TRİBUNA / BANNER

Əgər bu baş verərsə, bayrağımızın Xankəndidə ucaldılması üçün... - Çingiz Qənizadə

post-img

“Hakimiyyətdə olan Nikol Paşinyan və yerinə gələ biləcək digər şəxslər da eyni düşüncənin insanlarıdır. Hətta Azərbaycana qarşı sülh sazişi imzalamaq istəyənlər də qəlblərində bizə qarşı kin və nifrəti tamamilə kənarlaşdıra bilməyiblər. Ona görə də əgər Ermənistanda siyasi hakimiyyətin dəyişməsi ilə reallaşa biləcək hansısa hərəkətlər baş versə, o zaman Azərbaycan öz ərazisində təhlükəsizliyini təmin etməyə və Xankəndidə Azərbaycan bayrağının ucaldılması üçün addımlar atmağa məcbur olacaq”.

Bu fikirləri Publika.az-a müsahibəsində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ç.Qənizadə müsahibəsində gündəmi dəyərləndirib və bir sıra maraqlı fikirlər səsləndirib. 

Müsahibəni təqdim edirik:

Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirdi ki, dövlət məmurları şəhid ailələrinin qayğıları ilə maraqlanmalıdır, bu, hər birimizin borcudur. Bu gün məmurların şəhid ailələrinə və qazilərə münasibətini necə qiymətləndirirsiniz?



- Bu, artıq Azərbaycanın dövlət siyasətidir. Biz şəhid ailələrinə və qazilərə həyatımız boyu borcluyuq. Çünki Qarabağ sevincini bizə yaşadan, torpaqlarımızı qaytaran bu ailənin üzvləridir, Ali Baş Komandan başda olmaqla ordumuzun qəhrəman əsgərlərimizdir. Ancaq ayrı-ayrı hallarda görürük ki, müəyyən fərdlər tərəfindən narazılıqlar var. Bu cür hallar, diqqətdən yayınmalar və s. bəzən ola bilir. Ancaq bu da olmamalıdır. Cənab Prezident mayın 2-də Sabunçuda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında da qeyd etdi ki, hər bir dövlət məmuru onlara qarşı diqqətli olmalıdır, həmin ailələrin yanında olmalıdır. Bu, artıq cənab Prezidentin həm siyasi kursu, həm də ciddi göstərişidir. Hesab edirəm ki, Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı dünyada bəlkə də bir nümunədir. Bu nümunənin davam etdirilməsi və bu imicə zərbə vuracaq hallara yol verilməməsi üçün məmurlar bu məsələdə ciddi olmalıdırlar. Şəhid və qazi ailələrinə olan diqqət və qayğını nəinki artırmalı, hər an, hər zaman onları diqqətdə saxlamalı və gözdən qaçırmamalıdırlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın bu siyasəti və Prezidentin bu yöndə tapşırıqları məmurlar üçün bir tələbdir və bunu dəyərləndirəcəklər.


- Ötən gün Zəngilan şəhərinin Baş planının ilkin versiyası Prezidentə təqdim olundu. Ölkə başçısı bu kontekstdə Zəngilanın bərpasından, Zəngilan Beynəlxalq Hava Limanının tikintisindən danışdı. Zəngilanın timsalında Qarabağın bərpası və yenidən qurulması ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etdi və dövlət başçısı bir sıra vacib açıqlamalar verdi, Zəngilanın bərpasından danışdı. Qarabağda həqiqətən də misli görünməmiş işlər gedir. Nəzərə alsaq ki, bütün bunların hamısı Azərbaycan dövlətinin öz büdcəsi hesabına həyata keçirilir. Qısa zamanda Şuşaya yol çəkilişi, Füzuli Hava Limanının tikilib başa çatdırılması, hazırda Zəngilanda yeni beynəlxalq hava limanının inşası ilə bağlı atılan addımlar, Ağdamda görülən işlər, ərazilərin minalardan təmizlənməsi prosesi, “Ağıllı kənd”in reallaşması Böyük Qayıdışa hesablanan addımlardır. Hesab edirəm ki, əgər bizə kənardan ciddi dəstək olsaydı, ən azı ərazilərin minalardan təmizlənməsi prosesində müəyyən fondlar, qeyri-hökumət təşkilatları dəstək göstərsəydilər və bu sahədə ixtisaslaşmış xüsusi təşkilatlar təkcə biznes marağı ilə deyil, həm də humanist yanaşma ilə bizə çox baha olmayan xidmətlər göstərməyə razılaşsaydılar, daha yaxşı olardı. Ancaq biz bu məsələdə də öz gücümüzə arxayınıq və cənab Prezident bunu dəfələrlə qeyd edib. Zəngilana yeni təyin olunan xüsusi nümayəndəni qəbul edərkən dövlət başçısı bildirdi ki, bu rayonda bir dənə də olsun salamat tikili yoxdur. Böyük bir rayon və onun kəndləri yerlə yeksan olubsa, onların bərpası təsəvvürə belə sığmır. Qarabağın bərpası və yenidən qurulması çox böyük sərmayə tələb edən bir prosesdir. Ancaq yenə də Prezident İlham Əliyev qeyd edir ki, biz öz gücümüzlə Qarabağı bərpa edəcəyik və Böyük Qayıdışı reallaşdıracağıq. Tədricən köç prosesinin başlanmasını gözləyirik. Ümid edirik ki, Azərbaycan bu çətin sınaqdan üzü ağ çıxacaq.


- İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də bu məsələyə toxunmuşdu və bildirdi ki, İkinci Dünya müharibəsindən sonra Amerika Avropa üçün Marşal planı hazırlayıb. Yəni əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Sizcə, bu gün Qarabağın bərpası və minalardan təmizlənməsi üçün ayrılan yardım paketləri ədalətlidirmi?

- Bərpanı bir tərəfə qoyuruq, humanitar məsələlərdən olan ərazilərin minalardan təmizlənməsi prosesində belə bizə kifayət qədər dəstək yoxdur. Avropa İttifaqı Ermənistana 2.6 milyard avro pul ayırıb, ancaq Ermənistan ərazisində kiçik bir mağaza belə zədələnmədiyi halda, Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisi həm minalanıb, həm də yerlə yeksan olunub. Bizə isə Aİ 140-160 milyon civarında pul ayırır. Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin haqlı narazılığından sonra əlavə olaraq minaların təmizlənməsi üçün 5 milyon pul ayrılıb. Bu, çox cüzi vəsaitdir və bu məsələyə təsir edəcək bir miqdar deyil. Hesab edirəm ki, 2.6 milyard avro Azərbaycana ayrılmalı idi. Nəzərə alsaq ki, onun da müəyyən hissəsi qrantdır və Ermənistana əvəzsiz verilir. Təcavüzə məruz qalan, ərazisi işğal olunan və vandalizm nəticəsində darmadağın olunan böyük bir ərazi bizdə olduğu üçün bu, Azərbaycana verilməli idi. Müharibədən kənarda yerləşən yaşayış məntəqələrimiz, mülki infrastruktur da zərər görüb. Müharibə bölgəsindən kənarda olan Bərdə, Gəncə, Goranboy, Tərtərdə xeyli dağıntılar törədilib. Bütün bunlara baxmayaraq, yenə də beynəlxalq təşkilatlar Ermənistan üçün 2.6 milyard avro pul ayırıblar. Bu, yanaşmadır. Yəni, Azərbaycana kömək etmək istəmirlər. Bir neçə dövlət var ki, kiçik də olsa sərmayə qoymağa razılaşırlar. Cənab Prezident dəfələrlə bəyan edib ki, gəlin, sərmayələr qoyun, bunun üçün dost ölkələrə, sahibkarlara müraciət olunub. Ancaq Türkiyədən başqa heç bir dövlət bu məsələdə yanımızda deyil. Minaların təmizlənməsi prosesində də Türkiyə bizə yaxından dəstək göstərir. Dünyadakı bu cür ədalətsiz yanaşmalar sonra özlərinin başında çatlayır. Ukrayna və Rusiya məsələlərinə baxın, NATO və Rusiya, Avropa ilə Rusiya üz-üzə qalıb. Əvvəllər ikili standartları başqa ölkələrə tətbiq etməsəydilər, təcavüzkar vaxtında cəzalandırılsaydı, bu cür qanlı hadisələrin başlanmasında maraqlı olmazdılar və bu yöndə addımlar atmazdılar.


- Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və başqa qiymətli metallar yataqlarını vəhşicəsinə istismar edib. Zəngilanda Vejnəli qızıl yatağı buna nümunədir. Dövlət başçısı bu qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edildiyini, bunun onlara baha başa gələcəyini bildirdi. Vurulmuş ziyanın təzminatını ödəmək və digər hüquqi məsələlərlə bağlı beynəlxalq müstəvidə hansı addımları ata bilərik?

Dünyada 20-dən artıq şirkət qanunsuz olaraq Qarabağda yeraltı və yerüstü sərvətlərimizin talanması ilə məşğul olub. Xüsusilə də Zəngilanda Vejnəli qızıl yatağının istismarı ilə bağlı məsələlər uzun illər bizim tərəfimizdən deyilsə də buna əhəmiyyət verilmədi. İşğal dövründə bu yataqdan xarici şirkətlər bəhrələnirdilər. Amma onu da nəzərə alaq ki, bu gün Ermənistanda küçələrə çıxan və Qarabağ deyən Koçaryanlar, Sarkisyanlar məhz bu şirkətlərlə cinayət əlaqələri yaradaraq, öz paylarını alaraq işğal etdikləri ərazilərdə bu yataqlardakı qızılın istismarı və xaricə satılması ilə məşğul olublar bunun sayəsində varlanıblar. Ona görə də cənab Prezident dedi ki, biz onların adlarını bilirik və bu qanunsuz əməllərinə görə təzminat ödəyəcəklər. Bununla bağlı müvafiq dövlət qurumlarımız iş aparır, qiymətləndirmə prosesi gedir. Hesab edirəm ki, biz təkcə dağıdılan şəhər və kəndlərimizə görə deyil, həm də istismar olunan təbii, yerüstü, yeraltı sərvətlərimizə görə bu istismarda iştirak edən şəxslər və təşkilatları da məsuliyyətə cəlb etmək, təzminat almaq üçün beynəlxalq məhkəmələr qarşısında iddialar qaldıracağıq. Bununla bağlı da qiymətləndirmə prosesi davam edir.


- Prezident çıxışında Zəngəzur dəhlizindən də danışdı və dəhlizi artıq reallıq adlandırdı. Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün nə qazandıracaq?

 - Cənab Prezident bildirdi ki, artıq Zəngəzur dəhlizi reallığa çevrilir. Təbii ki, artıq Azərbaycan bunun alternativini hazırlayıb, İran ərazisindən keçən bir dəhliz mövcuddur. Zəngəzur dəhlizi ilə bağlı dövlətimiz öz üzərinə düşən işləri görüb, dəmir yolu, 4 və 6 zolaqlı avtomobil yolunun çəkilişi davam edir. Cənab Prezident mesaj verdi ki, Zəngəzur dəhlizi reallığa çevrilib. Bu, o deməkdir ki, Ermənistan tərəfi Avropa İttifaqı ilə görüşlərdən, Rusiyaya hesabat verdikdən sonra, Nikol Paşinyanın timsalında hər dəfə də burnu qızararaq geri qayıtdıqdan sonra bu dəhlizin açılmasında maraqlı olacaqları görünür. Onlar başa düşməlidirlər ki, bu, təkcə Azərbaycan üçün lazım deyil, eyni zamanda Cənubi Qafqazda iqtisadiyyatın güclənməsinə, Ermənistan iqtisadiyyatının dirçəlməsinə, erməni dövlətinin sosial problemlərinin həlli üçün onun iqtisadiyyatının yaxşılaşmasına xidmət edir. Həmçinin, Zəngəzur dəhlizi Rusiya ilə Türkiyəyə çıxışı, eyni zamanda İrana çıxışı, İran ilə Ermənistana çıxışı, yəni müxtəlif formatlarda əlaqələrin inkişafına xidmət edən bir dəhliz olacaq. Buradan təkcə Azərbaycan və Ermənistan bəhrələnmir, 3+3 formatının üzvü olan dövlətlərin də iqtisadiyyatına müsbət təsir edəcək. Ümumilikdə, Zəngəzur dəhlizi Naxçıvan və Türkiyə vasitəsilə dünyaya çıxışı olan bir dəhliz olacaq. Bundan dünya qazanacaq. Ermənilər bunu dərk etməlidir. Ayın 2-sindən Ermənistanda başlayan mitinqlər burnunun ucundan qabağı görməyən siyasətçilərin aldadaraq, təhrik edərək küçələrə atdığı, Qarabağ iddiası ilə çıxış edən, “Zəngəzur dəhlizinə yox” deyə şüarlar səsləndirən insanların hərəkətlərinin nəticəsidir. Onlar əgər Ermənistanın gələcəyini düşünürlərsə, mütləq Azərbaycanın tələb etdiyi və ortaya qoyduğu 5 prinsiplə razılaşmalıdırlar. O prinsiplərin içərisində kommunikasiyaların, dəmir yollarının açılması öz əksini tapıb.


- İrəvanda baş verən son proseslərə sizin də baxışınızı öyrənmək istəyirik. Müxalifət bu gün küçələrə çıxaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edir və Qarabağla bağlı şüarlar səsləndirir. Sizcə, onların arxasında hansı qüvvələr dayanır və Azərbaycan nələrə hazır olmalıdır?

- Nikol Paşinyan hakimiyyətdə qalsa da, getsə də Azərbaycan hər bir ekstremal situasiyaya hazır olmalıdır. Hesab edirəm ki, bu gün dövlətimiz buna hazırdır və güclü ordumuz, güclü liderimiz var. Amma ayın 2-də Ermənistanda başlayan aksiyalar Robert Koçaryanın bilavasitə rəhbərliyi ilə və “Daşnaksütyun”un iştirakı ilə keçirilən aksiyalar Paşinyanı hakimiyyətdən salacaq gücdə deyil. Meydanlara baxanda 10-12 min insanın toplaşdığını görürük, elə bu gün də məlum olub ki, ASALA-nın ən qəddar üzvlərindən biri Ermənistan polisi tərəfindən artıq həbs olunub. Belə hesab edirəm ki, onlar əgər hansısa binaları tutmağa cəhd edəcəklərsə, çox ciddi müqavimətlə üzləşəcəklər. Nikol Paşinyan hələ gözləyir, hazırda küçələrə çıxan insanların sayı hazırkı hakimiyyəti dəyişəcək qədər deyil. Siyasi hakimiyyəti dəyişmək üçün meydanlara ən azı 100-150 min civarında insan toplaşmalıdır və bu, artan xətlə getdikcə reallaşa bilər. 10-12 min nəfərin içərisində xüsusi xidmət orqanlarının nümayəndələrinin, polislərin, jurnalistlərin də olduğunu nəzərə alsaq, təxminən 10 min nəfərlik mitinqlə hansısa hakimiyyəti dəyişmək mümkün deyil. 

Amma hakimiyyətdə olan Nikol Paşinyan da, yerinə gələ biləcək digər şəxslər da eyni düşüncənin insanlarıdır. Hətta Azərbaycana qarşı sülh sazişi imzalamaq istəyənlər də qəlblərində bizə qarşı kin və nifrəti tamamilə kənarlaşdıra bilməyiblər. Ona görə də əgər Ermənistanda siyasi hakimiyyətin dəyişməsi ilə reallaşa biləcək hansısa hərəkətlər baş verərsə, o zaman Azərbaycan öz ərazisində təhlükəsizliyini təmin etməyə və Xankəndidə Azərbaycan bayrağının ucaldılması üçün addımlar atmağa məcbur olacaq.

Oxşar xəbərlər