ABŞ Konqresinin üzvü və ermənipərəst mövqeyi ilə tanınan Rob Menendez Türkiyəni HƏMAS-a dəstək verməkdə ittiham edərək, Vaşinqtonda gizli brifinq çağırışı edib. Menendez, NATO üzvü olan Türkiyənin “şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun davranmadığını” iddia edir.
Konqresmen Menendez bildirib: “HƏMAS liderlərinin Türkiyəyə köçürülməsi ilə bağlı xəbərlər dərin narahatlıq doğurur. NATO üzvü kimi Türkiyə ən yüksək şəffaflıq və hesabatlılıq standartlarına uyğun olmalıdır. Buna görə də həmkarlarımla birlikdə gizli brifinq çağırdım ki, baş verənləri araşdıraq.”
Menendezin bu açıqlaması Türkiyəni beynəlxalq arenada hədəfə çevirmək cəhdi kimi qiymətləndirilir.
Məlumatlara görə, Menendezin rəhbərlik etdiyi bu kampaniyada həm demokrat, həm də respublikaçı qanunvericilər iştirak edir. Onlar prezident Co Baydenin administrasiyasına müraciət edərək, Türkiyənin HƏMAS-a dəstək iddialarını araşdırmaq üçün gizli brifinq keçirilməsini tələb ediblər. Bu məqsədlə dövlət katibi Entoni Blinken və Milli Kəşfiyyat direktoru Evril Heynsə məktublar ünvanlanıb.
Türkiyə tərəfi Menendezin bu iddialarını qərəzli və siyasi motivli olaraq qiymətləndirir. Ekspertlərin fikrincə, Menendezin ermənipərəst mövqeyi və Yaxın Şərqdə balanssız siyasət izləməsi onun Türkiyəyə qarşı bu cür təzyiqlərini izah edir.
Bu hadisə, ABŞ Konqresində bəzi dairələrin Türkiyəyə qarşı təzyiqi artırmaq üçün həssas mövzular üzərindən manipulyasiya etdiyini göstərir. Türkiyənin regional güc mövqeyini zəiflətmək məqsədilə bu cür addımların atıldığı açıq-aydındır.
Musavat.com olaraq məsələ ilə bağlı yeni inkişafları izləməyə davam edəcəyik.
Musavat.com