Siyasət

Parlamentin yeni tərkibi haqda iki məşhurun proqnozu: Bunlar baş verərsə..

post-img

Cəmiyyət Milli Məclisin tərkibindən heç vaxt razı qalmayıb. Bir neçə deputatı çıxmaq şərti ilə, əksəriyyət haqda tənqidi düşüncə hakim kəsilib.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi xəbəri bu istiqamətdə müzakirələri yenidən qızışdırıb. Bir çoxları düşünür ki, ciddi dəyişiklik gözləmək sadəlövhlük olar. Az qisim isə MM-in tərkibində nəzərə çarpacaq dəyişikliklər olacağını deyir.

Bu gözləntilərdən hansı özünü doğruldacaqmı?

Globalinfo.az-a danışan REAL Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli əslində, seçkilərin vaxtının dəyişdirilməsinin onlar üçün sürpriz qərar olmadığını bildirib.

O, parlament seçkilərinin noyabrdan daha tez keçiriləcəyini öncədən təxmin etdiklərini qeyd edib:

“Bunu təxmin etdiyimiz üçün də ötən ilin dekabr ayından artıq REAL partiyası olaraq seçki qərargahı yaratdıq. Elə o vaxtdan seçkilərə ciddi hazırlıqlar görürük. Öz adımızdan deyə bilərik ki, bu seçkilərdə çox ciddi və yaxşı bir proqramlarla, namizədlərlə iştirak edəcəyik”.

N.Cəfərli seçkilərlə bağlı gözləntilərini açıqlayıb:


“Gözləntimiz ondan ibarətdir ki, parlamentin yeni tərkibi olacaq. Bu tərkib isə ölkənin sosial-iqtisadi problemləri ilə daha yaxından və peşəkarcasına məşğul olmağa başlayacaq. İnsanların parlament institutuna güvənini artırmaq lazımdır. Parlament institutu çox vacibdir və orada xalqın gözləntilərinə cavab verən məsələlərin müzakirəsi mütləq təmin edilməlidir”.

AĞ Partiya sədri Tural Abbaslı deyib ki, seçkilərlə bağlı proqnoz vermək bir çox demokratik ölkələrdə uyğun olmur:

“Çünki seçicilərin necə seçəcəyini onlar daha gözəl bilirlər. İndi biz parlamentin tərkibinin dəyişəcəyi ilə bağlı nəsə deyə bilmərik. Bunu xalqdan soruşmaq lazımdır ki, normal seçkilər olacağı təqdirdə onlar parlamentin tərkibini dəyişəcəklərmi? Yeni insanlara səs verəcəklərmi? Yeni namizədlərə etimad göstərəcəklərmi? Namizədləri parlamentə onları təmsil etmək üçün göndərəcəklərmi? Əslində bu sual normal və demokratik ölkələrdə olur. Bizdə həm cəmiyyətdə, həm mediada, həm bir çox siyasilərdə də şüuraltı belə bir şey var ki, “iqtidar necə istəsə, elə də formalaşdıracaq”. Ona görə də bu barədə nəsə demək çətindir”.

T.Abbaslının fikrincə, demokratik, şəffaf və ədalətli seçki baş tutarsa, parlamentin tərkibində kifayət qədər dəyişikliklər ola bilər:

“Lakin ənənəvi qaydada keçiriləcəksə, bununla bağlı dəqiq nəsə demək yersizdir. Ümid edək ki, vətənə, millətə xeyirli olar, bütün dəyişikliklər müsbətə doğru gedər. Dünyanın hazırkı geosiyasi çaxnaşmalı zamanında Azərbaycan bugünkü siyasi çağırışlara, təhdidlərə uyğun bir dayanıqlı, xalqı ilə iç-içə olan parlament formalaşdıra bilər”.

Oxşar xəbərlər