Manşet

Tanınmış şairin adına olan küçələrə qan axıdılır - ADSEA və Abşeron İH-dən ŞİKAYƏT+FOTOLAR

post-img

Yaxın günlərdə Bakıda qeyri-sabit hava şəraiti şəhərin bütün kənd və qəsəbələrini iflic etmişdi. Bu barədə görüntülər sosial şəbəkələrdə də viral oldu. “Təbiət fənni”ni yaxşı bilməyənlərin çəkdiyi kanalizasiya xəttləri ötürücülük kimi öhdəliyini yerinə yetirmədi. Bu ilk idi, yox! Bu, son olacaq, o da yox! Bakı merinin də məlum açıqlaması belə idi ki, şiddətli yağışlar yağan zaman tunellər bağlansın, istifadə üçün məhdudiyyət qoyulsun. Bu çıxış yolundan da “fatıya tuman” olmaz desəm, leysan kimi yerinə düşər. Təbii ki, bu ayrı bir məsələnin mövzusudu.

Yazının girişində dediyimiz kimi, Bakının kənd və qəsəbələrini iflic qoyan yağış, kim deyər ki, bir də yağmayacaq. Yağacaq da, kanalizasiyalar dolub lüklardan daşacaq da...

Elə bu yazıda Bakının bir addımlığında, cəmi 10 kilometirliyində olan insanların sıx məskunlaşdığı bir qəsəbəsindən danışacağıq.
Kanalizasiyaların dolub insanların evlərinə daşdığı ərazidən. İndi elə şəkil təqdim edəcəyik ki, adam çaş-baş qalır. Burada insan öldürüblər, ya nədir belə. Qan küçələri al-qırmızıya boyayıb.

Bakupost.az

Fotonun çəkildiyi yer isə Masazır, Əliağa Vahid küçəsindəndi. Heç olmasa şairin adından utanmalı idilər.

Saytımıza sakinlərin verdiyi məlumata görə, bütün günü lüklardan qan axır. Ətrafa axan qan üfunət qoxusu yayır. Bu barədə isə tədbir görən yoxdur.
Abşeron RİH deyir ki, ADSEA-nın məsələsidi, təklif və şikayətləri bildirmişik. Sözügedən qurum da deyir ki, Masazırda yaşayış evləri icazəsiz ərazilərdə tikilib, oranın da kanalizasiya sistemi üçün layihə yoxdur. Layihəyə salınmayıb deyən ADSEA ay sonu su-kanalizasiya üçün pul yığır. Bəs bu necə olur?

Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov bildirib ki, problemin qısa vaxt ərzində aradan qaldırılmasına başalanılacaq. Adıçəkilən qurumdan o da bildirildi ki, hazırkı xoşagəlməz vəziyyət araşdırılır. Tezlikdə ciddi tədbirlər görüləcək. Sakinlər həmçinin kəsilən heyvanın qanının küçəyə axması problemi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyi planlaşdırırlar.

Amma qısa vaxtın üstündən aylar keçir. Ərazi yenə qan içində...

Bakupost.az
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvandakı bu vəziyyət tullantı su xəttinə heyvan hissələrinin atılması nəticəsində müşahidə edilir:

"Şəbəkəyə atılan heyvan qalıqları xətti tutur və ətrafa qanlı tullantı suyu axır. Nəzərə çatdıraq ki, bu hal bir neçə müddət öncə də baş verib, müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilərək xəttin fəaliyyətini bərpa ediblər. Vətəndaşların diqqətinə xüsusilə çatdırırıq ki, tullantı su şəbəkəsi yalnız tullantı suyunu axıtmaq funksiyasını daşıyır".

Yaxşı, ət kəsimi məntəqələri iaşə suyunu hara axıtmalıdır? Ət satışı yerlərinin axıtdığı su tullantı su sayılmır?

Bu suallara cavab tapmaq çox müşkül məsələdi.

Görünən isə odur ki, sakinlər hələ də, bu vəziyyətə dözməlidilər...

Şairin bu misralarını qurumların oxuması yerinə düşərdi:

Kimsə yox sakit otursun qulaq assın sözümə,
Qalmışam matu-məətəl kimə irad eləyim?


Aygün

Bakupost.az

Oxşar xəbərlər