Gündəm

Bakı Moskvaya mesaj verdi - Kritik görüşdən sonra nələr dəyişəcək?

post-img

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya rəsmi səfəri və bu çərçivədə Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirilən görüş ikitərəfli münasibətlərin gələcək gündəliyi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bu sözləri Musavat.com-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

İSKENDER.jpeg (149 KB)

Deputat bildirib ki, Azərbaycan və Rusiya regionun aparıcı dövlətləri kimi qarşılıqlı maraq doğuran məsələləri daim siyasi-diplomatik dialoq yolu ilə müzakirə etməyə üstünlük verirlər:

“Ceyhun Bayramov və Sergey Lavrov arasında keçirilən görüş də məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Görüşdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat-kommunikasiya layihələri, regional təhlükəsizlik, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə yaranmış yeni reallıqlar müzakirə olunub”.

Vüqar İskəndərov qeyd edib ki, son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərində müəyyən həssas məqamlar yaşansa da, məhz belə yüksək səviyyəli təmaslar mövcud məsələlərin açıq şəkildə müzakirəsinə, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir:

“Dövlətlərarası münasibətlərdə dialoq həmişə ən səmərəli vasitə olub və Bakı da bu prinsipə sadiqdir”.

Deputat vurğulayıb ki, Bayramov-Lavrov görüşü yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regionda sabitliyin qorunması, Azərbaycan-Ermənistan normallaşma prosesi və beynəlxalq gündəmdəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi üçün mühüm platformadır.

“Azərbaycanın mövqeyi aydındır. Bütün münasibətlər qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə əsaslanmalıdır. Ölkəmiz müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. Moskva ilə dialoq da bu siyasətin tərkib hissəsidir və milli maraqlarımızın təmin olunmasına xidmət edir. Bu baxımdan Ceyhun Bayramovun Moskvaya səfəri və Sergey Lavrovla keçirdiyi görüşün praktik nəticələr verəcəyi gözləntiləri kifayət qədər yüksəkdir”, - deyə deputat əlavə edib.

Oxşar xəbərlər