Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryovun fikrincə, Rusiya müdafiə naziri Sergey Şoyqunun “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümündə əli ola bilər. Onun sözlərinə görə, Qətl Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin yeni komandirinin təyin edildiyi gün baş verib.
Tribunainfo.az yazır ki, keçmiş deputat belə təsadüflərə inanmadığını bildirib:
“Təyyarə iki S-300 raketi ilə Aerokosmik Qüvvələrin yeni komandirinin təyin edildiyi gün vuruldu. Mən belə təsadüflərə inanmıram. Ona görə də anladığımız kimi, buna Priqojin ilə şəxsi hesablaşması olan Sergey Şoyqu birbaşa göstəriş verməli idi.
Bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü olsaydı, FTX-nin üslubunda olardı: ya zəhərlənmə, ya da “Afrikada ov qəzası” kimi”.
Rusiyada Kreml təbliğatçıları isə Priqojini Qərbin xüsusi xidmət orqanlarının öldürdüyünü yayır. Ekspert Natiq Cəfərlinin fikrincə, əslində anlamırlar ki, bu pis versiyadır:
“Tutalım, əgər hətta elədirsə, bu Rusiya elitası üçün çox pis mesajdır – yəni, sizin təhlükəsizliyinizə təminat yoxdur, Qərb sizi hər yerdə öldürə bilər, Putin sizi qoruya bilmir.
Əgər əsas versiya, yəni, Putinin onu cəzalandırdığı doğrudursa, o zaman da elita üçün təhlükəli mesajdır ki, “dəli qoca” kimi istəsə aradan götürə bilər.
Digər versiya, yəni, Putinsiz Şoyqu və komandası onu aradan götürübsə, bu lap bərbad mənzərədir – deməli “dəli qoca” hər şeyi və hamını nəzarətdə saxlaya bilmir, yeni ciddi “güc mərkəzi”, və ya “Kremlin güclü qülləsi” yaranıb.
Yəni, hər bir halda Priqojin hadisəsi elita üçün çox pis gəlişmədir, “sağqalma instinkti” işə düşə bilər, həmin instinkt isə 1-ci versiya doğrudursa Qərblə münasibətləri yaxşılaşdırmağa, 2-ci və 3-cü versiya doğrudursa “dəli qocadan” can qurtarmağa yönləndirəcək. Uzun sözün qısası, bu hadisə elitanı öz başına çarə qılmağa vadar edəcək ki, bu da Putin üçün heç də yaxşı gedişat deyil. Rusiya kimi ölkədə aşağıdan dəyişikliklər, demək olar ki, mümkün deyil, amma “saray çevrilişləri” ola bilər”.