Problem

Xaricdə təhsil xidmətləri göstərən AİD Qroupun rəhbəri Nigar Fərhad insanları görün necə ALDADIB PULLARINI ƏLƏ KEÇİRİR? - FOTOFAKT

post-img

Son günlər sosial şəbəkələrdə fəaliyyət göstərən AİD Qroup şirkəti və onun qurucusu Nigar Fərhad barədə narazılıqların sayı artmaqdadır. Belə ki, Kənan Gözəlov adlı vətəndaş öz "Instagram" sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə bildirib ki, təxminən bir il altı ay əvvəl AİD Qroupa müraciət edib və ona şirkətin qurucusu Nigar Fərhad tərəfindən altı ay ərzində viza təsdiqinin alınacağı vədi verilib. 

Lakin vətəndaşın sözlərinə görə, göstərilən müddət keçməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmayıb. O iddia edir ki, bu müddət ərzində dəfələrlə viza müraciətlərinə rədd cavabı verilib və şirkət tərəfindən problemin həlli istiqamətində konkret nəticə əldə edilməyib.

Sosial şəbəkələrdə yayılan paylaşımlar göstərir ki, Kənan Gözəlovun səsləndirdiyi iddialar tək deyil. Müxtəlif istifadəçilər AİD Qroupun fəaliyyəti ilə bağlı narazılıqlarını ifadə edir, xidmətlərdən razı qalmadıqlarını bildirir və şirkətin fəaliyyəti barədə müxtəlif ittihamlar irəli sürürlər. Bəzi sosial şəbəkə istifadəçiləri Nigar Fərhad barəsində ağır ittihamlar səsləndirsələr də, bu iddialar müvafiq dövlət orqanları və ya məhkəmə tərəfindən təsdiqlənmiş hüquqi fakt hesab edilmir.

Xaricdə təhsil xidmətləri göstərən “AİD Group” şirkəti tərəfindən aldadıldığını bildirən vətəndaş ona ağır maddi-mənəvi ziyan vurulduğunu, 10 min manat şirkətə ödədiyi pulu geri ala bilmədiyini bildirib.  

AİD Qroup tərəfindən törədilən eyni dələduzluq halı ilə digər vətəndaş Elvin Bayramzadə də şikayətçi olub. O, da AİD Qroupa müraciət edib və  onu da şirkət qurucusu Nigar Fərhad digərləri kimi aldadıb.

Bu barədə Paytaxt.org-a yazan şikayətçi Elvin Bayramzadə bildirib ki, sözügedən şirkətə 2024-cü ildə xaricdə təhsil xidməti üçün müraciət edib və problemlər də bundan sonra başlayıb. O bildirib ki, Almaniya proqramı üçün şirkətlə razılaşıblar və E.Bayramzadə şirkətə ilkin olaraq 1500 AZN ödəniş edib:

“Bir müddət sonra şirkət bu proqramın alınmadığını bəhanə gətirərək məni Amerika proqramına yönləndirdi və məndən əlavə 1700 AZN aldılar. Beləliklə, şirkətə ümumilikdə 3200 AZN ödəniş etdim.

Şirkət nümayəndələri səfirlik prosesində heç bir problemin olmayacağına dair mənə qəti zəmanət versələr də, səfirlikdən rədd cavabı aldım. Bundan sonra isə şirkət müqavilədə nəzərdə tutulmayan əlavə 300 AZN ödəniş tələb etməyə başladı.

Səfirlikdən imtina aldığım eyni ərəfədə azyaşlı qızımın ağır xəstəliklərdən (Tuberoskleroz, Autizm və Epilepsiya) əziyyət çəkdiyini öyrəndim. Mən dərhal şirkətə getdim, yaranmış bu ağır və fors-major durumu, övladımın vəziyyətini onlara bildirdim və ödədiyim vəsaitin geri qaytarılmasını tələb etdim.

Mən hazırda kirayədə yaşayıram. Şirkətə ödədiyim bu 3200 AZN vəsaiti bankdan kredit vasitəsilə götürmüşəm və hər ay banka kredit faizi ödəyərək ciddi maddi itkiyə məruz qalıram. Bir tərəfdən kirayə və kredit öhdəlikləri, digər tərəfdən isə xəstə övladımın həyati vacib müalicə və dərman xərcləri ailəmi çox çətin duruma salıb.

Şirkət rəhbərliyi və şəxsən direktor Nigar xanım mənim bu ağır durumumdan və bu vəsaitin övladımın müalicəsi üçün nə dərəcədə kritik olmasından tam xəbərdardır. Buna baxmayaraq, 2025-ci ilin dekabr ayından bəri müxtəlif bəhanələrlə (“maliyyələşmə yoxdur” və s.) məni yola verir, ödənişimi geri qaytarmırlar. Direktor Nigar xanım görüşlərdən yayınır, rəhbərliklə görüş tələblərim nəticəsiz qalır”.


Şikayətçi şirkətə ödədiyi vəsaitin geri qaytarılmasını tələb edir: “Sosial vəziyyətimi, hər ay ödədiyim bank kreditini və ən əsası azyaşlı övladımın səhhətini nəzərə alaraq, media qurumlarından bu məsələni ictimailəşdirmələrini, aidiyyəti dövlət orqanlarından isə “AİD Group” şirkəti tərəfindən mənimsənilmiş 3200 AZN vəsaitimin dərhal geri qaytarılmasının təmin edilməsini xahiş edirəm”.

Xatırladaq ki, “AİD Group” şirkətinin təsisçisi və rəhbəri tanınmış aparıcı Nigar Əliyevadır (Fərhad). Sözügedən şirkətlə bağlı mediada və sosial şəbəkələrdə dəfələrlə vətəndaş şikayətləri yer alıb.

Məsələ ilə bağlı media nümayəndələri və xəbər portalları tərəfindən jurnalist araşdırmalarına başlanıldığı bildirilir. Araşdırmalar zamanı müxtəlif şəxslərin şirkətin fəaliyyəti ilə bağlı şikayət və iddiaları toplanır, səsləndirilən məlumatların dəqiqliyi araşdırılır. Redaksiyamız da mövzu ilə bağlı daxil olan müraciətləri diqqətdə saxlayır və bütün tərəflərin mövqeyini işıqlandırmağa hazır olduğunu bildirir.

Günay Cəfərli

Paytaxt.org













Oxşar xəbərlər