Homepage / ATƏT sədrliyi uğrunda diplomatik SAVAŞ - Azərbaycan ÖN planda

ATƏT sədrliyi uğrunda diplomatik SAVAŞ - Azərbaycan ÖN planda

Azərbaycan ATƏT-ə sədrlik etməyə hazırdır.

Paytaxt.org təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə məlumat ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrə Federal Şurasının üzvü İqnasio Kassis noyabrın 19-da Vyanada keçirilən ATƏT Daimi Şurasının xüsusi iclasında Təşkilatın 2027-2029-cu illər üzrə sədrliklərinin müəyyənləşdirilməsinə dair paket təklifində yer alıb. https://www.osce.org/chairpersonship/669951

Qeyd olunub ki, 57 iştirakçı dövlətin əksəriyyəti üçillik həll prinsipini geniş şəkildə dəstəkləyib. İştirakçı dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra İsveçrənin sədrliyi təşkilatın fəaliyyətində davamlılığı gücləndirmək, planlaşdırma və səmərəliliyi artırmaq, eləcə də regional balansı təmin etmək məqsədilə çoxillik yanaşma təklif edib. İclas zamanı Ermənistan, Avstriya, Azərbaycan və Norveç gələcəkdə ATƏT-ə sədrlik etməyə hazır olduqlarını bildiriblər. Kipr və Gürcüstan isə hələ də konsensus əldə edə bilməyən namizədliklərini bir daha təsdiqləyiblər. 57 iştirakçı dövlətin hamısının razılığını əldə etmək üçün əlavə məsləhətləşmələrin aparılmasına ehtiyac var.

İsveçrənin sədrliyi dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçirilməsi planlaşdırılan ATƏT Nazirlər Şurasının iclasına qədər (red: ATƏT Nazirlər Şurasının 33-cü iclası 2026-cı il dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçiriləcək) bu istiqamətdə səylərini davam etdirəcək.

Siyasi kuluarlarda dolaşan mülahizələrə görə, son günlər Avropanın aparıcı ölkələrinin xarici işlər nazirlərinin Azərbaycana ard-arda səfərlərinin səbəblərindən biri də məhz ölkəmizin təşkilata sədrlik etməsi ilə bağlı ola bilər. Ekspertlər düşünürlər ki, Azərbaycanın beynəlxalq platformalarda uğurlu təmsilçiliyi, o cümlədən bir sıra tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ATƏT-ə sədrlik şansını artırır.

Attachment

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hesab edir ki, Azərbaycanın ATƏT sədri olması üçün kifayət qədər şansı, potensialı və resursları var. Musavat.com-a şərhində o, bildirib ki, Azərbaycan ATƏT-in əsaslandığı fundamental, yəni beynəlxalq hüququn əsas prinsiplərinə-dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin suveren bərabərliyi, daxili işlərə qarışmamaq və s. sadiqdir və öz xarici siyasətində də bu sadiqliyi hər zaman nümayiş etdirir. 

Eyni zamanda,Bölkəmiz çoxtərəfli diplomatiyada kifayət qədər təcrübəyə malikdir - Azərbaycan vaxtilə böyük platforma və hərəkat olan Qoşulmama Hərəkatına sədrlik edib, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Bir sözlə, ölkəmizin çoxtərəfli diplomatiyada kifayət qədər uğurlu təcrübəsi var. Eyni zamanda, Azərbaycanın xarici siyasətinə nəzər salsaq, ölkəmiz çoxvektorlu və balanslı xarici siyasət həyata keçirir, yəni həm Qərb dövlətləri, həm qeyri-Qərb dövlətləri, həm də Rusiya ilə münasibətləri mövcuddur”.

M. Məmmədli vurğulayıb ki, hazırda ATƏT böhran dövrünü yaşayır: “Son illərdə Rusiya və Qərb ölkələri tərəfindən irəli sürülən təkliflər dəfələrlə qarşılıqlı olaraq bloklanıb. Başqa sözlə desək, geosiyasi qarşıdurma ATƏT platformasında da aydın hiss olunur. Belə bir məqamda Azərbaycanın orta güc kimi həm Qərblə, həm Rusiya ilə, həm də digər dövlətlərlə yüksək səviyyəli münasibətləri nəzərə alındıqda, ölkəmizin ATƏT-in növbəti sədri seçilmək şansı var.

Təbii ki, nəzərə almaq lazımdır ki, ATƏT-ə 57 üzv dövlət daxildir və qərarlar konsensus yolu ilə qəbul olunur, yəni bir dövlətin etirazı və ya vetosu qərarın qəbul olunmasına imkan vermir. Prosedur və nəzəri baxımdan, təbii ki, Ermənistan da ölkəmizin növbəti sədrliyinə hansısa formada etiraz edə bilər, bu, mümkündür. Ermənistanın özünün də ATƏT-ə sədrlik etmək istədiyini bəyan etdiyini nəzərə almaq lazımdır. Düşünürəm ki, bu məsələ Azərbaycan ilə Ermənistan, eləcə də iddialı digər dövlətlər arasında danışıqlar və qarşılıqlı kompromis yolu ilə həll oluna bilər. Üstəlik, hazırda Ermənistan-Azərbaycan normallaşma prosesində müsbət dinamika müşahidə olunur və bu proseslərin fonunda tərəflərin məsələdə müəyyən kompromisə gələ biləcəyini düşünürəm. Eyni zamanda ölkəmizin ATƏT-in digər dövlətləri ilə də yüksək səviyyəli münasibətləri var. Son bir neçə gündə Almaniya, İtaliya və Litvanın xarici işlər nazirləri ölkəmizə səfər ediblər. Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə kifayət qədər yüksək münasibətləri var. Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və regional təhlükəsizlik kimi mühüm məsələlərdə ATƏT-in Avropa ölkələri ilə yaxından əməkdaşlıq edir.

Düşünürəm ki, Azərbaycanın ATƏT sədrliyinə iddiasının kifayət qədər əsası var. Birincisi, bu, Azərbaycanın regional təhlükəsizliyə töhfə vermək istəyindən xəbər verir və biz bu istəyin ifadəsi kimi ona müsbət yanaşmalıyıq. Bundan əlavə, iddia və istəklə paralel olaraq, ölkəmizin ATƏT-ə uğurlu sədrlik etməsi üçün kifayət qədər institusional təcrübəsi, əlaqələri və resursları var”.

Bu gün, 15:56
Go back