Problem

SƏBUHI ƏHMƏDOV “BÖYÜK QAYIDIŞA” INANMIR – “QAÇQINKOM”UN VƏZIFƏLİ ŞƏXSİ CƏRIMƏDƏN NƏTİCƏ ÇIXARMIRSA, CƏZALANDIRILMALIDIR

post-img

Aprelin əvvəlində məlumat yayıldı ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov cərimələnib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Səbuhi Əhmədov dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın icraatına verilib. Ötən müddət ərzində məhkəmənin hansı qərar çıxardığı barədə informasiya yoxdur. Hərçənd, bu dəfəki söhbətimizin mövzusu bu deyil.

Xatırladaq ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu günlərdə redaksiyamızın elektron poçtuna daxil olan məlumata görə, mayın 2-də Səbuhi Əhmədovun rəhbərlik etdiyi departament “Kral” Təmir Tikinti MMC təmir-tikinti şirkəti ilə Bakıda Abşeronda və digər rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillərinin təmiri təyinatı ilə 685700 (Altı yüz səksən beş min yeddi yüz) manat məbləğində müqavilə bağlayıb. Məlumatda bildirilir ki, sözügedən MMC-nin özünün xeyli vergi borcu var. “Satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə isə, vergi borcu olan müəssisələrlə dövlət satınalmaları üzrə müqavilə bağlamaq olmaz. Ümumiyyətlə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılmasının gündəmdə olduğu indiki vaxtda bu təyinat üzrə külli miqdarda dövlət vəsaitinin büdcədən silinməsini nə dərəcədə səmərəli xərc hesab etmək olar: Yaxşı olmazdımı ki, həmiun vəsait Qarabağda və Şərqi Zəngəzurda evlərin inşasına və infrastrukturun qurulmasına yönəldilsin? Bu və digər suallarımızı səsli mesaj kimi cənab Səbuhi Əhmədovun vatsap nömrəsinə göndərdik. Təəssüf ki, hələ ki ondan cavab yoxdur. Ümid edirik ki, bu suallarımızı Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Hesablama Palatası və digər aidiyyəti qurumlar cavablandıra biləcəklər.

P.S. Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.

Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.

Bəs necə oldu ki, Səbuhi Əhmədov bu cinayət hadisəsindən quru çıxdı.

Bu barədə gələn sayımızda geniş məlumat verəcəyik.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Oxşar xəbərlər