Azərbaycan-Ermənistan şərti sərhədində son günlər atəşkəsin tez-tez pozulması təxribatın arxasında hansı qüvvələrin dayanması ilə bağlı suallar yaradıb.
Atəş Ermənistan tərəfdən açılsa da, eskalasiyanın baş verməsində müəyyən dairələrin maraqlı olduğu ehtimal edilir. Son günlər həm Naxçıvan MR, həm də Kəlbəcər rayonu istiqamətində hərbi toqquşmadan istifadə etmək istəyən tərəflər regionda marağı olan xarici dövlətlər, yaxud Ermənistanın öz daxilində sülh prosesini əngəlləmək istəyən revanşistlər də ola bilər.
Ümumilikdə, bütün təxribat şərti sərhəddə delimitasiya prosesinin və sülh razılaşmasının pozulmasına xidmət edir. Bundan isə daxili və xarici qüvvələr öz siyasi maraqlarını təmin etmək üçün bəhrələnməyə çalışır.
Ermənistanın siyasi sistemində yarımhərbiləşmiş partiyalar və terror təşkilatları legitim fəaliyyət hüququna malikdir. Nəticədə, Ermənistanda geosiyasi rəqabət aparan xarici dövlətlər həmin təşkilatlardan öz maraqlarına uyğun şəkildə istifadə edir.
Xatırladaq ki, bu ilin fevral ayında Zəngilan rayonunun Ermənistanın Qarakilsə rayonunun Nerkin Kəndi istiqamətindəki şərti sərhədində törədilən silahlı təxribat nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgəri yaralanmışdı. Azərbaycan tərəfinin cavab əməliyyatı nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilmişdi.
Sonra təxribatın Ermənistan ordusu tərəfindən deyil, “Yerkrapa” Könüllülər Birliyi adlanan terror təşkilatı tərəfindən törədildiyi, onların Ermənistan-Azərbaycan şərti sərhədində muzdlu əsasla xidmət keçdiyi məlum oldu.
Yəni Ermənistan nizami orduya malik deyil və onun tərkibində, hətta Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında iştirak etmiş terror qruplaşmaları fəaliyyət göstərir. Ona görə də sərhəddə vəziyyətin gərginləşməsini istəyən daxili və xarici qüvvələr bu paramilitar qruplardan və terrorçuların vasitəsilə eskalasiya törədir.
Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan revanşist müxalifətin əsas siyasi platformasını sərhədlərin delimitasiyasına qarşı etiraz təşkil edir. Bu baxımdan, son təxribatlar delimitasiya prosesini pozur və Baş nazir Nikol Paşinyanın real Ermənistanın de-yure sərhədlərinin təmin olunmasına dair arqumentlərini zəiflədir. Münaqişənin bərpası həmçinin, cəmiyyətdə radikal müxalifətin mövqeyini gücləndirir. Xarici təsirlərə gəlincə, burada iki dövlət daha çox maraqlı görünür.
Paşinyanın hakimiyyətdən getməsinə çalışan Rusiya atəşkəsin pozulmasına “kilsə-“Qarabağ klanı” ittifaqı”nın möhkəmlənməsi üçün əlverişli vasitə kimi baxır. Ermənistanda davam edən Rusiya-Qərb geosiyasi qarşıdurması, ABŞ rəsmilərinin İrəvana ardıcıl səfərləri fonunda Moskva revanşist müxalifətin əlini gücləndirməyə səy göstərir. Ermənistan ordusu daxilində Rusiyaya bağlı “5-ci kolon”un olması bütün diqqətləri Moskvaya yönəldir.
İkincisi, Rusiya Azərbaycan-Ermənistan sərhədinin ikitərəfli formatda razılaşdırılmasına qarşı çıxır. Yəni Kreml delimitasiya prosesində Rusiyanın maraqlarının nəzərə alınmamasına açıq etiraz edir. Digər tərəfdən, Ermənistanın Azərbaycanla şərti sərhədindən qoşunlarını çəkən Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq istəyən Paşinyan hakimiyyətinə xəbərdarlıq edir. Yəni Moskva Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısının Rusiya olduğunu, əks təqdirdə ciddi problemlə üzləşəcəyinə dair mesaj verir.
Sərhəddə gərginliyin artmasında maraqlı tərəf kimi daha çox Fransanın adını çəkmək olar. İlk növbədə, Ermənistana silah satışına dair müqavilələr imzalayan Fransa bölgədə münaqişənin bərpasında maraqlıdır.
Sülh prosesinin pozulması Fransaya həm silah satışını həyata keçirmək, həm də Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi oyunçuya çevrilmək üçün lazımdır.