“Paşinyanın hakimiyyətə gəldiyi gündən bəri, hətta mən deyərdim ki, biraz zəif şəkildə olsa, sonra isə güclənmiş şəkildə, hətta Qarabağ müharibəsindən sonra, xüsusilə antiterror əməliyyatından sonra strateji bir xətti var — Qərbə inteqrasiya etmək.”
Paytaxt.org xəbər verir ki, bu sözləri “TV Müsavat”ın canlı efirində təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
“Qərbə inteqrasiya etmək o deməkdir ki, Rusiyadan tamamilə qopmaq mümkün deyilsə də,müəyyən dərəcədə məsafə saxlamaq və strateji olaraq bu xətti yeritmək. Və təbii ki, bu Rusiyanın maraqlarına uyğun olmadığına görə müxalifəti körükləyir; faktiki olaraq Paşinyan daxili müxalifətin möhürünü vurubdur ki, bunlar müxalifət deyil, Rusiyanın adamlarıdır. Paşinyan perspektiv strateji xətdə qonşularla, konkret olaraq Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasını bir çıxış yolu kimi görür. Çıxış yolu kimi gördüyünə görə də o, bu istiqamətdə çox emosional çıxışlar eləyir və qarşıdakıları da buna inandırmağa çalışır. Məsələ burasındadır ki, Rusiyadakı diaspora istisna olmaqla, həqiqətən də Ermənistan cəmiyyəti, Avropa və Amerika Birləşmiş Ştatlarındakı erməni diasporası bu istiqamətdə Paşinyanın tərəfindədir, yəni Paşinyana xüsusi təzyiq göstərmirlər”.
Ekspert qeyd edib ki, Paşinyana əsas təzyiq göstərən daşnaklar və Rusiyayönümlü dairələrdir, çünki sərhədlərin açılması və münasibətlərin yaxşılaşması Rusiyanın təsir imkanlarını zəiflədir: “Paşinyana təzyiq göstərən daşnaklardır, yəni əsrlərdir ki, onlar həmişə anti-Türk, anti Azərbaycan xəttini aparıblar. Və təbii ki, onların da qaynaqlandığı əsas mənbə Rusiyadır. Rusiya bunu istəmir, Rusiya istəmir ki, Ermənistanın Azərbaycanla, Türkiyə ilə münasibətləri yaxşılaşsın və Türkiyə ilə sərhədlər açılsın. Bu sərhədlər açılanda Rusiyadan iqtisadi asılılıq minimuma enəcək və Ermənistan tamamilə başqa bir xətt götürəcək. O zaman Cənubi Qafqaza Rusiya əlvida deyir, həm də tək Ermənistana yox, bütün Cənubi Qafqazla vidalaşır. Ona görə də Ermənistandakı Rusiyayönümlülərin fraksiyası faktiki olaraq müxalifət fraksiyası yox, elə Rusiyayönümlülərin fraksiyasıdır və Paşinyana qarşı çıxdığına görə Paşinyan da emosional çıxışlar eləyir. O bununla demək istəyir ki, siz niyə bunu anlamırsınız: qonşu ilə normal münasibət bəsləmək lazımdır və Konstitusiya dəyişikliyi təkcə Azərbaycanın tələbi deyil, Ermənistanın perspektiv gələcəyinin taleyini həll olunur”.
O, vurğulayıb ki, Paşinyanın emosional çıxışlarında və beynəlxalq tədbirlərdəki mövqeyində Cənubi Qafqazda sabitlik, iqtisadi inkişaf və müstəqil siyasətə yönəlmiş pozitiv məqamlar var və bu xətt gələcəkdə öz nəticəsini verəcək: “Siz gördünüz ki, bax o hər yerə səfər edəndə, sonuncu dəfə də Dublində, Antalyada da döş nişanını çıxarmır və demək istəyir ki, bizim ərazi iddiamız yoxdur, bu sərhədlər daxilində işləri görməliyik. Ona görə də qarşı tərəfin çıxışlarına o cür emosionallıqla cavab verir. Son zamanlar keçmiş həyat yoldaşı Anna Akopyanın da onun əleyhinə çıxış edərək bəzi detallar səsləndirməsi də Paşinyanın emosionallığını bir az da artırıb.
Hər halda mən bu emosionallığı normal qəbul edirəm, burda konstruktivlik və pozitivlik çoxdur — söhbət təkcə Azərbaycana münasibətdə deyil, bütövlükdə Cənubi Qafqazda stabillik və sabitliyin əsasında iqtisadi inkişaf, bu üç respublikanın normal, sakit yaşayışının və müstəqil siyasət yeritməsinin bir növ əsasını qoyur. Hələ də Rusiyanın əlinin müəyyən hissəsinin Ermənistanın üzərində olması bu stabilliyə mane olur, amma hesab edirəm ki, Paşinyanın bu emosional çıxışları perspektivdə öz bəhrəsini verəcəkdir”.