Tavuş rayonundan gələn xəbərlərə görə, Ermənistan-Azərbaycan sərhədinin qovşağında dünəndən delimitasiya başlayıb və tərəflər bir neçə saat ölçmə aparıblar.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti yazıb.
“Maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan regionun qubernatoru Hayk Qalumyanı yanvarın 27-dən fevralın 10-dək məzuniyyətə göndərib. Dünən qubernatorun qardaşı, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Vahe Qalumyan delimitasiya prosesinin başlayıb-başlamadığını bilmədiyini deyib. Sərhədlərin delimitasiyası komissiyası ötən həftə heç bir təfərrüat təqdim etmədən prosesin Ermənistanın şimalından bərpa olunacağını bildirib".
Qəzet delimitasiya işlərinin hansı prinsip əsasında aparılacağı sualını qoyur:
“Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolunun taleyi necə olacaq? Bu sualların cavabları havadan asılı qalıb. Dünən “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan Ermənistan hökumətinin Baş nazirinin müavini Mher Qriqoryandan yolun hansı hissəsinin Azərbaycana keçəcəyini soruşub. Qriqoryan bildirib ki, qərarların necə qəbul edildiyini, necə göründüyünü və necə qüvvəyə mindiyini aydın şəkildə təsvir edən, suallara cavabların bu çərçivədə tapıla biləcəyini izah edən təsdiq edilmiş Əsasnamə var”, - nəşr yazıb.