"ABŞ çalışır ki, Rusiya ilə münasibətləri normallaşdırsın. Və Çinlə ticari savaşda Rusiya Çin tərəfində yer almasın".
"The Wall Street Journal" nəşrində Rusiya və ABŞ arasında yaşana biləcək müharibə gərginliyi haqqında məlumat paylaşılıb. Hətta bildirilib ki, ABŞ Şimali Avropada özünə ordu yığır. Mövzu ilə bağlı "Ajans.az"a Ədalət, Hüquq, Demokratiya (ƏHD)Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlama verib.
O bildirib ki, ABŞ Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır:
"Hazırda Birləşmiş Ştatlar üçün prioritet Çinlə ticari savaşın aparılmasıdır. Və Vaşinqton çalışır ki, bunun üçün Birləşmiş Ştatların siyasətinin effektivliyinə xidmət edən beynəlxalq zəmin formalaşdırsın. Əlbəttə, bu kontekstdə proseslərə nəzər salsaq bunun aydın təzahürlərini müşahidə edə bilərik. Xüsusilə Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqtonun yürütdüyü siyasət məhz bu zəminin yaradılmasına hesablanıb. Çünkü Birləşmiş Ştatlar çalışır ki, Rusiya ilə münasibətləri normallaşdırsın. Və Çinlə ticari savaşda Rusiya Çin tərəfdə yer almasın. Təbii ki, bu faktor Birləşmiş Ştatların xarici siyasətinə ciddi şəkildə təsir edir".
O qeyd edib ki, ABŞ öz maraqlarına görə Rusiyaya qarşı zidd mövqe sərgiləmir: "Biz Yaxın şərqdə Vaşinqtonun dəyişən siyasətini də müşaiyət edirik. İranla münasibətlərin normallaşdırılması istiqamətində addımların atılması, eyni zamanda İsraillə yaranan gərginlik Birləşmiş Ştatlar üçün prioritetlərin dəyişdiyini özündə ehtiva edir. Təbii ki, Vaşinqton Ukrayna müharibəsi ilə bağlı Rusiyanın maraqlarına zidd mövqe sərgiləmədi. Faydalı qazıntılarla bağlı sazişi izmalanması ilə öz maraqlarına təmin edəndən sonra, Rusiyanın hücumları ilə bağlı sərt mövqe nümayiş etdirmir. Belə addımlardan çəkinir. Eyni zamanda Rusiyaya qarşı tətbiq olunma ehtimalı olan sanksiyalara qoşulmayacağını bəyan edir".
"Beləliklə, yaranan mənzərə və yürüdülən siyasət onu deməyə əsas verir ki, ABŞ və Rusiya arasında müharibənin baş vermə ehtimalı kifayət qədər zəifdir və demək olar ki, istisna edilməlidir. Ona görə də hesab edirəm ki, ABŞ-nin Avropa İttifaqı ilə kəskinləşən ziddiyyətli münasibətləri, eyni zamanda daxili-iqtisadi problemləri və Çinlə aparılan mübarizə, ümumiyyətlə ABŞ-nin nəinki Rusiya, ümumiyyətlə dünyanın digər ölkələri ilə də hərbi əməliyyatlardan kənar qalmasını diktə edir. Və bütün bu faktorlar onu deməyə əsas verir ki, Birləşmiş Ştatların xüsusilə Rusiya ilə birbaşa müharibəyə girmək perspektivi yoxdur. Ancaq əgər bu ehtimal reallaşarsa nəinki Azərbaycana, bütün dünyaya mənfi təsirləri qaçılmazdır", - deyə sonda Əli Zülfüqaroğlu bildirib.
Məsələ ilə əlaqədar olaraq açıqlama verən digər ekspert, politoloq Əziz Əlibəyli bildirib ki, Trampın açıqlamalarına rəğmən sülh bağlanmır:
"Önəmli xətt var. Rusiya - Ukrayna üzərində bəlkə hələ digər nöqtələr də ola bilər. Çünkü iki dövlət ciddi razılaşma ərəfəsindədirlər. Problemlər var. Ukraynada döyüşlər hələ ki, davam edir. Və Trampın açıqlamalarına rəğmən sülh bağlanmır. İndi əsas sual yaranır ki, bəs yaxşı bu sülh prosesi sülh bağlanmırsa nə cür olacaq? Amerika necə davranacaq?"
O bildirib ki, ABŞ və Rusiya arasında müharibənin baş verməsi hələki mümkün deyil:
"Daha çox Amerikanın nə cür addım atması önəmlidir. Düşüncələr, fikirlər bu yöndədir. Amma, mən belə hesab edirəm ki, o gərginliyə, o fazaya keçməmişdən qabaq Tramp problemləri həll eləməyə çalışır. Bu baş tutacaq mı? Düşünürəm ki, hələki yox. Çünkü dünyada biznesmenlərin hakimiyyət dönəmidir. Və onlar bəzən bu cür gərginliklərlə dünyanın maliyyə və səhm bazarlarını idarə edirlər. Buna baxsaq gərginlik olduqda səhmlərin alışlarının enib qalxması milyardlarla, trilyonlarla dollar gəlir gətirir".
Son olaraq Əziz Əlibəyli əgər bu baş verərsə, Azərbaycanın tərəflər arasında balansı qoruyacağını bildirib.