Son zamanlar istər yerli, istərsə də xarici film və seriallarda siqaret, alkoqol, xüsusilə də narkotik istifadəsinə dair səhnələr daha çox yer alır. Eyni zamanda filmlərin sujet xətti marifləndirməkdən çox, sanki reklama hesablanıb. Xüsusilə qadınların siqaret, spirtli içki və narkotik istifadəçisi obrazına girməsi birmənalı qarşılanmır.
Bu kimi səhnələrin film və seriallarda daha çox yer alması sanki planlı şəkildə həyata keçirilir. Bir sıra mütəxəssislərin fikrincə, Qərb məhz buna görə film istehsalçılarına qrant ayırır.
Məsələyə münasibət bildirən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Bizim.Media-ya bildirib ki, qumar, içki, siqaret, narkotik istifadəsinə dair səhnələri uzun müddət idi ki, ləğv etmişdilər:
“Yəni filmlərdə siqaret çəkən obraz olurdusa, həmin siqaretin üstünü blurlayırdılar. Bilmirəm vallah, sanki dünyada bir başsızlıq var, kimin ağlına nə gəlirsə, onu edir. Bir müddət bu, dövlət tərəfindən nizamlanırdı. İndi elə bil hansısa şirkət, qurum və ya istehsalçılar öz mallarını reklam etmək xətrinə, bu cür səhnələri filmlərə buraxırlar. Daha bu saytlarda, Tiktok səhifələrində nələr yoxdur? Bu mövzuda təbii ki, Milli Məclis qanun çıxartmalıdır. Elə qanun qəbul edilməlidir ki, narkotikin, siqaret və spirtli içkinin reklamı qadağan olunsun və filmlərdə belə şeylər təbliğ olunmasın”.