Gündəm

Din xadimləri üzərindən Azərbaycana qarşı yeni kampaniya! - Sahib Məmmədovdan sərt açıqlama

post-img

Azərbaycanda yeni qüvvəyə minmiş “Dövlət Qulluğu Məcəlləsi”ndə din xadimlərinin dövlət qulluğunda çalışmasına qoyulan məhdudiyyət Azərbaycan və Türkiyə mediasında geniş müzakirələrə səbəb olub. Lakin hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, bu məhdudiyyət yeni deyil və əvvəlki qanunvericilikdə də müvafiq müddəalar mövcud olub.

Paytaxt.org xəbər verir ki, hüquqşünas Sahib Məmmədov məsələ ilə bağlı açıqlama verərək yaranmış ajiotajın əsassız olduğunu bildirib.

Hüquqşünasın açıqlamasını olduğu kimi təqdim edirik:

"Stəkanda fırtına yaradanların növbəti kampaniyası

Din xadimləri əvvəlki qanunlara əsasən də dövlət qulluğunda və seçkili vəzifədə ola bilməzdi.

Yeni qüvvəyə minmiş “Dövlət Qulluğu Məcəlləsi”ndə kimlərin dövlət qulluqçusu ola bilməməsi göstərilib. Sırada din xadimləri də göstərilir. Əslində, bu Məcəllə qüvvəyə minənə qədər qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna görə də din xadimləri dövlət qulluqçusu ola bilməzdi. Qanunda birbaşa göstərilməsə də, 20.1.8-ci maddədə deyilirdi ki, “dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə” ixtiyarı yoxdur. Hazırda dövlət qulluğunda hansısa din xadiminin çalışmasına dair məlumat da yoxdur.

Həmçinin din xadimi dedikdə konkret dini müəssisədə çalışan şəxs başa düşülür.

“Dini etiqad azadlığı haqqında” Qanunun 4-1-ci maddəsinə əsasən, “Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir” və “Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda, onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır”.

Yəni din xadimi olmuş şəxs indi də, bundan sonra da dövlət qulluqçusu ola bilər, bir şərtlə ki, həmin vaxtdan dini fəaliyyətini və din xadimi kimi fəaliyyətini dayandırsın.

Konstitusiyanın da müvafiq müddəaları dolayısı ilə din xadimlərinin dövlətin idarə edilməsində iştirakına məhdudiyyət qoyur. Din xadimləri həmçinin seçkili vəzifələr tuta bilməz.

Bir sözlə, bizdə və Türkiyə mediasında dünəndən başlayan ajiotaj üçün heç bir əsas yoxdur.

Məcəllədə əvvəldən də mövcud olan məhdudiyyətin konkretləşdirilməsi 1995-ci ildə qəbul olunan Konstitusiyanın 18-ci maddəsindən irəli gələn tələbdir".

Musavat.com

Oxşar xəbərlər