Homepage / Keçmiş AXCP üzvü Əli Kərimlini ifşa etdi: "Bizi yığıb dedi ki, Tofiq Qasımovu..."

Keçmiş AXCP üzvü Əli Kərimlini ifşa etdi: "Bizi yığıb dedi ki, Tofiq Qasımovu..."

AXCP-dən etiraz edərək istefa vermiş keçmiş partiya üzvü Nadir Quliyev (Qocabəyli) deyir ki, Əli Kərimli və onun dəstəsinin “əlinin suyunu” özü də görüb. O, Facebook paylaşımında olduqca maraqlı məsələlərdən və 1994-cü ildə Kələkidə baş tutan görüşdən yazıb.

Yazıçı-publisist Nadir Qocabəylinin (Quliyev) paylaşımını tam şəkildə təqdim edir.

***

Rauf Arifoğluya qarşı aparılan linçetmə kampaniyasında “işverən” və “üzəduran” sözlərinin seçilməsi təsadüfi deyil.

Bu, Əli Kərimlinin uzun illərdir rəqiblərə və tənqidçilərə qarşı istifadə etdiyi mübarizə üsuludur.

Bildiyimiz kimi, bu sözlər küçə və türmə jarqonundan götürülüb və əsasən dar düşüncəli, məhdud dünyagörüşlü adamların beyninə hesablanır.

Orduda da haqqını-hüququnu tələb edən əsgərlərə “stukaç” yarlığı yapışdırılır.

Bu, doğru sözü susdurmağın, həqiqəti söyləyənlərin ağzını yummağın ən populyar üsullarındandır.

Onu da bildirim ki, Əli Kərimlinin ətrafında lap çoxdan kriminal ünsürlər at oynadır. Onların arasında “vorzakonlar” və polisin narkotika ilə mübarizə şöbəsinin şübhəli personalarını şəxsən görmüş və tanımışam. Onlardan ağzımı yummaq üçün mənə qarşı da istifadə olunub.

Bunu edən şöbə sədrinin qardaşları Əli Kərimlinin cangüdənləri olublar və AXCP-dən bəyanatla istefa verdikdən sonra haqqımda hər yerdə “xəyanətkar” deyərək məni gözdən salmağa çalışıblar.

Hətta kafedə nahar etdiyim zaman gəlib dostlarımdan birini çölə çağırıblar və deyiblər: “Onunla çörək kəsməyin, o xəyanətkardır…” Səviyyəsizliyin və primitivliyin dərəcəsinə baxın…

Mən əvvəllər Əli Kərimlinin bunlardan xəbərsiz olduğunu düşünürdüm, ancaq sonralar anladım ki, bu üsulu o, müstəsna olaraq tənqidçilərinə və rəqiblərinə qarşı istifadə edir.

Əli Kərimli sosial şəbəkələr olmamışdan xeyli əvvəl əlinin altında trollar saxlayıb və onlar vasitəsilə düşmənlərini linç etməyə çalışıb.

1994-cü ildə bir qrup cəbhəçi Elçibəylə görüşmək üçün Kələkiyə getmişdik. Əli Kərimli bizi tezbazar bir otaqda qəbul edib, o zaman Elçibəyin gedişini təqdir etməyən Tofiq Qasımova qarşı təlimatlandırdı.

O bizə demədi ki, Tofiq Qasımov pisdir, gedin onun əleyhinə danışın.

İronik tərzdə dedi ki, Tofiq Qasımov gəlmişdi bura, bəyə dedi ki, sənin artıq AXC-yə sədrlik etməyə haqqın yoxdur. İstefa ver.

Bəy də qayıdıb ki, yaxşı, mən istefa versəm, sədr kim olacaq?

Tofiq Qasımov da cavab verib ki, mən olacağam.

Əli Kərimli ucadan şaqqanaq çəkərək yekunlaşdırdı:

“Heç bilirsiniz, Bəy ona nə dedi?” Hamımız susduq.

“Dedi ki, GET OL!”

Yəni bacarırsansa, get ol! Ha-ha-ha!

Məlum məsələydi ki, bu, Tofiq Qasımovun əleyhinə təbliğat idi.

Gənclər düşünəcəkdi: “Necə yəni Bəy dura-dura sədr Tofiq Qasımov, ya da bir başqası olsun?.. Heç belə şey olar?!”

Bu, Elçibəyi ideallaşdırmaq, fetişləşdirmək idi. Çünki Əli Kərimova belə sərf edirdi. Bilirdi ki, Tofiq Qasımov sədr olsa, cəbhədə istədiyi oyunu çıxara bilməz.

Amma Elçibəydən istədiyi kimi istifadə edə bilirdi.

Həm də Elçibəyin sədr olaraq qalması hansısa dairələrin planına uyğun idi və Kərimov onlarla sıx əməkdaşlıq edirdi.

Şəxsən mən Kərimovun bu ironik lağlağısından heç vaxt Tofiq Qasımovun əleyhinə istifadə etmədim.

Əksinə, istəyirdim ki, AXC-də sədr dəyişikliyi olsun və Tofiq Qasımov seçilsin.

Ancaq sonralar gördünüz də onun başına nələr gəldi. Onu sürgün etdilər və sürgündə öldü.

Bir çox sirləri də özüylə apardı.

Amma danışsaydı, yazsaydı, böyük xidmət olardı.

Görünür, imkan verməyiblər, fəxri sürgündə də nəzarət altında olub…

Nə isə, uzun söhbətdir…

 Musavat.com

Bu gün, 00:16
Go back