Homepage / Tehrandan Bakıya növbəti TƏHDİD – SEPAH kanallarında TERROR ÇAĞIRIŞI

Tehrandan Bakıya növbəti TƏHDİD – SEPAH kanallarında TERROR ÇAĞIRIŞI

Zeynal Əmrəliyev: “İran rejiminin ən böyük dərdi Azərbaycanın uğurlarıdır”

Politoloq Zeynal Əmrəliyev İran mediasında və sosial platformalarında Azərbaycan əleyhinə yayılan son təhdid və təhqirlərə münasibət bildirib. O qeyd edib ki, zaman-zaman İrandan müxtəlif kanallar vasitəsilə Azərbaycan dövlətinə qarşı hücumlar edilib və bu, artıq həmin ölkədə adi hala çevrilib.

Musavat.com xəbər verir ki, politoloqun fikrincə, bu dəfəki proses əvvəlkilərdən fərqlənir:

“İran 35 ildən sonra ilk dəfə böyük miqyaslı bir müharibəyə cəlb olundu. Çoxsaylı yüksək rütbəli komandirləri öldürüldü, iqtisadiyyatı ciddi zərbə aldı. Bu gərginlik fonunda Azərbaycan isə balanslı mövqe sərgilədi – nə ərazisindən istifadə olundu, nə də tərəf kimi prosesə cəlb edildi. Rəsmi Bakı hadisələrlə bağlı başsağlığı da verdi. Lakin müharibə bitər-bitməz İran tərəfi yenidən Azərbaycana qarşı əsassız hücumlara başladı.”

Əmrəliyev bildirir ki, İran rəhbərliyi öz daxili böhranını həll etmək əvəzinə, xarici düşmən obrazı yaratmaqla diqqəti yayındırmağa çalışır:

“İyunun 28-də İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “Cənab Təhlilçi” adlı Telegram kanalında Azərbaycana qarşı təhdid və təhqirlərlə dolu geniş paylaşım edilib. Üslub və məzmundan açıq şəkildə görünür ki, bu status əvvəlcədən planlaşdırılıb və məqsədyönlü şəkildə yayılıb. Öz generalını qoruya bilməyən İran xüsusi xidmət orqanlarının Azərbaycanı təhdid etməsi sadəcə olaraq gülünc görünür.”

Politoloq qeyd edir ki, həmin çağırışlar SEPAH-a bağlı digər kanallarda da eyni vaxtda yayılıb və bu, anti-Azərbaycan kampaniyasının mərkəzləşdirilmiş şəkildə aparıldığını göstərir:

“Həmin gün “Suriya Xəbərləri” adlı Telegram kanalında da Azərbaycana qarşı dezinformasiyalar yayılıb, ölkə rəhbərliyi təhqir olunub. Bu çağırışlar tək-tük deyil, koordinə olunmuş hibrid təbliğatın tərkib hissəsidir.”

Əmrəliyev vurğulayıb ki, İranın Azərbaycanın müstəqil siyasətinə təzyiq göstərmək cəhdləri nəticəsiz qalacaq:

“Əgər Tehranda kimsə düşünürsə ki, Azərbaycan rəhbərliyi öz müstəqil mövqeyindən geri çəkiləcək, bu, böyük yanılqıdır. İran rejimi vaxtilə daxildə fərqli fikirliləri ləkələmək üçün hansı çirkin üsullardan istifadə edirdisə, indi eyni metodları xarici siyasətdə tətbiq edir. Ancaq 44 günlük Vətən müharibəsində İranın bütün maneələrinə baxmayaraq, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bunkerdən edilən təhdidlərə boyun əyəcək ölkə deyil.”

Sonda politoloq əlavə edib:

“İranda baş verənlər, yayılmış təhdidlər və təhqirlər təsadüfi deyil – onların arxasında birbaşa ali rəhbərlik dayanır. Rejimi narahat edən yeganə məsələ – güclü və müstəqil siyasət aparan Azərbaycandır. Çünki məhz güclü Azərbaycan İran rejiminin ən böyük qorxusudur.”

Dünən, 14:50
Go back