Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində müəyyən edilən kvadrokopter bölmələrin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.
Ermənistanın Azərbaycan üçün düşmən ölkə olduğunu vurğulayan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, onlar, hələ də sülh sazişindən müxtəlif bəhanələrlə yayınırlar:
“Azərbaycan tərəfi torpaqlarını azad etdikdən sonra üçtərəfli saziş imzalansa da, Ermənistan təxribat xaraxterli hərəkətlərinə davam edib. İndi isə sülh müqaviləsinin imzalanması ilə bağlı intensivlik azalıb. Xaricdən, xüsusilə də Fransadan Ermənistana ciddi təhriklər var. Həmin qüvvələr Azərbaycan-Ermənistan arasında sülh sazişini istəmirlər və prosesi yubadırlar. Belə olan halda isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin manevrlərini, yerləşmə məntəqələrini və texniki avadanlıqlarını öyrənmək üçün bu cür kəşfiyyat tədbirləri həyata keçirirlər”.
Ç. Qənizadə söyləyib ki, sülh müqaviləsinə hazırlaşan bir dövlət təxribat xarakterli addımlardan çəkinməlidir:
“Görünən odur ki, Ermənistanın niyyəti tamamilə fərqlidir. Ona görə də Azərbaycan ordusu həmişə olduğu kimi öz ayıq-sayıqlığını saxlamalı və düşmənin ən kiçik provakasiyasına operativ cavab verməlidir. Hazırda Qərb tərəfindən Azərbaycana qarşı təzyiqlərin baş alıb getdiyi bir məqamda ölkədəki sabitlik qorunmalıdır. Bizim birliyimiz dövlətimizin və xalqımızın qələbəsidir. Ona görə də bu qələbə naminə öz birliyimizi əldə saxlamalıyıq”.