Rusiya və Ermənistan arasında yaşanan qalmaqalın yeni təfərrüatı məlum olub.
Day.Az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, sentyabrın 9-da Ermənistanın baş naziri Paşinyan ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb.
"İki gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yox, Putinlə söhbət oldu. Bir neçə gün sonra Paşinyan qeyri-müəyyən şəkildə əmin etdi ki, o, Putinlə daimi təmasdadır. Putin isə bildirib ki, o, Ermənistan və Qarabağ ətrafındakı vəziyyətdən xəbərdardır. Putin həmçinin deyib ki, Paşinyandan "həcmli məktub alıb".
Həmçinin oxuyun: Moskva xəbərdarlıq edir, İrəvan saymır - Kreml Paşinyanın dilini nə vaxt "kəsəcək"?
Nəşrin iddiasına görə, Paşinyan zəng edib, lakin Kremldə ona cavab verilməyib. "Bundan sonra o, Ladimir Ladimiroviçə geniş məktub göndərib və Putin bunu Vladivostok konfransında bildirib. Hakimiyyətə yaxın mənbə deyir ki, Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb. Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb".
Ermənistanın baş naziri Nikol Paşinyan "La Repubblica" qəzetinə müsahibəsində Rusiyaya qarşı səsləndirdiyi ifadələrlə iki ölkə arasında gərginliyin növbəti mərhələsinə start vermişdi.
Paşinyan bildirmişdi ki, rusiyalı tərəfdaşlar tez-tez Qərb ölkələrinin Ermənistan hakimiyyətini Rusiyanı regiondan sıxışdırıb çıxartmağa sövq etdiyini deyirlər.
"Tarixdə Rusiyanın Cənubi Qafqazı tərk etməsi nümunələri olub. Eyni ssenarinin təkrarlana biləcəyi fikrini doğuran proseslər var. Oyanıb görə bilərik ki, Rusiya Federasiyası artıq regionda deyil... Biz rusiyalı tərəfdaşlarımıza deyirik ki, Rusiya müəyyən addımlar atsa da, atmasa da, bölgəni tərk edir. Bilmirik hansı səbəbdən. Biz ancaq ehtimal edə bilərik. Amma deyə bilərəm ki, bu, bizi narahat edir".