Azərbaycan xalqının müasir tarixində taleyüklü hadisələr çox olsa da, onların arasında 15 İyun – Milli Qurtuluş Günü xüsusi yer tutur. Çünki bu tarix dövlət müstəqilliyimizin qorunub saxlanıldığı, xalqın parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edildiyi, Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirildiyi dönüş nöqtəsidir. Məhz 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı vətəndaş qarşıdurması, siyasi xaos və dövlətçilik böhranından qurtardı, ölkənin müstəqilliyini əbədi və dönməz etdi.
Bu gün Azərbaycanın qazandığı bütün uğurların, əldə etdiyi nailiyyətlərin, iqtisadi inkişafın, siyasi sabitliyin, beynəlxalq nüfuzun, ərazi bütövlüyünün və suverenliyinin təməlində məhz həmin tarixi Qurtuluş dayanır.

Məlum olduğu kimi Azərbaycan tarixində Heydər Əliyevin fəaliyyəti iki mühüm mərhələni əhatə edir. Birinci mərhələ onun sovet dövründə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illəri, ikinci mərhələ isə müstəqillik dövründə dövlətçiliyimizin xilası və inkişafı missiyasını əhatə edir.
1969-cu ildə Azərbaycan SSRİ-ə rəhbər seçilən Heydər Əliyev qısa müddət ərzində respublikanın sosial-iqtisadi həyatında əsaslı dönüş yaratdı. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri hesab olunurdu. Lakin Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük inkişaf mərhələsinə qədəm qoydu.
Onun rəhbərliyi illərində yüzlərlə sənaye müəssisəsi tikildi, yeni zavod və fabriklər istifadəyə verildi, kənd təsərrüfatında məhsuldarlıq artdı, minlərlə gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Bu dövrdə yetişən milli kadrlar sonradan Azərbaycanın müstəqillik illərində dövlət quruculuğunda mühüm rol oynadılar.
Heydər Əliyevin həmin illərdə həyata keçirdiyi siyasətin ən mühüm nəticələrindən biri milli özünüdərkin güclənməsi, Azərbaycançılıq ideyasının formalaşması və gələcək müstəqil dövlətçilik üçün möhkəm təməlin yaradılması oldu.
1991-ci ildə isə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə son dərəcə ağır vəziyyətlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal edilir, ölkə daxilində siyasi qarşıdurmalar dərinləşir, iqtisadiyyat iflic vəziyyətinə düşürdü.

1992-1993-cü illərdə vəziyyət daha da ağırlaşdı. Hakimiyyət böhranı, idarəetmədə səriştəsizlik, silahlı qruplaşmaların fəaliyyəti, bölgələrdə separatçılıq meylləri Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Dövlət institutları faktiki olaraq fəaliyyət qabiliyyətini itirmişdi. Hətta Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu belə ciddi təhlükə altına düşmüşdü.
1993-cü ilin iyun hadisələri isə vəziyyətin nə qədər kritik olduğunu açıq şəkildə göstərdi. Ölkədə hakimiyyət boşluğu yaranmış, mərkəzi idarəetmə zəifləmış, dövlətçiliyin süqutu real təhlükəyə çevrilmişdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin bərpası prosesi başlandı. Vətəndaş qarşıdurmasının qarşısı alındı, separatçılıq meylləri neytrallaşdırıldı, dövlət institutları möhkəmləndirildi və Azərbaycanın parçalanmasının qarşısı qətiyyətlə alındı.
Heydər Əliyevin rəhbərliyi altında qısa müddət ərzində ölkədə qanunçuluq təmin edildi, nizami ordu quruculuğuna başlanıldı, beynəlxalq əlaqələr genişləndirildi və dövlətçilik ənənələri bərpa olundu.
Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətçilik modelini yaratmasıdır. Onun rəhbərliyi ilə yeni Konstitusiya qəbul edildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, demokratik institutların formalaşdırılması prosesi başladı.
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. Bu müqavilə ölkəyə milyardlarla dollar investisiyanın cəlb edilməsinə imkan yaratdı və Azərbaycanı beynəlxalq enerji xəritəsinin mühüm iştirakçısına çevirdi.
Eyni zamanda, Heydər Əliyev balanslaşdırılmış xarici siyasət kursu formalaşdıraraq Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkə regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Bu illər ərzində Azərbaycan sürətli iqtisadi inkişaf yolu keçdi, iri infrastruktur layihələri həyata keçirildi, ölkənin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirildi, sosial rifah yüksəldi və beynəlxalq mövqelər möhkəmləndi.
Xüsusilə enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən layihələr Azərbaycanı regionun əsas güc mərkəzlərindən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi layihələr ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırdı.
Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik siyasətinin ən parlaq nəticəsi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə oldu.
2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi. Beləliklə, müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən mühüm tarixi vəzifə yerinə yetirildi.

Bu gün Azərbaycan dünyanın siyasi xəritəsində müstəqil, suveren, güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz regionun lider dövlətinə çevrilib, beynəlxalq təşəbbüslərin fəal iştirakçısı kimi çıxış edir və qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Bütün bunların əsasında isə Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik fəlsəfəsi, milli maraqlara əsaslanan siyasi kurs və Azərbaycançılıq ideologiyası dayanır. Müstəqil, qüdrətli, qalib və suveren Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük təntənəsi, 15 İyun Milli Qurtuluş Gününün isə ən möhtəşəm nəticəsidir.
Xalidə Gəray