DÜNYA

Qəzzada son durum: “Hizbullah”dan etiraf, ABŞ-dan Türkiyənin çağırışına dəstək (YENİLƏNİB)

post-img

İranın himayə etdiyi Livanın "Hizbullah" qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

 

"Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq... bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib”, deyə bəyanatda bildirilir.

 

Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını "birbaşa vura” biliblər.

 

Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. "Hizbullah" Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.

 

Bu arada Təl-Əviv yaxınlığında yerləşən İsrailin ən böyük David Ben-Qurion Beynəlxalq Hava Limanı normal şəkildə işləməyə davam edir, uçuşların ləğvi ilə bağlı bütün qərarlar aviaşirkətlər tərəfindən özəl olaraq verilir. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

"Vətənə qayıtmaq istəyən xaricdəki israillilərə bildiririk ki, Ben Qurion hava limanı uçuşlar və enişlər üçün açıqdır. Bəzi xarici aviaşirkətlər İsrailə uçuşları ləğv ediblər - bunu şirkətlərin özləri ilə yoxlamaq lazımdır”, deyə nazirliyin açıqlamasında bildirilir.

 

Nazirlik əlavə edib ki, İsrail aviadaşıyıcıları "müntəzəm uçuşları davam etdirir və dünyanın bir neçə nöqtəsindən uçuşların sayı da artır”.

 

ABŞ-nin Türkiyədəki səfirliyi isə Ankaranın İsrail-Fələstin münaqişəsi ilə bağlı çağırışlarına qatıldığını açıqlayıb: "Fələstin və İsraildə böyük miqyaslı insani faciələrin baş verdiyinin şahidi oluruq. Gərginlik və zorakılığın azaldılması çağırışlarında Türkiyə hökumətinə və bir çox dünya liderinə qatılırıq”.

 

Qeyd edək ki, ötən gün Türkiyənin Xarici İşlər Nazirliyi İsraillə Fələstin arasından yaranmış gərginliklə bağlı bəyanat yayıb. Qardaş ölkə zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayıb, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırıb: "Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyatı tərəflərlə intensiv təmaslarımızı davam etdiririk. Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yoluna çalışmağa dəvət edirik”.


 


Oktyabrın 8-də polis və İsrail Müdafiə Qüvvələrinin əsgərləri Həmas silahlıları tərəfindən ələ keçirilən Sderot polis idarəsinə nəzarəti bərpa ediblər.

 

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin Cənub rayon polis idarəsinin nümayəndəsi CNN-ə məlumat verib.

 

O qeyd edib ki, polis və əsgərlər səhər saatlarından "terrorçuları zərərsizləşdirmək üçün işləyirlər”.

 

Telekanal polisdən sitat gətirib: "Bir müddət əvvəl polis idarəsinin üzərində tam nəzarət əldə edildi".

 

"Təhlükəsizlik qüvvələrinə "hər hansı bir vasitə ilə atəş açmaq" əmri aldıqdan sonra 10-a yaxın silahlı terrorçu zərərsizləşdirilib", - polisin sözçüsü bildirib.

 

Qeyd olunur ki, Sderot sakinləri üçün evdə qalmalarını tələb edən təlimat hələ də ləğv edilməyib.

 

09.40

 

HƏMAS İsrailin cənubundakı Aşkelon şəhərində xəstəxanaya raket zərbəsi endirib. Bir raketin tibb müəssisəsinə düşdüyü bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Times of Israel” nəşri məlumat yayıb.

 

Məlumata görə, hücum nəticəsində bir qadın ağır, daha beş nəfər isə yaralanıb.

 

Raketin düşməsindən az əvvəl tibb mərkəzinin işçiləri xəstələri sığınacağa köçürüblər. Əks halda itki daha çox ola bilərdi.

 

İsrail ordusu isə Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

"Bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə zərbələr endirilib. Hədəflər Qəzza zolağında HƏMAS terror təşkilatının istifadə etdiyi çoxmərtəbəli binalar olub. Onların arasında terror təşkilatı HƏMAS-a məxsus kəşfiyyat qərargahı var. Eyni zamanda HƏMAS hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə də hücum edilib. Paralel olaraq terrorizm üçün vəsait toplayan HƏMAS terror təşkilatına məxsus iki banka zərbə endirilib”, - deyə məlumatda bildirilir.

Oxşar xəbərlər