Manşet

Ankaranın strateji “Avrasiya planı” reallaşır: Türkiyə qlobal güc mərkəzini Qərbdən Şərqə daşıyır

post-img

Türkiyə yalnız regionun deyil, Avrasiya məkanının da əsas geostrateji güc mərkəzlərindən birinə çevrilərək, qlobal təhlükəsizlik arxitekturasında daha təsirli iştirakçı roluna sahiblənmək imkanları qazanır... Bu, baxımdan, Türkiyənin ətrafında yeni hərbi-siyasi güc mərkəzinin formalaşma prosesinin gələcək taleyi məhz rəsmi Ankaranın qarşıdakı dövrdə atacağı qətiyyətli və prinsipial siyasi-diplomatik addımlardan asılı olacaq...

Türkiyənin birbaşa, həm də fəal şəkildə iştirakı ilə Yaxın Şərqdə, Orta Asiyada və bütöblükdə Türk dünyasında olduqca ciddi geopolitik proseslər cərəyan edir. Bu önəmli geopolitik proseslər onu göstərir ki, rəsmi Ankara artıq yalnız regional güc statusu ilə kifayətlənmək niyyətində deyil. Belə ki, Türkiyə tədricən öz ətrafında yeni təhlükəsizlik və hərbi-siyasi əməkdaşlıq platforması formalaşdırmağa çalışır. Və buna paralel olaraq da beynəlxalq münasibətlər sistemində müstəqil güc mərkəzinə çevrilmək istiqamətində ardıcıl və qətiyyətli addımlar atır.

Onu da qeyd etmək lazımdır ki, əgər, bu proses planlaşdırıldığı istiqamətdə uğurla inkişaf edərsə, yaxın illərdə qlobal siyasət məkanında Qərb və Şərq arasında tamamilə yeni qüvvələr balansı yarana bilər. Məhz bu baxımdan, Türkiyə və Pakistan arasında intensiv hərbi-siyasi yaxınlaşma prosesi həm də daha genişmiqyaslı geopolitik anlam daşıyır. Rəsmi İslamabad Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələdə Türkiyəyə prinsipial dəstəyini qətiyyən gizlətmir. Eyni zamanda, rəsmi Ankara isə Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini qətiyyətlə müdafiə edir. Və bu, iki dövlət arasında strateji münasibətlərin artıq yeni mərhələyə keçdiyini göstərir.

ee752bda71898d04f865c50616bdbc13c.jpg (244 KB)

Məsələ ondadır ki, bütün bunlar yalnız sadəcə, iki dövlət arasında qarşılıqlı siyasi dəstək örnəyi deyil, həm də ortaq geopolitik maraqlar üzərində qurulan uzunmüddətli strateji tərəfdaşlığın təzahürüdür. Belə ki, son illərdə Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi, hərbi texnologiyalar, PUA-ların istehsalı, hərbi dəniz qüvvələrinin modernləşdirilməsi və hərbi təlimlər sahəsində əməkdaşlığın sürətlə genişlənməsi də həmin strateji yaxınlaşmanın praktik nəticələri hesab oluna bilər. Ona görə də, Türkiyə və Pakistanın yeni hərbi ittifaqın yaradılması istiqamətində müəyyən hazırlıq işləri apardığına yönəlik məlumatlar da artıq qətiyyən təsadüfi görünmür. Və belə önəmli təşəbbüs barədə ciddi məlumatların olması isə həm də, mövcud geopolitik proseslər çərçivəsində müxtəlif qlobal ssenarilərin müzakirə olunmasına zəmin yaradır.

Maraqlıdır ki, bu prosesdə diqqəti çəkən digər önəmli məqamlardan biri də məhz yeni hərbi-siyasi əməkdaşlıq platformasının tərkibinin yalnız iki ölkə - Türkiyə və Pakistan ilə məhdudlaşmaya biləcəyi ilə bağlıdır. Belə ki, müxtəlif beynəlxalq analitik mərkəzlərin qiymətləndirmələrdə Səudiyyə Ərəbistanı və Misirin də belə bir təhlükəsizlik formatında iştirak ehtimalı qətiyyən istisna olunmur. Yəni, əgər, bu ssenari reallaşarsa, onda müsəlman dünyasının aparıcı dövlətlərini bir araya gətirəcək yeni hərbi-siyasi platforma bütövlükdə regional təhlükəsizlik arxitekturasına əhəmiyyətli səviyyədə təsir göstərə bilər.

Digər tərəfdən, bütün bunlarla yanaşı, daha uzunmüddətli perspektiv üçün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin də bu hərbi-siyasi yaxınlaşma prosesində iştirak imkanları artıq ehtiyatla da olsa, müzakirə edilməyə başlayıb. Belə ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanın Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olması isə bu ehtimalları daha da gücləndirən önəmli amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə də, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və müdafiə sahəsində sıx əməkdaşlığı rəsmi Ankara ətrafında formalaşa biləcək yeni təhlükəsizlik platformasının gələcək konturlarına birbaşa təsir göstərə biləcək faktorlar sırasındadır.

0f90b88b-99f2-48b7-b835-f1089244c100.jpg (211 KB)

Əslində, rəsmi Ankaranın son illərdə yürüdüyü çoxvektorlu xarici siyasət kursu da Türkiyənin bu strategiyasının tam dəqiqliyi ilə düşünülmüş geopolitik ssenari olduğunu təxmin etməyə imkan verir. Çünki rəsmi Ankara bir tərəfdən, NATO çərçivəsində fəaliyyətini davam etdirir, digər tərəfdən isə Türk dünyasında inteqrasiyanı sürətləndirməyə çalışır. Eyni zamanda, Türkiyə həm də Pakistan başda olmaqla, Asiya qitəsinin önəmli dövlətləri ilə hərbi-siyasi əməkdaşlığı genişləndirir. Və bu geostrateji yanaşma tərzi Türkiyəyə müxtəlif geopolitik iradə mərkəzləri ilə eyni vaxtda paralel əlaqələr qurmaq məkanı açır, rəsmi Ankaranın beynəlxalq təsir imkanlarını daha da artırır.

Onu da mütləq nəzərə almaq lazımdır ki, dünyanın siyasət məkanı hazırda dərin transformasiya dövrünü yaşayır. Belə ki, ənənəvi hərbi-siyasi ittifaqların effektivliyi tez-tez neqativ məzmunda müzakirə olunur. Ona görə də, əksər regional güclər buna paralel olaraq, öz alternativ və suveren təhlükəsizlik modellərini formalaşdırmağa çalışırlar. Və məhz belə bir şəraitdə Türkiyənin geostrateji təşəbbüsləri beynəlxalq münasibətlər sisteminə bağlı güc mərkəzləri tərəfindən də çox diqqətlə izlənilir.

0916d64e-5ca7-461f-9fcf-06612d470547.jpg (234 KB)

Düzdür, hazırda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə yeni hərbi ittifaqın yaradıldığını təsdiqləyən rəsmi qərar hələlik mövcud deyil. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin belə bir hərbi-siyasi platformaya qoşulacağı barədə də rəsmi bəyanatlar olmayıb. Çünki bütün bunların hələ intensiv müzakirə mərhələsində olduğu barədə olduqca ciddi məlumatlar mövcuddur. Ona görə də, Türkiyə ilə Pakistan arasında sürətlə dərinləşən strateji tərəfdaşlıq, müdafiə sahəsində əməkdaşlığın genişlənməsi və regional təhlükəsizlik çağırışları bu mövzunun qlobal məkanın geopolitik gündəmində daha çox yer tuta biləcətini göstərir.

Belə anlaşılır ki, əgər, hələlik intensiv müzakirələr üzərindən irəliləyən bu proses strukturlaşma çərçivəsinə qədər inkişaf edərsə, onda XXI əsrin ən önəmli geopolitik və geostrateji dəyişikliklərindən biri reallığa çevrilə bilər. Belə olacağı təqdirdəsə, Türkiyə yalnız regionun deyil, Avrasiya məkanının əsas geostrateji güc mərkəzlərindən birinə çevrilərək, qlobal təhlükəsizlik arxitekturasında daha təsirli iştirakçı roluna da sahiblənə bilər. Bu, baxımdan, Türkiyə ətrafında yeni hərbi-siyasi güc mərkəzinin formalaşma prosesinin gələcək taleyi böyük ölçüdə məhz rəsmi Ankaranın qarşıdakı dövrdə atacağı qətiyyətli və prinsipial siyasi-diplomatik addımlardan asılı olacaq. Və Türkiyənin mövcud dünya nizamını tamamilə dəyişə biləcək geopolitik ittifaqın mərkəzinə çevrilməsi qaçılmaz xarakter daşıyacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Oxşar xəbərlər