Homepage / ABŞ və Qərb Kremlə dəhşətli "sanksiya buketi" göndərdi: Rusiyaya qarşı dağıdıcı “payız hücumu”

ABŞ və Qərb Kremlə dəhşətli "sanksiya buketi" göndərdi: Rusiyaya qarşı dağıdıcı “payız hücumu”

Ağ Ev hələ də Ukrayna müharibəsinin siyasi-diplomatik yolla başa çatmasını istəsə də, kollektiv Qərbin digər təmsilçiləri, xüsusilə də, Avropa Birliyi isə Rusiyaya qarşı iqtisadi və texnoloji təzyiq mexanizmlərini daha da sərtləşdirir... Bu baxımdan, indi Rusiya ya artan iqtisadi təcrid və maliyyə itkilərinə kompromislə cavab verməlidir, ya da Kreml daha uzunmüddətli qarşıdurmanın yaradacağı ölkədaxili sosial-iqtisadi risklərlə üzləşmək təhlükəsi ilə barışmalıdır...

ABŞ prezidenti Donald Trampın açıqlamaları Ukrayna savaşı ətrafında yeni siyasi-diplomatik proseslərin artıq başlanmaq üzrə olduğunu göstərir. Belə ki, Ağ Ev sahibi Ukrayna müharibəsini özünün prezidentlik müddəti sona çatana qədər dayandırmaq niyyətində olduğunu iddia edib. O, hətta bilidirib ki, Rusiya prezidenti Vladimir Putin mümkün razılaşmaya artıq hazırdır və belə bir anlaşma yaxın gələcəkdə əldə oluna bilər. Bu açıqlama Ağ Evin Ukrayna müharibəsini hərbi deyil, siyasi-diplomatik mexanizmlərlə yekunlaşdırmaq cəhdlərini daha ön plana çıxarır. Halbuki, bütün bunlara paralel proseslər isə onu göstərir ki, kollektiv Qərb Rusiyaya qarşı təzyiq strategiyasından hələlik geri çəkilmək niyyətində deyil.

Onu da qeyd etmək lazımdır ki, hazırda həm ABŞ, həm də Avropa Birliyi Rusiyanın hərbi, maliyyə və texnoloji imkanlarını mümkün qədər zəiflətməyə yönəlmiş yeni qərarlar da qəbul edir. Bu isə Ağ Evin bir tərəfdən danışıqlar üçün müəyyən imkanlar yaratmağa, digər tərəfdən isə Kremlin savaş potensialını ciddi şəkildə zəiflətməyə çalışdığını göstərir. Və digər diqqəti çəkən önəmli məqamlardan biri də odur ki, ABŞ-ın daxilində Rusiyaya qarşı sanksiyalar siyasətinə münasibət tədricən dəyişməyə başlayıb.

27ed89d2-f9b6-4b7e-a380-026d6782901e.jpg (155 KB)

Hər halda, “The New York Times” nəşri yazır ki, Ağ Evdə Rusiyaya qarşı həddindən artıq ağır və uzunmüddətli sanksiyaların qlobal maliyyə sistemində ABŞ dollarının üstünlüyünü zəiflədə biləcəyi ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Belə ki, Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar bir çox dövlətləri bu ölkə ilə qarşılıqlı ticarət üçün alternativ valyuta mexanizmləri axtarmağa sövq edir. Bu isə daha uzunmüddətli perspektivdə ABŞ-ın qlobal məkanda maliyyə-iqtisadi təsir imkanlarını ciddi şəkildə zəiflədə bilər. Üstəlik, buna paralel olaraq, Rusiya əleyhinə sanksiyaların ABŞ-ın bank sisteminə də əlavə inzibati və maliyyə yükü yaratdığı birmənalı şəkildə vurğulanır.

Təbii ki, bu yanaşma tərzi əslində, ABŞ-ın yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyaları tamamilə ləğv etməyə hazırlaşdığı anlamına da gəlmir. Əksinə, Ağ Ev administrasiyası iqtisadi təzyiq alətlərini daha dəqiq şəkildə seçilərək, strateji baxımdan, doğru tətbiq edilməsinə üstünlük verməyə çalışır. Və ona görə də Kremldə ABŞ prezidenti Donald Trampın son açıqlamalarını ehtiyatla qarşılayırlar.

Hər halda, Rusiya XİN-in rəsmisi Mariya Zaxarova xatırladıb ki, ABŞ prezidenti Donald Tramp vaxtilə seçki kampaniyası dövründə Ukrayna müharibəsini cəmisi 24 saat ərzində dayandıracağını dəfələrlə bəyan etmişdi. Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Marko Rubionun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra "belə müharibələr 30 dəqiqəyə həll edilmir" açıqlaması da məhz Ağ Ev sahibinin həmin vədləri ilə ciddi ziddiyyət təşkil edir. Və Kreml bununla prezident Donald Trampın əvvəlki bəyanatlarını xatırladaraq, ABŞ-ın Ukrayna savaşının dayandırılmasının vacibliyi üzrə siyasi arqumentlərini mümkün qədər zəiflətməyə çalışır.

80d956a0-5bcc-4a87-87ae-5cd0f2f3d24a.jpg (181 KB)

Digər tərəfdən, ABŞ Rusiyanın elmi və texnoloji potensialına qarşı da yeni məhdudiyyətlər tətbiq etməyə üstünlük verir. Belə ki, Pentaqon ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhdid hesab etdiyi 130 xarici təşkilatdan ibarət yeni siyahısını daha da genişləndirərək, Rusiyanın 33 aparıcı universitetini və elmi-tədqiqat institutunu onların sırasına daxil edib. Ona görə də, Moskva Dövlət Universiteti, Ali İqtisad Məktəbi, MFTİ, Kurçatov İnstitutu, Skoltex və digər nüfuzlu elmi mərkəzlər artıq ABŞ Müdafiə Nazirliyi ilə fundamental elmi əməkdaşlıq imkanlarından məhrum ediləcək. Çünki Ağ Ev hesab edir ki, bu müəssisələr Rusiyanın hərbi-texnoloji potensialının inkişafında dolayısı ilə rol oynayır.

Ancaq bütün bunlara baxmayaraq, ABŞ-dan fərqli olaraq, Avropa Birliyi isə Rusiyaya qarşi son dörd ilin ən genişmiqyaslı sanksiyalar paketini artıq təsdiqləyib. Belə ki, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas 21-ci sanksiyalar paketini "son dörd ilin ən böyük sanksiya paketi" adlandırıb. Həmin sanksiya paketi üzrə yeni məhdudiyyətlər isə 218 istiqaməti əhatə edir və Rusiyanın maliyyə, enerji, logistika, hərbi sənaye, eləcə də, yüksək texnologiyalar sektoruna sarsıdıcı zərbələr vurmağı hədəfləyir.

Məsələ ondadır ki, Avropa Birliyinin yeni sanksiya paketi çərçivəsində yüzdən çox bank və kriptovalyuta şirkətinə, “kölgə donanması”na aid onlarla tankerə, Rusiya və Belarusdakı neft emalı müəssisələrinə, hərbi-sənaye kompleksi ilə əlaqəli bir çox şirkətə embarqolar tətbiq edilir. Bundan başqa, Avropanın biznes təmsilçilərinə Rusiyanın bəzi dəniz və hava limanları ilə maliyyə əməliyyatları aparmaq qadağan olunur. Rusiyanın PUA istehsal edən müəssisələri, metallurgiya, qızıl və almaz sənayesi də yeni məhdudiyyətlərin əsas hədəflərinə çevrilir. Və eyni zamanda, Rusiyanın SPFS maliyyə sistemindən istifadə edən üçüncü ölkə banklarına qarşı da sanksiya tədbirləri nəzərdə tutulur.

f0a905e5-44ad-47da-8b37-9cd545d32d71.jpg (192 KB)

Göründüyü kimi, Tramp administrasiyası hələ də Ukrayna müharibəsinin siyasi-diplomatik yolla başa çatmasını istəyir. Ancaq kollektiv Qərbin digər təmsilçiləri, xüsusilə də, Avropa Birliyi isə Rusiyaya qarşı iqtisadi və texnoloji təzyiq mexanizmlərini daha da sərtləşdirir. Və bu baxımdan, indi Rusiya ya artan iqtisadi təcrid və maliyyə itkilərinə kompromislə cavab verməlidir. Ya da Kreml daha uzunmüddətli qarşıdurmanın yaratdığı ölkədaxili iqtisadi və sosial risklərlə üzləşmək təhlükəsi ilə barışmalı olacaq.

Belə anlaşılır ki, payız ayları Ukrayna müharibəsinin gələcək taleyi baxımından, həlledici mərhələyə çevrilə bilər. Əgər, Tramp administrasiyasının gözlədiyi siyasi-diplomatik razılaşma baş tutmazsa, ABŞ və Qərbin yeni sanksiyalar dalğasının Rusiyaya göstərdiyi təzyiqlərin daha da artıracağı qətiyyən istisna deyil. Bunun isə Rusiya üçün həm savaş meydanında, həm də qlobal geopolitik balans məkanında yeni və daha mürəkkəb proseslərə yol açacağı o qədər də ciddi şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Dünən, 18:44
Go back