Homepage / Hərbi İnstitutun müəllimi dövləti BELƏ ALDADIB - Zabiti keçmiş qayınatası ələ verdi

Hərbi İnstitutun müəllimi dövləti BELƏ ALDADIB - Zabiti keçmiş qayınatası ələ verdi

Hərbi məktəbin müəllimi komandanlığa yalan məlumat verərək kirayə mənzildə yaşamaq adı ilə 14 ay kompensasiya alıb.

Musavat.com qafqazinfo-ya istinadla xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda kapitan rütbəsində xidmət edən Elyasovun hesabına müxtəlif aylarda 200, 225 və bəzi aylarda 300 manat pul köçürülüb.

Sonradan məlum olub ki, hərbi müəllim əslində arvadı və uşağı ilə birgə Xətai rayonunda, atasının adına olan evdə yaşayıb. O, kirayə pulu almaq üçün isə əmisinin evində qalması ilə bağlı müqavilə bağlayıb.

Elyasov 1 il 2 ay ərzində dövlətdən 3 min 765 manat kompensasiya alıb.

Bu əməlinə görə o, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş arvadı və qayınatası da ifadə verib. Onların dedikləri ilə verilmiş ittiham bir daha təsdiq edilib. Qayınata bildirib ki, keçmiş kürəkəninin atasına məxsus evdə qaldığı halda dövlətdən kirayə pulu aldığını qızının boşanma prosesində öyrənib. Bundan sonra özü də şəxsən aidiyyəti üzrə şikayət edib.

İstintaq dövründə təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. Buna görə institut mülki iddianı geri götürüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elyasov 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvədə saxlanılıb.

30-11-2024, 17:00
Go back