Ölkəmizin NATO yanında nümayəndəliyi tərəfindən NATO-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda ilk dəfə olaraq NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi səfir Boris Ruge və Alyansın Hərbi Komitəsinin sədri Admiral Cüzeppe Kavo Draqone, eləcə də qurumun digər yüksəksəviyyəli rəsmiləri, NATO-nun üzv və tərəfdaş dövlətlərinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün keşiyində duran Silahlı Qüvvələrimizin 1990-cı illərin əvvəllərindən başlayaraq çətin və keşməkeşli yol keçdiyini, Ümummilli lider Heydər Əliyev və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük diqqət və səyləri nəticəsində bu gün peşəkar və texnoloji cəhətdən inkişaf etmiş bir qüvvəyə çevrildiyini deyib.
O, Prezident İlham Əliyevin müdrik, rasyonal və uzaqgörən xarici siyasəti, qətiyyətli rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qanuni və qəti tədbirlər görərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, münaqişəyə son qoymaqla regionda dayanıqlı sülhün təməlini atdığını bildirib.
C.Hüseynzadə, həmçinin Azərbaycan Prezidentinin qərarı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini söyləyib.
Nümayəndəliyin rəhbəri Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfəsini, ölkəmizin Kosovo və Əfqanıstanda NATO-nun sülhə dəstək əməliyyatlarında iştirakını, Əfqanıstanı tərk edən son tərəfdaş dövlət olduğu, eyni zamanda, Alyans tərəfindən NATO-nun etibarlı tərəfdaşı kimi tanındığını qeyd edib. Bundan əlavə, İran-İsrail qarşıdurması fonunda İrandan üçüncü dövlətlərin vətəndaşlarının, eləcə də diplomatik nümayəndəliklərin üzvlərinin təhlükəsiz təxliyəsinin təmin edilməsində ölkəmizin rolu diqqətə çatdırılıb.
NATO Baş katibinin Siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi səfir Boris Ruge çıxışında Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olmasından danışıb, Alyansın ölkəmizin NATO-nun sülhə dəstək əməliyyatlarına, həmçinin müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə töhfəsini təqdir edib, İran–İsrail qarşıdurması fondunda üçüncü dövlətlərin vətəndaşlarının və diplomatik nümayəndəlik üzvlərinin təxliyəsindəki rolunu yüksək qiymətləndirib.
Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəsi Ramil Həsənov çıxışında Silahlı Qüvvələrimizin yaranması və inkişaf yolu, eləcə də Azərbaycanın NATO ilə hərbi sahədə tərəfdaşlığı haqqında məlumat verib.
NATO Hərbi Komitəsinin sədri Admiral Cüzeppe Kavo Draqone isə əsası 1918-ci ildə qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin bu gün yüksək mətanət və məsuliyyətə sahib müasir bir qüvvə olduğunu vurğulayıb. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun sülhə dəstək əməliyyatlarında töhfəsini və hərbi təlimlərdəki fəal iştirakını qeyd edən C.K.Draqone ölkəmizin yalnız regional aktor yox, bölgədən kənarda qlobal sülh və təhlükəsizliyə önəm verən etibarlı bir tərəfdaş olduğunu bildirib.
Tədbir çərçivəsində Alyansla tərəfdaşlığımızı, Ulu Öndər Heydər Əliyevin NATO ilə tərəfdaşlığa mühüm töhfələrini, Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına səfərini və Alyansın rəsmiləri ilə görüşlərini əks etdirən fotosərgi təşkil olunub.