Müsahibə

Haqqımda ən iyrənc “hədis”lər quran bu iki şəxsdir

post-img

Yazıçı, şair Murad Köhnəqalanın Kult.az-a müsahibəsi:

- Bir zamanların məşhur Murad Köhnəqalası deyəsən, artıq yoxdur. Onu heç bir ədəbi hadisə ilə görə bilmirik. Bunun adı tükənməkdir?
- Yaxşı yadıma saldın, nə vaxtdı o Köhnəqalanı mən də görmürəm. Bir ara eşitdim, avtobuslarda iynə-sap, sənəd qabı, qələm-dəftər satır, ancaq bu yaxınlarda xəbər gəldi ki, biznesinin janrını dəyişib, “28 May” tərəfdə bərbər işləyir. Alovlu bir gənc şair bu yaxınlarda mənə dedi ki, Murad Köhnəqalanı yuxusunda görüb. Deyirdi, arxasına kotan qoşulmuşdu, asfaltı şumlaya-şumlaya gedirdi, ancaq işıqforun qırmızı işığında dayanır, yaşıl yanan kimi yenə şumlamağa davam edirdi…
İndi, əzzim Orxan, bunun adı tükənmişlikdirmi? Onda Murad tükənib!
- “Murad Köhnəqala ev də verildi, susdu” kimi iddialara Murad Köhnəqala özü nə cavab verir?
- Hə, bu cür vitaminli suala görə sənə təşəkkür edirəm. Bu əhvalatı gərək uzaqdan başlayam. Günlərin bir günü Vahid Çay Evində oturub – o vaxt Filarmoniyanın böyründəki bağda çayxana vardı, ölkənin bütün şairləri ora yığışardı - təkcənə çay içirdim. Hə, yaşadığım mənzilin kirayə pulunu hardan alacağım barədə düşünürdüm. Yanımdan ötüb keçən adamlar uzaqdan mənimlə salamlaşır, bəziləri yaxınlaşıb əl verir, hal-əhval tuturdular. Və əlbəttə ki, məni alqışlayırdılar: “Şair, o gün bir şeirini oxudum, dəhşət idi, yaz-yarat, eşq olsun! Gedirəm “Gelandevagen”imi gömrükdən gətirməyə, vaxt eləyib, bir görüşərik”; “Şair, eşq olsun, yaz-yarat, biz də feyziyab olaq! Bağ evimin lifti xarab olub, usta işləyir, tələsirəm, mütləq bir çay içərik səninlə”; “Eşq olsun vətənimizin şairinə! Şair, indicə zəng elədilər, super marketimdə bir uşaq oğurluq eləyib, tələsirəm, vaxtım olsa, qayıdıb sənə bir çay alacam!” Əlbəttə, bu sözlər qarşımdakı çaynikə dəyib ayağımın altına tökülürdü. Beynimdə fırlanan ruletkanın üstündəki “kirayə pulunu hardan alım?” sualı tez-tez gəlib önə çıxırdı…
Bu yerdə bir dənə lirik ricətə çıxmalıyam. Demək, mən 1990-cı ildə M.Qorki adına Ədəbiyat İnstitunu əyani bitirib Bakıya gəlmişəm. Bizim institut SSRİ Yazıçılar İttifaqının nəzdində olduğuna görə işlə təmin olunması üçün məzunları öz ölkəsinin Yazıçılar Birliyinə göndərirdilər. Həmin dövrün qanununa görə xaricdə əyani təhsil alan hər bir məzun gənc mütəxəss kimi mənzillə təmin edilirdi. Məsələn, məndən iki il əvvəl bitirmiş məzunlar: Səfər Alışarlı, Saday Budaqlı, Umud Rəhimoğlu, Nazim Əhmədli, Maarif Soltan Bakıda mənzillə təmin olunmuşdular. Mən məzun kimi Bakıya gələndə artıq soydaşlarımız Ermənistandan qaçqın düşmüşdü, özlərinə sığınacaq axtarırdılar. Bütün yataqxanalar, pioner düşərgələri, uşaq bağçaları, müxtəlif inzibati binalar qaçqınlarımızın sığınacağına çevrilmişdi. Bir yandan da Qarabağdan köç başlamışdı. Belə bir vaxtda mən Səbail İcra Hakimiyətindən mənzil tələb etməyə utandım. Subay adam idim, fikirləşirdim, qoy bu problemlərimiz həll olunsun, şəxsi məsələləri sonra yoluna qoyarıq. O vaxtdan düz 30 il keçdi. Beləcə, bu qədər vaxtdan sonra əziz dostum Əsəd Cahangirin həmin müraciətini saytlarda çap elədik. Prezidentə ünvanlanmış müraciətə nüfuzlu deputatlar, tanınmış ictimai şəxslər, yazıçı-şairlər, KİV rəhbərləri imza atdılar. Və nəhayət mən ikiotaqlı evlə təmin olundum. Taleyin ironiyasına bax ki, mənə mənzil verilən binanın adı “Gənc mütəxəssislərin binası”dır. Bu millət pulunu Namiq Qaraçuxurluya, Seyid Taleh Boradigahıya, Baləliyə, Manafa, Üzeyirə xərcləyir, hərəsinin altında yarım milyonluq maşın var. Ancaq dövlət bir yazıçıya mənzil verəndə “satqın” damğası üstündə hazırdı. Nolub, xarici dövlət ev verib mənə?
Bir vaxtlar Aqşin Yenisey serrozun ölüm həddinə çatanda xəstəxanalar onu götürməmişdi. Hadisəni Kəmaləddin Heydərov eşidən kimi təcili onu xəstəxanaya yerləşdirmişdi. Şair diriləndən sonra elə öz qələm dostları dedilər ki, Aqşin gərək öləydi, ancaq Kəmaləddinin dəstəyini qəbul eləməyəydi. Birincisi, onda heç Aqşinin ağlı üstündə olmamışdı, ikincisi də kiminsə hansısa məmura kini varsa, Aqşin niyə ölməlidi? Bu da məmurun yaxşılığının əvəzidi?..
- Sizin adınız AYB-AYO davasının əsas təşkilatçısı kimi hallanır. Konkret danışaq, necə oldu ki, AYO-nu AYB-yə dəyişdiniz?
- 2000-ci ilin əvvəlləriydi, artıq bir neçə il idi ki, Rusiyadan yığışmışdım, Rasim Qaraca da işlədiyi Şimali Qafqazdan Bakıya qayıtmışdı. Həmid də həmişəki kimi Bakıda yaşayırdı. Biz üç yaradıcı dost kimi tez-tez görüşürdük. Nəysə, bir gün Rasimlə bulvarda gəzişəndə dedim, gəlin yeni bir ədəbi təşkilat yaradaq. Rasim dərhal “kiminlə yaradacaqsan?” deyib razılaşmadı. Dedim, mən Moskvada avanqardların, modernistlərin poeziya dərnəklərində olmuşam, belə təşkilatlar yaradıcı adamı yeniləyir. Ətrafda xeyli sayda istedadlı gənc var, ancaq baxıram, dünyagörüşləri dardı, səhv estetikadadırlar, onlara elə gəlir, insanı yalnız kədər və ağlaşma ilə təsirləndirmək olar. Yığılmalıyıq, söhbətləşməliyik, biri-birimizdən öyrənməliyik. Nəhayət ki, Rasim razılaşdı. Dedim, gedək Həmidlə də görüşək, onu razı salmaq mənim boynuma. Həmid onda elə bulvar tərəfdə bacısıgildə yaşayırdı. Fikrimi söylədim, Həmid dərhal razılaşdı. Demək, mənim əsas ideyam nədən ibarət idi: 1. Təşkilatı rəsmi qeydiyatdan keçirmək; 2. Təşkilatın mətbu orqanını yaratmaq; 3. İstedadlı adamları təşkilat ətrafında toplamaq. Ancaq hansısa ədəbi təşkilatın üzvü olan şəxsi təşkilata qəbul etməmək; 4. Yaradıcılığımızı tərcümələrlə dünya mətbuatına çıxartmaq; 5. Təşkilat üzvlərinin xarici səfərlərini təşkil etmək; 6. Təşkilatın Bakıda tədbirlərini düzənləmək və müxtəlif ölkələrdən yaradıcı şəxsləri dəvət etmək və s. Onda mən böyük tirajla çıxan “Azadlıq” qəzetində köşələr yazırdım. Buna görə təşkilat haqda olan bütün məlumatları qəzetdə verə bilirdik. Başımıza xeyli gənc yazar toplaşdı. Təşkilatı Azad Yazarlar Ocağı (AYO) adlandırmağı təklif etdim və qəbul edildi. Mənim təşəbbüsüm və təşkilatçılığımla iki böyük toplantı keçirdik, məram-məqsədimizi açıqladıq. Bax, indi sualının nüvəsinə gəlib çıxdıq. O zaman mən bütün AYO üzvlərinə demişdim, müsahibələrimdə də bəyan etmişdim ki, biz heç bir təşkilata alternativ deyilik. Uşaqları başa saldım ki, biz AYB ilə ziddiyətə başlasaq, bütün enerjimiz onlarla didişməyə sərf olunacaq.
- Amma özünüz ən böyük AYB tənqidçilərindən idiniz…
- Mən AYO yaranana qədər AYB-nin üzvü idim. AYO rəsmi elan olunduqdan sonra ərizəmi yazıb AYB sıralarını tərk etdim. Çünki AYO üzvü olan şəxs digər ədəbi təşkilatın üzvü ola bilməzdi. Bu qanunu mən özüm israrla AYO-nun hələlik yazılmamış nizamnaməsinə salmışdım. Sonra biz yavaş-yavaş əməli işlərə başladıq. Mən AYO üzvlərinin kitablarını “Adiloğlu” nəşriyatında “AYO-nun kitabxanası” seriyası ilə çap etdirirdim. Eləcə də AYO-çuların yazılarını, fikirlərini “Azadlıq” qəzetində dərc elətdirirdik. Beləcə, işə başladıq, bəzi qəzetlərin əlavəsi kimi “Alatoran” (bu adı Azad Yaşar qoymuşdu) adında ədəbi səhifələrimizi çap elətdirdik. Mənim fikrim bu idi ki, AYO qeydiyatdan keçsin və öz ədəbi orqanımızı dövriyəyə buraxaq. İnternetdən standart nizamnamə surəti çıxarıb özümüzə uyğunlaşdıraraq Ədliyyə Nazirliyinə müraciət etməli idik. Bu iş Rasimə həvalə edilmişdi. Rasim də hər dəfə “bu gün-sabah eləyəcəm” deyib, nədənsə, işi uzadırdı. Beləcə xeyli zaman keçdi. Günlərin bir günü biz Cəlilabada, Aqşinin atasının dəfninə getdik, üç mərasiminə gələn Zahir Əzəmət “Alatoran” adlı bir jurnal gətirib dedi ki, bu jurnalı Rasim Qaraca dərc edib. Baxdım ki, tez-tələsik ağ-qara basılmış jurnal bərbad haldadı. Jurnalda hərəmizin yazımıza bir barmaq eləyib. Yadımdadı, Seymur öz hekayəsinə baxıb dedi, bilsəydim, elə süjeti Rasimə danışardım, biryolluq hamısını özü yazardı. Nə isə, Bakıya qayıdanda Həmid, Rasim və mən oturduq söhbətə. Dedim, Rasim, bizi burda idarə heyətinə yazmısan, içində gedən yazıları bizimlə razılaşdırmamısan, bu heç. Nərmin orda ah çəkir, Sevinc burda inciyir ki, Rasim bizim şeirlərimizi qayçılayır, bu da heç. Bəs, niyə jurnala “AYO-nun orqanı” sözünü yazmamısan? Rasim heç gözləmədiyimiz bir tərzdə, “Bu, AYO-nun orqanı deyil ki, bu mənim öz jurnalımdı” dedi. Həmidlə ikimiz də mat qaldıq. Elə oradaca dedim ki, Rasim, onda mənim adımı ordan çıxararsan. Həmid də dedi, mənim də adımı çıxart. Sonra Rafiq Tağı eşitdi, o da etiraz elədi. Beləcə, məlum oldu ki, Rasim gözünə döndüyüm, AYO-nun ədəbi orqanını qeydiyata vermək əvəzinə özü üçün şəxsi jurnal təsis eləyib. Bir gün yığıldıq, uşaqlar dedi bəs, AYO-nun rəhbəri kim olsun? Mən dedim, AYO-da uzunmüddətli sədr olmasın deyə, sədrlik müddəti 6 aylıq olsun. Həm də təklif elədim ki, icazə verin, sədr gənclərdən olsun, yaşlılar öz növbələrindən imtina etsin. Yəni, hər dəfə AYO-nun bir gənc üzvü sədr olsun. Nəysə, çoxluq buna razılaşdı. Günlərin bir günü Elxan Zal gəlib mənə dedi ki, bəs, Rasim deyir, mən sədr olmaq istəyirəm, Muradı razılaşdır, sədr olmasam həyəcanlanacam, təzyiqim düşəcək. Gülüb dedim, sən canın ona denən, sabahdan AYO-nun sədridir. Düzdü, sonralar AYO-nun genişlənməsində Rasimin çox əməyi oldu, “Adiloğlu”da AYO-nun bir dənə də almanaxını buraxdıq. Beləcə, Rasim sədrlikdən düşəsi olmadı. Bir gün rayona gedib bir həftə kəndimizdə qaldım. Qayıdanda gördüm aləm dəyib biri-birinə! Həmid intervü verib ki, biz bayrağımızı AYB-nin binasına sancacağıq-flan. Elə həmin gündən AYO-AYB münaqişəsi başladı, nə başladı! Qarşı tərəfdə özünü Anara sırımaq istəyənlərə geniş üfüqlər açıldı. Bir dəfə boğaza yığılıb dedim, mən artıq AYO-nu tərk edirəm. Rasim Həmidi üstümə göndərdi ki, xahiş elə, qoy belə eləməsin. Nə isə, bunların mənasızlığından bezmişdim artıq. Aradan xeyli zaman keçdi. Bir dəfə Qanturalı gəldi ki, səninlə müsahibə eləmək istəyirəm. Dedim, mən bu müsahibədə AYO-dan çıxdığımı elan edəcəm, ancaq xahiş edirəm, çapa getməmiş, Rasimə demə. Razılaşdı. Beləcə söhbətimiz dərc olundu və mənim AYO-dan canım qurtardı.
- Bəs niyə yenidən AYB-yə, Anarın dili ilə desək, “Tövbə qapısı”na gəldiniz?
- Günlərin bir günü Kəramət Böyükçöllə oturub (indi olmasın) vururduq. AYO-dan da söz düşdü. O da elə sənin kimi soruşdu ki, bəs niyə davam eləmədiniz. Mən ona AYO-da özümə ən yaxın bildiyim Rasimin, bir də Həmidin mənə qarşı olan namərdliyindən danışdım. Dedim, belə adamlarla uzun getmək olmazdı. Sonra da dedim, indi gəl bəyənmədikləri Anara baxaq, görək mərd, ziyalı, yazıçı kimdi, namərd kim? Dedim, hər şey bir yana, məsələn, Yusif Səmədoğlu ölənə qədər Anarın yanında oldu. Qabil ölənə qədər Anarın yanında oldu. Anar qələm yoldaşlarının hamısı ilə dost kimi davrandı, hamısına vəfa göstərdi. Abbas Abdulla elə, Səyavuş Məmmədzadə elə, Fikrət Sadıq elə, Fikrət Qoca elə. Anar hamısı ilə mehriban dolanıb, hamısına dəstək olub, dayaq durub. Dedim, məsələn, mən AYO yaradıb AYB-dən çıxanda ailəmlə AYB-nin Şüvəlandakı Yaradıcılıq evində yaşayırdım. Bizim AYO-çular, elə özüm də Anar haqda nələr yazırdıq, ancaq heç vaxt eşitmədim, Anar o ev haqda bir kəlmə söz desin, başıma qaxsın. Həmin söhbətdə Kəramətə demişdim ki, Anarın yaradıcılığı haqda heç vaxt tənqidi söz deməmişəm, çünki Anarı bir yazıçı kimi yüksək tutmuşam həmişə. Mən yalnız onun sədrlikdə uzun müddət qalmasına ironiya eləmişəm. Ancaq ətrafımdakıları dərindən tanıdıqdan sonra bu qərara gəlmişəm ki, yenə Anar yaxşıdı. İndi də o fikirdəyəm. Neçə ki Anar sağdı, mən onu ədəbiyyatımızın böyüyü kimi görmək istəyirəm. Tələbə vaxtı Moskvada Anarın rusca çıxan kitablarından alıb fəxrlə tələbə yoldaşlarıma bağışlamışam. Yadımdadı, Volqoqraddan nasir dostum vardı, Andrey, Həmid də tanıyırdı onu. Oxuduqdan sonra Anarın nə qədər böyük yazıçı olduğunu heyrətlə söyləmişdi və “Kontakt” (Əlaqə) kitabı tələbələr arasında əl-əl gəzmişdi. Beləcə, söz-sözü çəkir, danışırdıq. Bir də Kəramət dedi, maraqlı söhbət oldu bu, gərək bayaqdan diktofonu qoyaydım, bunu müsahibə eləyəydik. Nəysə, razılaşdım, Kəramət diktofonu qurdu, söhbətə yenidən qayıtdıq. Onda sual verdi ki, bəs, yenidən AYB üzvü olardınmı? Dedim, nə mənim AYB-yə ehtiyacım var, nə də AYB-nin mənə. Təxminən belə bir söhbət və müsahibə, deyəsən, elə sizin saytda getmişdi. Aradan təxminən bir həftə keçərdi ki, Elçin Hüseynbəyli mənə zəng elədi, müsahibə üçün xoş sözlər dedi. Və mənə “bəlkə səni Anarla görüşdürüm?” dedi. Düşündüm ki, ola bilsin bunu Anar istəyib, imtina etmək etik çıxmaz. Vədələşdik, Elçinlə birgə Anar müəllimlə görüşdük. Çox təsirli bir görüş idi. Orda Anar müəllim mənə dedi, bəlkə ərizəni yazıb geri qayıdasan? Dedim, siz istəyirsinizsə, məmnuniyətlə qayıdaram. Sonra dedi, “Ədəbiyyat qəzeti”ndə də yazmağını istərdim. Dedim, o da baş üstə! Bütün bu olanlara görə və Anarla barışdığıma görə çox sevinirəm. Küsülü qalsaydıq, özümü günahkar və narahat hiss edərdim.
- Ədəbi mühitdə belə bir fikir də var ki, Murad gənc nəslin bəzilərini “bədbəxt” edib, onları yazmağa qoymayıb, həvəsdən salıb…
- Mənim haqımda çoxlu yalan hədislər gəzir, ancaq bunu eşitməmişdim. Səni inandırıram ki, bu da səhih hədis deyil. Heç Buxaridə də tapa bilməzsən.
Əlbəttə, Rasimlə Həmidin haqqımda quraşdırdığı iyrənc hədislərə baxanda, bunlara min şükür. Ən iyrəncini onlar eləyib ki, burada deyiləsi deyil.
- Murad bəy, yeni əsər necə, yazırsınızmı? Yoxsa, “Bulud pinəçisi” ilə bitdi, daha gənclərə dediyiniz kimi hobbitək baxırsınız?
- Yazıram, əlbəttə, ancaq az yazıram. Deyim ki, mən həmişə az yazmışam. Məsələn, 1993-cü ilə getmişəm Rusiyaya, bir də 1996-cı ildə qayıtmışam. Bu üç il ərzində əlimə qələm almamışam. Adıma şair deyirlər, ancaq indiyə qədər şeir kitabım çıxmayıb. Belə baxanda, nəsr daha çox yazmışam. Məsələn, “Gümüş kuzə” adlı sufi pritçalı povestimi, bir də “Bulud pinəçisi” rəngli povestimi bir iş adamı dostum yazdırıb mənə. Bir gün bir məclisdə hələ yazmadığım “Gümüş kuzə”dən bir neçə epizod danışdım, həmin dostum çox təsirləndi. Dedi, bu hardandı? Dedim, povestimdi. Dedi versənə, biz də oxuyaq. Dedim, yazmamışam hələ, sadəcə, beynimdədi. Dedi, dəlisənmi, bəs, niyə yazmırsan? Dedim, yazmaq üçün gərək beynimi kartof-soğan problemlərindən azad edəm. Dedi, neçə aya yazarsan? Dedim, bir aya. Dedi, sənə üç ayın qonorarını verirəm, özünə də üç ay vaxt verirəm, yaz gətir, özüm də kitabı “Adiloğlu”nda çap elətdirəcəm. Onda “Adiloğlu”nun da kağızını xaricdən həmin dostum gətirirdi. Dedim, baş üstə. Getdim, iki ay yeyib-içib kef elədim. Düzdü, yazı üçün material da toplayırdım. Bir də baxdım ki, üçüncü ay yarı olur. Oturdum yazdım! Təxminən iki həftəyə povest hazır oldu. Povesti həmin dostuma ithafla çap elədim. Povest kiçik həcmli olduğuna görə kitabda şeirlər bölməsi də verdim. “Bulud pinəçisi”ni də həmin dostumun təkidi və dəstəyi ilə yazmışam.
İndi dövlətimiz mənə yaşamaq üçün bir mənzil verib, ta, arxamcan danışmayan qalmayıb. Deyirəm, adamı onda qınayarsınız ki, aranızdan bir iş adamı çıxıb yazıçı-şair haqda düşünər, ziyalının maddi ehtiyaclarını qarşılayar. İmkan verin heç olmasa, hərdən dövlət baxsın da yaradıcı adamlara. Sən kitab alıb yazıçıya ev tikənsən? Yadınızdan çıxıbmı, Nizamiyə sultan böyük bir elat bağışlamışdı. Gərək elə, hamımız Füzuli kimi 9 axçanın dalınca sürünək? Deyəsən bu xalqa kübar, səliqəli yazıçı-şair, ziyalı lazım deyil. Buna elə vağzalda gecələyən əyyaş qəzəlxan lazımdı ki, hərə arxasınca bir əfsanə uydura.

Oxşar xəbərlər