Manşet

Zakir İbrahimov və komandası "AzerGold"dan nə qədər qazanır? – RƏQƏMLƏR

post-img

2025-ci ildə "AzerGold" QSC-nin rəhbərliyinə ödənişlər ümumilikdə 3,96 milyon ABŞ dollarına çatıb.

Paytaxt.org xəbər verir ki, "AzerGold" QSC-nin əsas idarəedici heyətinə ödənişlər ötən illə müqayisədə 30,6% və ya 927 min ABŞ dolları artıb.

Belə ki, 2024-cü ildə mədən şirkətinin rəhbərliyinə ödənilən vəsait 3,03 milyon ABŞ dolları təşkil edib.

Maliyyə hesabatına əsasən, rəhbərliyə ödənilən vəsaitin 773 min ABŞ dolları əməkhaqlarının, 2,437 milyon ABŞ dolları qısamüddətli mükafatların, 747 min ABŞ dolları isə Dövlət Sosial Müdafiə Fonduna ayırmaların payına düşüb. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 693 min ABŞ dolları, 1,773 milyon ABŞ dolları və 564 min ABŞ dolları olub.

Şirkətin rəsmi strukturuna əsasən, əsas idarəedici heyət İdarə Heyətinin sədri, iki sədr müavini və 9 müşavirdən ibarətdir.


Beynəlxalq korporativ idarəetmə təcrübəsində rəhbər heyətin mükafatlandırılması vəzifə və məsuliyyət bölgüsünə uyğun diferensial qaydada həyata keçirilir. Bu yanaşmaya əsaslanan analitik hesablamaya görə, ümumi ödənişlərin təxminən 40%-i sədrə, 30%-i iki sədr müavininə, qalan 30%-i isə 9 müşavir arasında bölünə bilər.

Bu yanaşmaya əsasən, İdarə Heyətinin sədri Zakir İbrahimovun illik gəliri təxminən 1,58 milyon ABŞ dolları (aylıq 132 min ABŞ dolları), sədr müavinləri Xəyyam Fərzəliyev və İlqar Cəlilovun hər birinin illik gəliri təxminən 594 min ABŞ dolları (aylıq 49,5 min ABŞ dolları), hər bir müşavirin illik gəliri isə təxminən 132 min ABŞ dolları (aylıq 11 min ABŞ dolları) təşkil edə bilər.

Eyni yanaşma 2024-cü ilin göstəricilərinə tətbiq edildikdə, sədrin illik gəliri təxminən 1,21 milyon ABŞ dolları, hər sədr müavininin illik gəliri 454,5 min ABŞ dolları, hər müşavirin illik gəliri isə 101 min ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Başqa sözlə, analitik hesablamaya əsasən, 2025-ci ildə Zakir İbrahimovun gəliri təxminən 369 min ABŞ dolları, hər sədr müavininin gəliri 139 min ABŞ dolları, hər müşavirin gəliri isə 31 min ABŞ dolları artmış hesab oluna bilər.


2025-ci ilin sonuna "AzerGold" QSC və onun törəmə şirkətlərində işçilərin orta siyahı sayı 1 111 nəfər olub. Şirkət il ərzində əməkhaqqı, mükafatlar və sosial ödənişlər də daxil olmaqla işçi heyətinə ümumilikdə 12,667 milyon ABŞ dolları vəsait ödəyib. Beləliklə, bir işçiyə orta hesabla illik 11,4 min ABŞ dolları, aylıq isə təxminən 950 ABŞ dolları ödəniş düşüb.

Müqayisə üçün, rəhbər heyətin bir üzvünə düşən orta illik ödəniş 329,8 min ABŞ dolları təşkil edib ki, bu da sıravi işçiyə düşən orta illik ödənişdən təxminən 29 dəfə çoxdur.

Bundan başqa, 12 nəfərdən ibarət əsas idarəedici heyətə ödənilən 3,957 milyon ABŞ dolları, şirkətin 1 111 nəfərlik işçi heyətinə ödənilən ümumi vəsaitin 31,2%-nə bərabərdir. Başqa sözlə, işçilərin cəmi 1,1%-ni təşkil edən rəhbər heyət ümumi əməkhaqqı və mükafat fondunun təxminən üçdə birini alıb. (Plat.az)

Oxşar xəbərlər