Siyasət

İsa Qəmbərə qarşı sürpriz həmlə: Müsavatda nə baş verir?

post-img

Müsavat Partiyası qurultaya hazırlaşır. Bir qədər əvvəl Məclis sədri Nüşabə Sadıqlı İsa Qəmbərin yenidən Müsavat başqanı olması təklifini səsləndirib. O, İ.Qəmbərin qurultayda namizədliyini verməsinin və başqan seçilməsinin partiyanın xeyrinə olacağını bildirib. N.Sadıqlının təklifi digər müsavatçılar tərəfindən dəst qazanıb.

Nüşabə Sadıqlının bu mövzuda Globalinfo.az-a müsahibəsini burdan oxuya bilərsiniz.

Amma başqanlığa başqa bir sürpriz namizəd var. Tanınmış vəkil Osman Kazımov özünün Feysbuk hesabında partiya sədri olmaq istədiyini açıqlayıb. Məsələni maraqlı edən detal budur ki, O.Kazımov daha çox partiyanın hazırkı başqanı Arif Hacılıya yaxınlığı ilə tanınır. Arif Hacılı həbsdə olanda Osman Kazımov vəkil kimi onun hüquqlarını müdafiə edib. Bəzi iddialara görə, Osman Kazımovun namizədliyi Arif Hacılı qruplaşmasının İsa Qəmbərə qarşı qurduğu kombinasiyadır. Müsavatdakı qruplaşmanın partiyada nəzarəti əldən vermədiyi üçün bu cür gediş etdiyi deyilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, Müsavat Partiyasının başqanı olmaq istəyən şəxslər 30 aprel saat 18:00-a qədər öz namizədliyini irəli sürə bilər.


Onun sözlərinə görə, kimlərin namizəd olacağı sual altındadır:

“30 aprelə kimi, İsa Qəmbərin də, başqasının da namizədliyi irəli sürülə bilər. Hazırda namizədliyini irəli sürən iki şəxs var – Osman Kazımov və Natiq Mehdiyev. Artıq onların ərizəsi qeydiyyata alınıb. Müsavat Partiyasında “filankəsin adamıdır” sözündən istifadə edilmir. Qurultayın seçdiyi başqan, hamının başqanıdır və hər kəs də əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan xəttə uyğun olaraq, həmin sədrin ətrafında birləşib, partiyanın irəli getməsi üçün çalışır”.

Oxşar xəbərlər