Homepage / Fələstin Türkiyə məsələsində susdu, əvəzində Azərbaycan danışdı…

Fələstin Türkiyə məsələsində susdu, əvəzində Azərbaycan danışdı…

Yaxın Şərqdə baş verən son hadisələr və İsrail parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərar regionun siyasi gündəmini yenidən dəyişib.

Məhz belə bir həssas mərhələdə verilən rəsmi bəyanatlar və nümayiş etdirilən siyasi iradə strateji tərəfdaşlığın praktik mahiyyətini qiymətləndirmək üçün əsas meyara çevrilib.

Formalaşan yeni mənzərədə Azərbaycanın tutduğu prinsipial mövqe diqqətləri üzərinə cəmlədi. Rəsmi Bakının Türkiyəyə açıq və birmənalı dəstək nümayiş etdirməsi “bir millət, iki dövlət” prinsipinin yalnız siyasi şüar deyil, ən çətin məqamlarda konkret addımlarla təsdiqlənən strateji xətt olduğunu bir daha ortaya qoyub. Bununla yanaşı, uzun illər Türkiyənin Fələstin məsələsində sərgilədiyi ardıcıl siyasət fonunda bəzi regional aktorların nümayiş etdirdiyi səssizlik, eləcə də tarixdən gələn müəyyən faktların yenidən gündəmə gəlməsi beynəlxalq münasibətlərdə dostluq, etibar və müttəfiqlik anlayışlarının yenidən müzakirə edilməsinə səbəb olub. Bütün bunlar göstərir ki, geosiyasi proseslər fonunda dövlətlərin həqiqi mövqeyi məhz kritik məqamlarda verdikləri qərarlar və nümayiş etdirdikləri siyasi iradə ilə müəyyənləşir. 

yuzbinlerce-kisi-gazze-icin-bir-araya-geldi-1698499159332.jpg (221 KB)

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında qeyd etdi ki, İsrailin qondarma erməni soyqırımını tanımaqla bağlı addımı Ankara-Təl-Əviv xəttində yüksələn xətlə davam edən gərginliyin məntiqi nəticəsidir və bunun Türkiyəyə qarşı hansısa nəticəsinin olmayacağı aydın görünür: “Məsələyə siyasi qarşıdurmanın mərhələlərindən biri olaraq baxmaq mümkündür. Lakin bu məsələ təkcə Türkiyə-İsrail xəttində yox, bütövlükdə regionda münasibətlərin aydınlaşması baxımından da əhəmiyyətli oldu. Çünki bir sıra ölkələr özünü Türkiyə-İsrail qarşıdurmasında Ankaradan tərəf kimi göstərsə də, bu məsələdə Təl-Əvivə qarşı açıq mövqe sərgiləməkdən çəkindilər və bu təsdiq etdi ki, bu cür ölkələrin ritorikası real əməllə üst-üstə düşmür.

Yeganə ölkə Azərbaycandır ki, məsələyə dərhal reaksiya verdi və qardaş Türkiyəni dəstəklədi. Azərbaycan həm də bu məsələdə Türkiyəyə rəsmi bəyanatla dəstək verən yeganə ölkədir. Bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür və rəsmi Bakının fərqli mövqeyi olmayacağı bəlli idi. Lakin baş verənlər – Azərbaycanın rəsmi şəkildə Türkiyəni dəstəkləyən yeganə ölkə olması, eləcə də digər ölkələrin mövqe sərgiləməməsi iki faktoru ön plana çıxarır.

Birincisi, Türkiyənin özündə zaman-zaman İsraillə münasibətlərə görə Azərbaycanı ittiham edənlərin iddiaları bir daha çürümüş oldu. Bu iddiaların reallıqdan uzaq olduğu məlum idi, lakin yalan kampaniyası mütəmadi olaraq davam edib. Rəsmi Bakının bu mövqeyi həmin dairələrə tutarlı cavab oldu. 

Screenshot_7.png (663 KB)

İkincisi, bu məsələ Türkiyəyə həqiqi dostlarını və etibarlı tərəfdaşlarını yenidən dəyərləndirmək üçün siqnal hesab oluna bilər. Ankarada Bakının hansı mövqe sərgiləyəcəyindən əmindirlər. Amma Türkiyənin tərəfdaş hesab etdiyi, hətta İsraillə münasibətlərin gərginləşməsinə səbəb olan ölkələrin susqunluğu düşünmək zərurəti yaradır”. 

0a2a751614ab4877ece322326d3a53d9-560x315.jpg (25 KB)

Siyasi analitik bir vacib məsələyə də toxundu: “Burada Fələstinin bu məsələyə heç bir reaksiya verməməsi xüsusi diqqət çəkir. Halbuki, Ankara-Təl-Əviv xəttində toqquşmanın əsas səbəblərindən biri məhz Fələstin məsələsidir. Bu, Fələstinin erməni məsələsini dəstəkləməsindən qaynaqlanır. Vaxtilə Yasir Ərafat ermənilərə açıq dəstək verirdi, onun Ermənistan rəsmiləri ilə səmimi görüşləri tarixi faktlardır. Türk diplomatlara qarşı terror aktları törətmiş erməni terrorçuların Fələstin və Livandakı düşərgələrdə təlim keçməsi də hər kəsə bəllidir. Hazırda Fələstinin xarici işlər nazirinin erməni əsilli Varsen Aqabekyan olması eyni mövqeyin davam etdiyini təsdiq edir. Qeyd etdiyim kimi, Türkiyənin İsraillə qarşıdurmasının mərkəzində məhz Fələstin məsələsi dayanır və Türkiyənin özündə İsrailə görə Azərbaycanı ittiham edənlərin iddiaları da Fələstinlə bağlıdır. O zaman Fələstin niyə İsrailə qarşı Türkiyəni dəstəkləyən mövqe sərgiləmədi? Bu, Türkiyənin xarici siyasəti üçün üzərində düşünülməli məsələdir”.

Dünən, 22:11
Go back