Almaniyanın "Der Spiegel" jurnalı dünyanın informasiya məkanında partlayışa səbəb ola biləcək yazı dərc edib.
Musavat.com bildirir ki, həmin yazıdakı məlumata görə, prezident Co Bayden avqust ayında Demokratlar Partiyasının Çikaqoda keçiriləcək qurultayında prezidentliyə namizədliyini geri çəkdiyini elan edəcək. Özü də kimin xeyrinə? ABŞ-ın keçmiş 1-ci ledisi Mişel Obamanın. Jurnalın yazdığına görə Bayden öz partiyasını hüquqşünas Mişel Obamaya səs verməyə çağıracaq.
"Der Spigel" dünyanın ciddi yayın orqanlarındandır. Ciddi və yoxlanılmış məlumat olmasa idi, onu yaymazdı.
Lakin əsas sual budur: ABŞ özünə qadın prezident seçməyə hazırdırmı? Və bu qadın Mişel Obama olarsa, Demokratlar dəli Trampa qalib gələ bilərlərmi? Çünki o, rəqib partiyanın 2016-cı ildə irəli sürdüyü qadın namizədi məğlub edərək, ABŞ prezidenti olmuşdu. 2016-cı ildə Hillari Klinton və əslində elə bütün dünya əmin idi ki, iş adamı D.Trampı asanlıqla məğlub edəcək. Lakin Amerika xalqı o zaman bir qadındansa, "dəli biznesmen"ə üstünlük verdi.
Bu dəfə necə olacaq? O suala cavab vermək üçün öncə "Der Spigel"in avqust qurultayı iddiası doğrulmalıdır...
Əgər doğrularsa, bəlkə bu dəfə Mişel Obamanın timsalında ABŞ xalqı bir ilk yaşayar. Amerika ictimai rəyində M.Obamanın yüksək reytinqinin olması barədə çoxsaylı iddialar var...
Qeyd: Məlumat hazırlanarkən haqqın.az saytının müvafiq analitik yazısından faydalandıq.