Analiz

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

post-img

Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərimizi atıcı silahlardan fasilələrlə atəşə məruz qoyublar. Son günlər Ermənistan Azərbaycanla şərti sərhədlərin müxtəlif istiqamətlərində canlı qüvvə, zirehli texnika, artilleriya qurğuları cəmləyir. Ermənistan qoşunlarının intensiv hərəkəti müşahidə olunur. Ekspertlər erməni tərəfinin müəyyən təhriklərlə daha ciddi təxribatlara hazırlıq gördüyünü deyirlər. Naxçıvan istiqamətində atəşkəsin pozulması da buna dəlalət edir. Diqqətçəkən məqam Ermənistan ordusunun əvvəllər olduğu kimi Qazax, Tovuz, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın istiqamətindən deyil, Naxçıvan istiqamətində təxribatlar törətməsidir. Bu cür hallar Avropa İttifaqının (Aİ) müşahidə missiyasının nümayəndələrinin gözü qarşısında baş verir. Ancaq erməni təxribatlarına Aİ, ABŞ, Fransa tərəfindən mövqe nümayiş etdirilmir. İstənilən halda baş verən hadisələrə görə rəsmi İrəvanın məsuliyyət daşıyacağı ortadadır. Təxribat zamanı Azərbaycan tərəfinin adekvat addımlar atma ehtimalı da şübhəsizdir. Onu da qeyd edək ki, ABŞ-dən olan bir qrup hərbi təlimatçı da Ermənistanda səfərdədir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə deyib ki, Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil. Onun sözlərinə görə, davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasıdır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov "Sherg.az"a açıqlamasında bildirib ki, Naxçıvan istiqamətində baş vermiş erməni təxribatı 2016-cı ilin aprelin əvvəlində yaşanmış "aprel savaşı"nın 8 ildən sonra davamıdır. Ekspertin sözlərinə görə, 4 günlük aprel döyüşləri zamanı erməniləri təxribata sövq edənlər yenidən səhnədədir:
"Şübhəsiz, şərti sərhədlərə qoşun və texnika cəmlənməsi, təxribatların baş verməsi İrəvan hökumətinin öz başının məhsulu deyil. Bütün proseslər Ermənistanın iradəsindən kənarda baş verir. Ermənistan daxilində hökumətə böyük təzyiqlər edilir. Elə təzyiqlərdən söhbət gedir ki, Paşinyan da bunun qarşısını almaqda acizdir. Aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan baş nazirinin üçtərəfli görüşü olacaq. Sirr deyil ki, görüşün baş tutmasını istəməyən əsas güclərdən biri Rusiyadır. Moskva üzdə görünməsə də, görüşün keçirilməsinə mane olmaq üçün ciddi çalışır. Hətta yeri gəldi-gəlmədi, rəsmi Bakının adından da danışır. Deyir ki, Azərbaycan üçlü görüşdən çox narahatdır və s. Azərbaycan Brüssel görüşündən narahat deyil. Həmin görüşdə iddia edildiyi kimi hansısa pakt imzalansa belə, yenə də bizim üçün problem sayılmır. Ermənistanın hansısa ölkələrlə müdafiə paktı imzalaması Azərbaycanın güclü mövqeyini dəyişməyəcək. Onsuz da Ermənistanın silahlandırıldığını bilirik. Təkcə Qərb ölkələri, Fransa, Hindistan deyil, Rusiya da ermənilərə silah verir. Adətən indiki təxribatlarda Qərb daha çox suçlanır. Ancaq bu təxribatların arxasında Rusiya dayanır. Üzərindən 3-4 gün vaxt keçib, amma Azərbaycan Xarici İşlər Nazirliyi hələ də Rusiyanın Ermənistandakı səfirinin cavabını verməyib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırnik demişdi ki, "ermənilər öz qədim ata-baba yurdlarına qayıtmalıdır və bu işdə Rusiya sülhməramlıları onlara kömək etməyə hazırdır". Biz Qarabağ məsələsini həll etmişik. Qarabağa dəxli olmayanlar torpaqlarımızı könüllü tərk ediblər, qalmaq istəyənlər də qalıblar. Bu məsələ müzakirə predmeti deyil. Amma rus səfir "problemin hələ həllini tapmadığını" söyləyir. Açıq deyirəm, fevralın 7-də təxribatı kim törətmişdisə, Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulmasının arxasında da onlar dayanır".
Ü.Cəfərov vurğulayıb ki, proseslər əvvəlki ssenarinin davamıdır:
"Məqsəd Azərbaycan-Ermənistan arasında elə bir toqquşma yaratmaqdır ki, Bakı hədəfə gəlsin, müzakirə mövzusuna çevrilsin. Həmçinin Ermənistan üçün də "təhlükənin" qaldığı mesajı verilsin. Necə ola bilər ki, həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də xarici işlər naziri Arorat Mirzoyan Azərbaycanla sülh prosesindən, Türkiyə ilə yaxınlaşmaqdan danışır, paralel olaraq şərti sərhədlərdə təxribatlar törədilir? Bu təxribatın törədilməsində Ermənistanda kimlərsə alət edilə bilər, amma sifariş tam kənardan gəlib. Kənardakı qüvvəni görmək elə də problem deyil. Hesab edirəm ki, yaxın 2 gün ərzində gərginlik davam edəcək. Çalışmalıyıq ki, 2-3 gün ərzində əsgər və zabitlərimizin həyatını qoruyaq. Qalan məsələlər əvvəlki kimi axarına düşəcək. Narahat olmağımız üçün ciddi məqam yoxdur. Əsas müzakirə mövzusu 8 kəndimizin geri qaytarılmasıdır. İlk növbədə Qazaxın anklav olmayan 4 kəndi, digər mərhələdə isə növbəti 4 kənd geri alınmalıdır. Zəngəzur dəhlizi ilə bağlı da Ermənistanla hansısa problemimiz yoxdur. Gözləyirik ki, İrəvan dəhliz məsələsini Moskva ilə həll etsin. Biz də normal şəkildə Naxçıvana gedib-gələ bilək".

Oxşar xəbərlər