Homepage / “Azərişıq” dövlət satınalmalarını “Harmony İndustrial Group” MMC ilə rəsmən işbirliyinə çevirib

“Azərişıq” dövlət satınalmalarını “Harmony İndustrial Group” MMC ilə rəsmən işbirliyinə çevirib

Qanunlarda bir çox dəyişiklik edilməsinə baxmayaraq son vaxtlar Azərbaycanda dövlət qurumları tərəfindən təşkil olunan satınalmalarda qalib olan müxtəlif, mənası bilinməyən adlara malik şirkətlər barədə çox yazılıb. Belə, ancaq adı məlum şirkətlərin böyük əksəriyyətinin arxasında gözəgörünməz qüvvələrin olduğu barədə də həmçinin. Yəni, bu gün heç kimə sirr deyil ki, adlarından başqa demək olar, heç nəyi olmayan belə MMC-lərə hər həftə bir və ya bir neçə satınalmaların qalibi olmağa şərait yaradanlar var. Buna da çox vaxt dövlət qurumları rəvac verir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində olduğu kimi.


Azərişıq ASC-də bu işlərin başında sədrin səlahiyyətlərini icra edən Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovun durduğu bildirlir. Mediada yayılan məlumatlara görə Kamil Hüseynov tender keçirilməzdən əvvəl ona yaxın şəxslərin vasitiçiliyi ilə görüşlər keçirir, bütün detalları müzakirə edib, ona (dövlətə yox ha… ona) sərf edən şirkətləri tenderlərdən qalib çıxarır. Sonrakı etapları da xırdalamağa zənnimizcə ehtiyac yoxdu.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Cəbrayıl rayonu Horovlu, Şükürbəyli kəndlərinin və Xudafərin qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri üzrə 24.04.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və 13.06.2024-cü də dövlət satınalmalarının internet portalında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.010.611,14 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını elan edib.
Qeyd edək ki, bu “Azərişıq” ASC-nın sözügedən şirkətlə bağladığı ilk satınalma müqaviləsi deyil. “Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin” təkliflər sorğusu üsulu ilə satın alınmasına dair keçirilmiş müsabiqənin də qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC şirkəti olunmuş və 18.10.2023-cü ildə müvafiq satınalma müqaviləsi bağlanmışdır. Satınalma müqaviləsinin dəyəri 7.132.240,66 manat təşkil edib.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə qədər satınalmaların qalibi olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 165 010 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 52, m. 20, qanuni təmsilçisi kimi isə Orucov Əlövsət Bilal oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC daha çox Səhiyyə Nazirliyinə tabeli qurumlarla təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.
Qeyd edək ki, bunlar “Azərişıq”ASC-nin sözügedən MMC ilə bağladığı ilk satınalma müqavilələri deyil. Səhmdar Cəmiyyət hələ 14.11.2022-ci ildə Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işləri üzrə MMC ilə 2.309.877,64 manat dəyərində, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması üzrə isə 934.796,5 manat məbləğində bir satınalma müqaviləsi isə 26.12.2022-ci il tarixlərində bağlanıb.
Aktualinfo.org-un hələ yanvar ayında apardığı araşdırmada məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq etmişdir. Hələ cari ilin yanvar ayında apardığımız araşdırma zamanı MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi olub və vergi borcu ilə birgə üzərində 3 974 748.04 manat vergi öhdəliyi olub. Hazırda Dövlət Vergi Xidmətinin məlumat bazasında MMC-nin heç bir vergi borcu olmadığı görsənir. Lakin bu heç də MMC-nin riskli vergi ödəyicisi şübhəsini azaltmır.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan da görsəndiyi kimi MMC məhz vergi borclarına görə 2024-cü ilin yanvar ayından heç bir satınalmalarda iştirak edə bilməyib. Maraqlıdır, son 5 ayda heç bir satınlmada iştirak etməyən MMC 4 milyon manat civarında olan vergi borcunu necə ödəyə bilib?
Daha çox Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrində liftlərə texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalmalarının qalibi olan MMC-yə indi “Azərişıq”ASC-də yaşıl işıq yandıran görəsən kimdir. ASC-nin rəsmiləri satınalma müqaviləsi bağladığda bu MMC-nin başdan ayağa risk olduğunu görməyiblərmi?
Qeyd edək ki, elektron mediada 20 iyul 2023-cü ildə yayılmış məlumatlarda “Harmony İndustrial Construction and Engineering Group” MMC -yə iqtisadi fəaliyyət əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslərə tətbiq edilir.
Göründüyü kimi bu MMC-nin adı bir sıra şübhəli maliyyə əməliyyatlarında hallanır. “Azərişıq” rəsmiləri isə dövlət satınalmalarını bu MMC ilə rəsmən işbirliyinə çevirib. İndi kim zəmanət verə bilər ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sözügedən MMC ilə 10 milyon manatdan çox dəyəri olan bir satınalma müqaviləsi bağlaması da qeyd etdiyimiz şübhəli maliyyə əməliyyətlarından biri deyil? İndi kim zəmanət verə bilər ki, bağlanan bu 10 milyon manatlıq satınalma müqaviləsinin arxasında gizli maliyyə əməliyyatları dayanmır?

Aktualinfo.org

21-06-2024, 12:43
Go back