Polis 1990-cı illərdən bəri “artsax qəhrəmanı” kimi sayılan separatçı-terrorçu general Samvel Karapetyanın oğlunun şəxsi avtomobilini saxlayaraq ona baxış keçirib, fiziki güc tətbiq edib və avtomobili xüsusi saxlanc yerinə aparıb.
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu vəkil Roman Yeritsyan öz “Facebook” səhifəsində yazıb.
“Dünən Saryan küçəsində məhkəmənin qərarı olmadan polis əməkdaşları artsax qəhrəmanı Samvel Karapetyanın oğlu Valeri Karapetyanın şəxsi avtomobilini maskalı şəxslərin köməyi ilə saxlayaraq onu və dostunu heç bir əsas olmadan yerə yıxıblar, fiziki güc tətbiq edərək saçından dartıblar. Sonra onlar heç bir səbəb göstərmədən maşını xüsusi saxlanc yerinə aparıb və bu gün də(03.07. 2024-S.L.) geri qaytarmaqdan imtina ediblər.
Axtarış nəticəsində cinayət məsuliyyətinə əsas verə bilən heç bir şey aşkar edilməyib", - deyə erməni vəkil bildirib.
Zəruri arayış:
Separatçı-terrorçu general Samvel Karapetyan 1992-2000-ci illərdə - Azərbaycanın işğal edilmiş ərazilərində "mərkəzi müdafiə rayonu"nun qurucu komandiri, 2000-ci ildən –separatçı-terrorçu rejimin qondarma “müdafiə ordusu” komandirinin müavini və “müdafiə naziri”nin müavini olub. Qondarma “artsax qəhrəmanı”dır, "artsax azadlıq hərbçiləri ittifaqı"nın sədridir.
S.Karapetyan Araz çayından Ömər aşırımına qədər olan ərazidə (Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Füzuli və s. yaşayış məntəqələrinin işğalı zamanı) döyüşlərdə Azərbaycan ordusuna və dinc əhalisninə qarşı hərbi əməliyyatlarda iştirak edib. Dəfələrlə döyüşlərdə yaralanmış, Horadiz yaxınlığında ağır yaralandıqdan sonra yalnız cərrahın 3 günlük əməliyyatı sayəsində xilas olmuşdur.
İstintaqın rəyinə görə, S.Karapetyan 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərin güllələnməsinə əmr verən komandirlərdən biri olub.
Başqa sözlə, Kremlin tulaları Robert Köçəryan və Serj Sərkisyanın əlaltılarından olub və əli həm Azərbaycan, həm də erməni xalqlarının qanına batıb...