Gündəm

Paşinyandan şok açıqlama: “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”

post-img

Paytaxt.org xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında son günlər ölkədə təhlükəsizlik xidmətləri tərəfindən ifşa edilən planla bağlı sensasion açıqlama verib. O, bu planın ölkənin dövlətçiliyinə, təhlükəsizliyinə və sabitliyinə qarşı yönəlmiş cinayət olduğunu bildirib.

“Əsas məsələ odur ki, Respublika Ermənistanına qarşı hazırlanmış bir cinayət planı ifşa edilib və onun reallaşmasının qarşısı alınıb,” – deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, dünən sosial şəbəkələrdə bu mövzuda geniş müzakirələr aparılıb. Bir çox istifadəçi “Ermənistanda yeni bir 27 oktyabr terror aktının qarşısı alınıb” fikrini bölüşüb, digərləri isə 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş verən qanlı terror aktı ilə bağlı sual qaldırıblar – həmin faciə niyə və necə vaxtında qarşısı alına bilmədi?

“Hesab edirəm ki, bu da cavabı tapılmalı olan suallardandır. Ümid edirəm ki, ölkəmizin hüquq-mühafizə orqanları bu suala cavab tapmaq üçün də səylərini əsirgəməyəcəklər”, – deyə Paşinyan bildirib.

Musavat.com-dan xatırlatma: 27 oktyabr 1999 terror aktı

Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinə silahlı hücum olmuş, nəticədə o zamankı parlamentin spikeri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan da daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər qətlə yetirilmişdi. Hadisə Ermənistan siyasi tarixində ən qanlı və qaranlıq səhifələrdən biri olaraq qalır.

Paşinyanın bu günkü çıxışı isə göstərir ki, ölkə daxilində sabitliyi pozmaq və hakimiyyətə qarşı təxribatlar planlaşdırıldığına dair ciddi narahatlıqlar mövcuddur.

Oxşar xəbərlər