yerin artıqdır.

Hüseynin tanışı Siracın xalası oğlu Əmlak Komitəsinin sədridir. Mir Cəlal müəllimin köməkliyi ilə torpağa yeni çıxarış almaq, ölçüsünü dəyişmək Səfərov Hüseyn üçün problem deyil. Bir də bu işdə Mir Cəlalın qohumu, 8 saylı Cəlilabad Ərazi İdarəsinin müdiri Əbiyev Adilin adını çəkirəm...”.

Rəsmi qurumlara müraciət etdiyini deyən torpaq sahibi bir nəticə əldə etmədiyini vurğulayır:

“8 aydır ora-bura yazıram. Nazirliklərdən incimirəm, rayona bildiriş göndərirlər, rayon “hər şey qaydasındadır” deyə yazır. Mənə isə bildirirlər ki, nə qədər yazırsan, yaz, mən “sumka” ilə pul verirəm, sənin yazmağın heç nə verməz. 11 dəfə yerimi qeyri-qanuni şəkildə ölçdürüb.

Səfərov Hüseynin 2 qardaşı və bir oğlu polis işləyir. Buradan kiminsə adı ilə böyük torpaq sahələri alıb. Təkcə min hektar əraziyə noxud əkib. Bu pul haradandır? Səfərov Hüseyn İrandan maliyyələşir, polis qardaşları da ona himayədarlıq edir.

Bir vətəndaş kimi, bilmək istəyirəm ki, Səfərov Hüseyn kimdir? “Day-dayı” kimdir?

Cəlilabad Rayon Prokurorluğuna teleqram vururam ki, məni qəbul etsin, amma qəbul etmirlər. Cəlilabad Rayon Polis Şöbəsində də məni dinləmirlər”.

Şikayətçi gileylənir ki, Səfərovlar ailəsi ilə arasında gedən ədavətə görə, oğlu qanunsuz şəkildə həbsdədir:

“Qanunun yerinə yetirilməsini tələb edirəm. Bu Səfərov Hüseyn saxta sənədlərlə iş görür. Oğlumu girov götürüb, 2 aydan çoxdur, Kürdəxanıdadır. Balaca oğlan o boyda Hüseyni vura bilər? Ümumiyyətlə, Cəlilabadda kimsə bu adamı vura bilər? Oğlum xəstə uşaqdır. Müstəntiq bunların boy və çəki fərqini görmür? Oğlum Hüseynin barmağını necə qıra bilər? Abdullayev Şahin Sabirabaddan gəlib, orada baş müstəntiq işləyirdi, bizə “Əzrayıl” gəlib. Həmişə piyandır, gələni içəri itələyir”.

Səfərov Hüseyn torpağının ətrafındakı başqa əraziləri də zəbt edib. Mənə deyir ki, pencəyini götür, çıx get. Qorxudan evdə qala bilmirik. Bu adam türmədə olub, savadsız adamdır, 5 ildir qanunsuz olaraq kənd icra nümayəndəsi işləyir. Prezidentdən rica edirəm ki, bu adam və qardaşları araşdırılsın”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Facebook-da paylaş
13-07-2024, 12:00
Go back