Homepage / Əli Kərimlinin sensasion səs yazısı yayıldı – Məhkəmədə nələr deyib?

Əli Kərimlinin sensasion səs yazısı yayıldı – Məhkəmədə nələr deyib?

AXCP sədri Əli Kərimliyə aid olduğu deyilən səs yazısı yayılıb. Səs yazısında Kərimli Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu “üzəduran” adlandırıb. Diqqətçəkən məqam budur ki, Sərdar Cəlaloğlu bir müddət əvvəl Əli Kərimlinin əleyhinə ifadə vermədiyini bildirmişdi. Ötən həftə Əli Kərimliyə yaxın sosial media səhifələrində də Sərdar Cəlaloğlunun AXCP sədrinin əleyhinə məhkəmədə ifadə vermədiyi məlumatı tirajlanmışdı.

Bəs əslində nə baş verir?

Paytaxt.org xəbər verir ki, Globalinfo.az-a danışan Sərdar Cəlaloğlu deyib ki, bu səs yazısı süni intellekt vasitəsilə hazırlanıb:

“O səsin Əli Kərimliyə aid olmadığını göstərən faktlar var.

Birincisi, Əli Kərimli nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı çıxış edir. Faktiki olaraq susur, ifadələrə cavab vermir.

İkincisi, mən ibtidai istintaq zamanı verdiyim ifadədə də yazmışam ki, Əli Kərimli heç vaxt qeyri-qanuni hakimiyyət dəyişikliyində iştirak etməz. Məhkəmədə də bu fikrimi olduğu kimi təsdiqləmişəm.


Üçüncüsü, Əli Kərimli məhkəmədə mənə heç bir sual verməyib. Çünki mən ona qarşı irəli sürülən ittihamın tam əksinə ifadə vermişəm. Düzdür, məhkəmə prosesi qapalı keçirilib və orada kənar şəxslər olmayıb. Amma Əli Kərimlinin vəkilləri, özü, hakim və ittiham olunan Məhəmməd adlı şəxs orada iştirak ediblər. Yəni məhkəmədə kifayət qədər adam olub”.

S.Cəlaloğlu onunla Əli Kərimli arasında hər hansı üzləşmə baş vermədiyini açıqlayıb:

“Sadəcə, ifadəmi verib çıxandan sonra Əli Kərimli hakimdən icazə istəyərək mənimlə danışmaq istədiyini bildirib. Hakim əvvəlcə onun mənə sual verəcəyini düşünüb, lakin Əli Kərimli sözünün olduğunu deyib. Mən yaxınlaşanda isə o, mənə belə dedi: “Sərdar bəy, mən ibtidai istintaqda heç bir ifadə verməmişəm”. Mən də cavab verdim ki, Əli bəy, bilirəm, hamı bilir ki, siz istintaqda iştirak etmisiniz. Mənim adımı Rauf Arifoğlu ilə eyni sıraya qoymağa çalışırlar. Halbuki Rauf Arifoğlu sübut etməyə çalışıb ki, Əli Kərimli onunla dövlət çevrilişi ilə bağlı söhbətlər aparıb, Ramiz Mehdiyevlə onu tanış etməyi xahiş edib və sair. Mən isə onun dediyi fikirlərə yaxın heç bir fikir səsləndirməmişəm ki, adımı da Rauf Arifoğlu ilə eyni sıraya qoysunlar. Əvvəla, onu deyim ki, Azərbaycan istintaq orqanları istənilən vətəndaşı istintaqa çağıra bilər. Həmin vətəndaşın isə çağırışa getməmək hüququ yoxdur. İkincisi, Əli Kərimlinin tərəfdarları Ramiz Mehdiyev həbs olunandan sonra məni və bacım oğlu Vüqar Məmmədovu onunla əməkdaşlıqda ittiham etməyə cəhd göstərdilər. Bizi də həmin çirkli prosesə qoşmağa çalışdılar. Mən də Əli Kərimlinin simasında onun tərəfdarlarına cavab verdim ki, özünüzün hakimiyyətlə oynadığınız oyunlara baxıb bizi də belə oyunların iştirakçısı kimi cəmiyyətə təqdim etməyin. Şəxsən mən heç vaxt inanmıram ki, Əli Kərimli belə bir söz desin. Bu səs yazısını sadəcə süni intellektə verərək hazırlayıblar. Elə oradakı sual-cavabdan da görünür ki, bu, süni intellekt məhsuludur. Hətta həmin səs yazısında da Əli Kərimli mənim onun əleyhinə ifadə verdiyimi və üzünə durduğumu demir. Sadəcə, öz münasibətini bildirir və guya öz aləmində Sərdar Cəlaloğlu haqqında nəsə deyir”.

Partiya sədri qeyd edib ki, özünü Əli Kərimli ilə eyni tərəzidə görmür və görməz də:

“Çünki mən onun keçdiyi yolu heç vaxt keçməmişəm və keçmərəm də. Həyatımı qurban verərəm, amma həmin yolu keçmərəm. Hər kəsin öz yolu, öz prinsipi, hakimiyyətə gəlmək əxlaqı və davranışı var. Ona görə də açıq deyim ki, məhkəmədə belə bir səs yazısı olmayıb və ola da bilməz. Əvvəla, məhkəməyə səs yazan aparatları aparmırlar, bütün telefonları girişdə təhvil alırlar. Bəs bunu kim yaza bilərdi? Ona görə də düşünürəm ki, bu, saxta materialdır. İndi süni intellektə bir adamın səsini təqdim edin, sizə iki saatlıq mətni həmin adamın dilindən, eyni səslə oxusunlar. Bu gün süni intellekt insanların hərəkətlərini müxtəlif proseslərdə təsvir edə, onların səsi ilə istənilən nitqi hazırlayıb yaya bilər.

serdar 1 900x658 2

Sərdar Cəlaloğlu

Süni intellektin belə imkanları var. Mən Əli Kərimlini vicdanını tamamilə itirmiş, məni Rauf Arifoğlu ilə eyni sıraya qoyacaq bir adam hesab etmirəm. Çünki Rauf Arifoğlu ilə bağlı mübahisələr olub, o, Əli Kərimlini təhqir edib. Amma mən ifadə verərkən Əli Kərimli olduqca mədəni davranıb, heç bir mənfi reaksiya göstərmədən, atmaca atmadan və söz demədən məni dinləyib. Mən orada Əli Kərimliyə qarşı irəli sürülən ittihamın əleyhinə ifadə vermişəm, həmin ittihamın əsassız olduğunu demişəm. Hətta misal çəkmişəm ki, vaxtilə Ramiz, Rövşən və Surətin dövlət çevrilişi cəhdi zamanı Əli Kərimli də həmin çevrilişin əleyhinə olub. Bizimlə birlikdə bəyanat verib, həmin proseslərə qarşı çıxış edib”.

S.Cəlaloğlu deyib ki, görünür, indi kimlərsə onun Əli Kərimlinin əleyhinə ifadə verməməyindən narahatdır və münasibətləri qızışdırmağa çalışır:

“Mənim adi bir sözümə görə, Əli Kərimlinin qəhərləndiyini, hətta vəkilinin onun ağladığını dediyini iddia edirlər. Belə gülünc və qərəzli yanaşmalar var. Allah var. Biz insanlar qarşısında özümüzü təmizə çıxarmağa çalışa bilərik, amma Allahın qarşısında heç kəs özünü təmizə çıxara bilməz. Mən öz vicdanım qarşısında hesabat verirəm. Özüm həbsxanada olmuşam, mənim də üzümə yalandan ifadə verən insanlar olub. Öz başıma gəldiyinə görə heç kimin nahaqdan həbs olunmasını istəmərəm. Hətta Əli Kərimlinin əleyhinə ifadə verməkdənsə, gedib onun yerinə dəmir barmaqlıqlar arxasında oturaram, nəinki əleyhinə ifadə verərəm. Əli Kərimli ilə şəxsi münasibətlərimiz son 15 ildə yaxşı olmayıb. Bu müddətdə nə onunla danışmışam, nə hər hansı məclisdə olmuşam, nə tədbirlərində iştirak etmişəm, nə də o bizim tədbirlərimizdə iştirak edib. Heç bir ünsiyyətimiz olmayıb. Son 10-15 ildə canlı şəkildə sıravi cəbhəçi ilə belə qarşılaşmamışam. Üz-üzə də gəlməmişik. Faktiki olaraq münasibətlərimiz kifayət qədər gərgin olub. Bunun səbəbkarı da yenə Əli Kərimli və onun tərəfdarları olub. Mən belə intriqalara meylli deyiləm. Əli Kərimlinin 20-30-a yaxın trolu var. İnternetdə oturub, hərəsinin 10-15 saxta sosial şəbəkə profili var. Ağızlarına gələni danışırlar. Söhbət təkcə məndən getmir, bütün müxalifət liderləri haqqında istədiklərini deyirlər. Əli Kərimli haqlı-haqsız, əsaslı və ya əsassız şəkildə təriflənir, göylərə qaldırılır. Bu, yanlış metoddur. Çünki beş-on trolun fikri sosial şəbəkələrdə iştirak edən insanların rəyinə müvəqqəti təsir göstərə bilər, amma real həyata qayıdanda hər kəs hər kəsə öz həqiqi qiymətini verəcək. Mən Əli Kərimlinin əleyhinə ifadə verməmişəmsə və onunla üzləşməmişəmsə, niyə belə fikirlər yayılır? Yenə deyirəm, süni intellekt vasitəsilə hazırlanan materialları mətbuata yaymaq ləyaqətsizlikdən başqa bir şey deyil. Əli Kərimlinin gözündə böyük şəxsiyyət olmağa da cəhd göstərmirəm. O, azadlığa çıxsa da, həbsdə qalsa da, mənim ona münasibətim dəyişməyəcək. Belə məlumatlar, açığı deyim ki, ürək bulandırır. Mənim belə məsələlərə cavab verməyə vaxtım azdır. Əgər Əli Kərimlinin tərəfdarları bizi Ramiz Mehdiyevlə əlaqələndirməyə çalışırdılarsa, özü də mənim haqqımda mənfi fikir səsləndiribsə, bunu təbii hesab edirəm. Çünki onun yüz nümayəndəsi Əli Kərimlinin məsləhəti olmadan ağızlarını açıb bir kəlmə danışmırlar. Deməli, onlara da tapşırığı elə Əli Kərimli verib”.

Sərdar Cəlaloğlu daha bir maraqlı məqama toxunub:

“Əgər doğrudan da Əli Kərimli məhkəmədə mənim haqqımda belə fikirlər səsləndiribsə, bir məqamı xatırladım: Əli Kərimli hələ tutulmamış, ona qarşı cinayət işi açılmamış tərəfdarları bizim əleyhimizə kampaniya başlatmışdılar. Mən də həmin kampaniyaya cavab vermişəm. Məhz bu cavabıma görə Milli Təhlükəsizlik Komitəsinə çağırılmışam. Orada mənə Əli Kərimlinin dövlət çevrilişinə cəhdi və ya Ramiz Mehdiyevlə əlaqələri ilə bağlı heç bir sual verilməyib. Sadəcə, mən müstəqil şəkildə bəyanat vermişəm. Əli Kərimlini xarakterizə edərkən onun mənfi keyfiyyətlərinin olmasına baxmayaraq, heç vaxt qeyri-qanuni hakimiyyət dəyişikliyində iştirak etməyəcəyini bildirmişəm. Vəssalam. Mənim ibtidai istintaqda verdiyim ifadə bundan ibarətdir. Məhkəmədə də həmin ifadəmi olduğu kimi təsdiqləmişəm. Hətta əlavə dəlillərlə sübut etməyə çalışmışam ki, Əli Kərimli qeyri-qanuni dövlət çevrilişlərində və hakimiyyətin qeyri-qanuni yolla ələ keçirilməsi prosesində iştirak etməz. Əgər Əli Kərimli buna görə məni söyüb təhqir edibsə, bunu onun öz vicdanına buraxıram. Daha nə deyə bilərəm?!”

Bu gün, 13:47
Go back