Analiz

Azərbaycanda dünyanı qorxudan Marburq virusu yayılıb? - AÇIQLAMA

post-img

Xəbər verdiyimiz kimi, alimlər Marburq virusuna yoluxmaların artması ilə bağlı xəbərdarlıq edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Marburq virusu yoluxduğu insanların təxminən yarısını öldürə bilər və keçmiş epidemiyada yoluxmuşların 88 % -i ölüb.

Maraqlıdır, yenidən aktivləşən bu virusun ölkəmizə gəlmə ehtimalı varmı?

İnfeksionist-hepatoloq Mərdan Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Avropadan bizə gəlməsi mümkündür:

"Bu, hemorragik virus xəstəliklər qrupuna daxildir. Bu xəstəliklərdə qansızmalar müşahidə edilir, yüksək qızdırma olur. Daxili orqanlara qansızmalar, dəridə səpkilər müşahidə edilir, xəstəlik ümumilikdə ağırgedişli hesab olunur.

Bu virus infeksiyası endemikdir, adətən bizim regionda hemorragik qızdırmalara rast gəlinmir. Nadir rast gəlinən bir şeydir. Avropadan bizə gəlməsi isə mümkündür. Çünki Avropada varsa, bizə gəlmə ehtimalı var. Hazırda isə Avropada tək-tük yoluxma halları müşahidə olunur".

Onun sözlərinə görə, xəstəlik koronavirus və qızılcadan fərqlənir:

"Bu virus daha çox sıx təmasla yoluxur, yəni hava-damcı yolu ilə yoluxulan xəstəlik deyil. Ən sürətli yoluxma hava-damcı yolu ilə yoluxulan xəstəliklərdir. Koronavirus belə xəstəliklər qrupuna aid idi. Amma Marburq qızdırması belə deyil.

Ona görə bu qızdırma sürətlə yoluxan deyil və bu səbəbdən ölkəmizə gəlməsi qorxulu hesab olunmur. Bu xəstəlikdən biz rahatlıqla özümüzü qoruya bilərik. Yəni, bu xəstəliyə yoluxan şəxslə sıx təmasda olmadan xəstəlikdən qorunmaq olar".

Xatırladaq ki, virusun ilk aşkar edildiyi 1967-ci ildən bəri Cənubi və Şərqi Afrika, eləcə də Avropada 12 "Marburq qızdırması" hadisəsi qeydə alınıb.

2005-ci ildə Anqolada "Marburq qızdırması"na yoluxan 252 nəfərdən 220 nəfəri və ya 90 faizi vəfat etmişdi.

Alimlər bildirirlər ki, "Marburq qızdırması"nda ölüm nisbəti 90 faizədək çata bilər.

Marburq virusunun da orijinal daşıyıcısı meyvə yarasalarıdır. İnsana yoluxma yarasaların qonduğu və toxunduğu meyvə ağaclarının meyvəsini yedikdə olur.

Xəstəliyin simptomları hemorragik qızdırma, güclü baş, bədən ağrıları, qusma, ishal, qanlı qusma, dəridən qanamadır.

İnkubasiya dövrü 7 gündür, sonra qızdırma qəfildən 40 dərəcəyə qədər qalxır.

Oxşar xəbərlər