“Molla”, “aftafa” deyib lağ etsək də, İran dünyada və regionda baş verən proseslərə çox tez adaptasiya olur. Pezeşkianın İranda prezident seçilməsinə də bu yöndən baxıram”.
Globalinfo.az bildirir ki, bunu hərbi ekspert Səxavət Məmməd deyib.
Onun sözlərinə görə, regionda çox qəribə hadisələr cərəyan edir:
“Bu hadisələrin lokomotivi kimi də Azərbaycan görünür. Xüsusilə Türk Dövlətlər Təşkilatının (TNT) formalaşması İranın diqqətini çəkməyə bilməzdi. İran dərhal cild dəyişiminə getdi. İran dövlətçiliyi ətrafında gedən proseslərə reaksiya verdi. İran türk libası geyinərək siyasətini davam etdirəcək.
İrandan təkcə Azərbaycan türkləri ilə yanaşı, çoxlu sayda türk tayfaları yaşayır. Yəni, İran bu dəyişiklikdən sonra çıxıb “ən böyük türk dövlətlərindən biri bizik” desə, qətiyyən təəccüblənməyəcəm. Cəlilinin seçilməsi o demək olacaqdı ki, İran ənənəvi siyasətini davam etdirəcəkdi. Ənənəvi olana qarşı mübarizə aparmaq isə çətin deyil. Gələcək təhlükəni də bilirsən, təhlükəyə qarşı quracağın müdafiəni də. Pezeşkianın seçilməsi isə bir çox şeyləri sıfırlayacaq”.
Ekspert bildirib ki, İran dinlə Azərbaycana lazımı qədər yerləşə bilib:
“Nədənsə İran adı gələndə ağıla ilk Nardaran gəlir, hesab edirəm ki, Gəncə daha çox diqqətimizi çəkməlidir. Təkcə Azərbaycana yox, İran Azərbaycanın başının üstündən Gürcüstandakı azərbaycanlılara nüfuz edə bilib. İranda da başa düşürlər ki, dinlə bir yerə qədər getmək olar. Ona görə də, milli məsələni qabartmaq daha effektivdir. Beləcə din və milli amil paralel irəliləyəcək.
Pezeşkian seçki kampaniyası ilə artıq bir çoxlarının rəğbətini qazanmış oldu. Əgər İran dövlətinin məqsədi həqiqətən də budursa, Pezeşkianın təşəbbüsü ilə İranda azərbaycanlılarla bağlı islahatların şahidi olacağıq. Prosesi hətta Azərbaycanda yaşayanların cənubdakılara həsəd aparacağı həddə də gətirə bilərlər. Bunun baş verəcəyi təqdirdə, məncə, ssenariləri sadalamağa gərək yoxdur”.
Səxavət Məmməd deyib ki, Qarabağ Azərbaycan xalqı üçün bir növ ideologiya, hədəf idi:
“Qələbə nəticəsində hədəfə çatıldı, ideologiya isə gündəmdən düşdü. Azərbaycan xalqına yeni hədəf, yeni ideologiya lazımdır. Əgər bu hədəfi Azərbaycan özü müəyyən etməsə, boşluğu dolduracaq qüvvələr çox olacaq”.