Türkiyədə 31 mart bələdiyyə seçkiləri bitsə də, onun nəticələri barədə müzakirələr səngimir. Türkiyənin paytaxtı Ankarada yaşayan, bu ölkənin ictimai-siyasi həyatını yaxından öyrənən, yerli və beynəlxalq media orqanları ilə əməkdaşlıq edən azərbaycanlı jurnalist Vüqar Həsənov AYNA-ya müsahibəsində seçkilərlə bağlı maraqlı məqamlara toxunub. Beləliklə:
- Türkiyədə 31 mart bələdiyyə seçkilərindən qabaq bir sıra proqnozlar var idi. Bugünkü nəticələr həmin proqnozları doğrultdu, yoxsa əksinə?
- Sonuncu bələdiyyə seçkiləri AK Partiya üçün ciddi mesaj, soyuq duş, çox ağır sillə oldu. Türk milləti AKP-nin timsalında Ərdoğana “vədlərlə qarın doymur” mesajı verdi. Əgər, məsələn, Ankarada Mənsur Yavaşın qələbəsi heç kimdə, hətta AK Partiyanın daxilində belə, şübhə doğurmurdusa, İstanbulda, Bursada, Antalyada və zəlzələ bölgələrindəki məğlubiyyət hakim partiyanın gündəliyinə yağlı bir “2” idi.
2023-cü il prezident seçkilərində Türkiyə vətəndaşları Ərdoğana şans verdilər. “Milletimden azca sabr” istiyorum” deyən liderə elektorat inandı və zaman verdi. Amma soyuducu dolmadı, kirayə qiymətləri, marketlərdəki qiymətlər, təhsil, dava-dərman xərcləri durmadan artdı və xalqın səbr kasası doldu. Türkiyə Cümhuriyətinin yüz illiyində elektorat belə Türkiyə arzulamırdı. İqtisadiyyatı yatırımlardan asılı olan, suriyalı qaçqınların özlərini “ev yiyəsi” kimi aparma cəhdlərinə qarşı Türkiyə cəmiyyəti “yox” dedi və türk xalqı bir daha sübut etdi ki, Türkiyədə son söz, son nöqtə millətin iradəsidir!
Bu seçkini jurnalist kimi isıqlandırmaq bir ayrı zövq idi. Demokratiyanın təntənəsi, hər bir səsin arxasında durmaq, yaşlı nəslin səhər saat 08:00-dan seçki məntəqələrinin önündə növbə tutması... Bir jurnalist üçün bu mənzərəyə şahid olmaq və onu işıqlandırmaqdan böyük zövq yoxdur.
- Seçki öncəsində AKP-dən olan namizədlərin yerinə faktiki olaraq Prezident Ərdoğan kampaniya aparırdı. Yəni adam prezident seçkilərində, parlament seçkilərində hansı canfəşanlığı göstərirdisə, bələdiyyə seçkilərində də partiyasının namizədləri üçün bu cür canfəşanlıq göstərdi. Bununla belə, nəticə AK Partiya üçün acınacaqlı oldu. Bu, iqtidar komandasının zəif namizədlərinin məğlubiyyətidir, yoxsa Ərdoğanın?
- Yenə də İstanbul faktoruna görə. İstanbul Ərdoğanın qibləgahıdır və İstanbulda iki il ard-arda uduzmaq Ərdoğan kimi təcrübəli lider üçün sözlə ifadə olunmayan zərbədir. Seçkiyə hazırlıq dönəmində Türkiyə lideri 70-ə yaxın mitinqdə iştirak etdi. Türkiyəni başdan başa gəzdi. Bir neçə mitinqdə onu müşayiət etmək imkanım oldu. Yaşının çox olmasına baxmayaraq, seçkilərə tükənməz enerji ilə qatılmışdı və elə İstanbul mitinqində səhv etdi. Təqaüdçülərə müraciətlə “bayram ikramiyəsi üç min lirə olacaq” deyəndə, üzümü həyat yoldaşıma tutub, “deyəsən bunlar uduzacaqlar” dedim. Yanılmadım. Ərdoğana “qırmızı kartı” elə təqaüdçülər göstərdi. Həyat bahalılığının bu qədər olduğu bir vaxtda “üç minlik ikramiyəni” təqaüdçülər qəzəblə qarşıladılar və “bizi ələ saldın, yetər!” deyib ya seçkiyə getmədilər, ya da CHP-yə səs verdilər.
AKP-nin lokomotivi, dühası Ərdoğandır. Onun xarizması, onun aratorluq qabiliyyəti olan mühitdə ondan başqa kiminsə önə çıxması mümkünsüzdür. Sırf mənim jurnalist kimi mövqeyimi soruşsanız, deyırdim ki, bu gün Ərdoğanın, AK Partiyanın mesajlarını cəmiyyətə çatdıracaq tək siyasətçi Böyük Millət Məclisinin spikeri Numan Kurtulmuşdur.
Zəif namizədlərə gəldikdə, sizinlə razıyam. Ankarada Mənsur Yavaş kimi nəhəngin qarşısına xarizması olmayan, tamada təsiri bağışlayan Turqut Altınoku çıxarmaq hansı məntiqə əsaslanırdı? O Mənsur Yavaşın ki, bu gün Ərdoğanın kabinetində oturan naziri məğlub edə bilmişdi. Ya da elə həmin İstanbulu götürək. Əkrəm İmamoğlunun qarşısına zəlzələ vaxtı “2” qiymətini alan naziri çıxarmaq? Nazirlər Kabineti bütövlükdə Murat Kurum timsalında az qala bütün işlərini atıb seçki kampaniyasını üstlənmişdi. Reklam çarxlarına, bilbordlara xərclənən milyonlar... Bəlkə də, bu pullar elektoratın sosial rifahına yönəlsəydi, mənzərə bu gün tam fərqli olardı.
- Seçkinin nəticələri Ərdoğan tərəfindən gözlənildiyi kimi qarşılanmadı. Yəni, ölkə başçısı xalqa küsmək, əsib-coşmaq əvəzinə “dərs aldıq” mesajını verdi, bu dərsdən nəticə çıxarılacağını bəyan etdi. O, hansı səhvləri nəzərdə tuturdu ki, Türkiyə cəmiyyəti bu səhvləri iqtidara bağışlamadı?
- Ərdoğan seçkinin nəticələrini müdrikcəsinə qəbul etdi. Bu durumda hər hansı bir etiraz, elektorata yönəlik hansısa giley qarşı tərəfin çox sərt reaksiyası ilə qarşılana bilərdi. Ərdoğan Binəli Yıldırımın həmin İmamoğluna uduzmasına verilən reaksiyanı hələ də unutmayıb. Türkiyə xalqı üçün iki sakral mövzu var: ordu və seçkilər. Burda türkün damarına qətiyyən basmaq olmaz.
Ərdoğan özü də etiraf etdi ki, məğlubiyyətin ən başlıca səbəbi iqtisadiyyatdır. Dediyim kimi, vədlərlə qarın doymur. Seçkidən sonrakı “balkon konuşmasında” yenə də xalqdan səbr istəmək və ilin ikinci yarısında inflasiyanın düşəcəyini demək çox təhlükəli ritorikadır. Seçkinin səhəri günü siqaret qiymətlərinə və mobil tariflərə yenidən “zam” gəlməsi (bahalaşması) göstərir ki, iqtisadiyyatdakı vəziyyəti düzəltmək ağırdan da ağırdır. Dərd orasındadır ki, mən qələbə çalan müxalifət liderlərindən də iqtisadiyyatla bağlı konkret proqram eşitmirəm. Hökuməti tənqid etməklə elektoratın cibi dolmur. Bunu da prezident seçkilərində qələbə çalmaq istəyən müxalifət nəzərə almalıdır.
- Azərbaycanda belə fikirlər var ki, artıq ikinci dəfə İstanbulu qazanan Əkrəm İmamoğlu qarşıdan gələn prezident seçkilərində müxalifətin əsas namizədi və nəticədə yeni Prezident olacaq. Türkiyədə bu məsələ ilə bağlı nə düşünürlər?
- İmamoğlu və Yavaş yerli seçimlərdən sonra Türkiyə siyasətində Ərdoğanın hesablaşmalı olacağı iki fiqura çevrildilər. Sözsüz ki, müxalifət öz uğurunu möhkəmləndirmək istəyəcək. Digər tərəfdən, Türkiyə xalqı seçkilərdən, yumşaq desək, yoruldu. Bir az zaman lazımdır. Və bu zaman kəsimində müxalifət bələdiyyə səviyyəsində xalqa sübut etməlidir ki, onun namizədi ölkəni də idarə edə bilər.
İmamoğluna gəldikdə isə, bir jurnalist kimi suallarım çoxdur. Onun xarici siyasətə, Azərbaycanla münasibətlərə, Rusiyaya, ABŞ-a baxışı necədir? Turkiyənin yolunu hansı tərəfdə görür? Hələ ki, bu suallar mənim üçün açıq qalıb. Amma dediyim kimi İmamoğlu artıq ciddi bir siyasi fiqurdur. Və iqtidar onu, onun imkanlarını nəzərə alacaq. Almasa, iqtidarın sonu 2028-ci ildən də əvvəl gələ bilər. Son seçkilər göstərdi ki, “vədlər limiti” dolub.
- 31 mart seçkiləri bir demokratiya nümunəsi oldu. İddia edənlər vardı ki, Ərdoğan saxtakarlığa getmək bahasına, öz namizədlərinin qələbəsini təmin edəcək. Amma belə olmadı, hökumət heç bir saxtakarlığa getmədi. Bundan sonra Türkiyəni nə gözləyir?
- Məncə, artıq gələcək Türkiyənin konturları cızıldı. Diktatura dediyiniz ölkə Qərbin özünə belə, demokratiya dərsi verdi. Mən səhər saat 08:00-da xəstəxanadan ağrıkəsici ilə seçkiyə gələn qadının gözlərindəki isığı görəndə başa düşdüm ki, Türkiyədə yeni səhifə açılır. Bu səhifə çox ağır olacaq, amma biz demokratik, ayaq üstə möhkəm duran bir Türkiyə görəcəyik. Bunun işartıları artıq var.
ayna.az