Siyasət

Azərbaycanın səbrini daşıran SON HƏDD:Əgər Ermənistan cəzalanmaq istəyirsə…

post-img

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində erməni silahlı birləşmələrinin və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixdə Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Aprelin 1-də yayılan növbəti məlumatda video faktlar da təqdim olunmaqla bildirilib ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb.

Video görüntülərdən aydın olur ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Müdafiə Nazirliyi bir daha bəyan edib ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək.

Nazirliyin bu gün yaydığı məlumatda isə qeyd olunub ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ermənistan bununla nə etmək istəyir? İrəvanı bu əmələ təhrik edən qüvvələr varmı? Bütün bu təxribatların nəticəsi nə ola bilər? Azərbaycanın növbəti həmləsi, antiterror tədbiri, lokal hərbi əməliyyatı gözləniləndirmi? Rəsmi Bakının güc tətbiq etməsi regiondakı vəziyyətə necə təsir edə bilər?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, aprelin 5-də keçiriləcəyi gözlənilən ABŞ, Avropa İttifaqı və Ermənistan görüşündən öncə İrəvanın fəallaşacağı əvvəlcədən məlum idi. Onun sözlərinə görə, artıq Azərbaycana qarşı aqressiv fəaliyyətlər həyata keçirən Ermənistan ölkəmizlə sərhədə qoşun cəmləşdirir: “Ermənistan şəxsi heyəti hərbi toplanışlara əlavə qüvvə olaraq sərhədə cəlb edir. Digər tərəfdən də Azərbaycan ərazilərini bir neçə istiqamətdə atəşə tutur. Belə davranışlar Ermənistanın başına növbəti macəra  axtarışında olduğu deməyə əsas verir. Ermənistanın fərari ordusunun son davranışları Azərbaycan tərəfinin səbrinin daşırmağa və rəsmi Bakını cavab addımları atmağa sövq etməyə hesablanıb”.

Hərbi ekspert deyib ki, əgər rəsmi İrəvan cəzalanmaq üçün israrla əlindən gələni edirsə, Azərbaycan Ordusu qısa bir müddətdə Ermənistana anlayacağı bir dildə adekvat cavab verəcək: “Vəziyyət belə davam edərsə, rəsmi Bakı tərəddüd etmədən Ermənistana səmərəli və təsirli cavab verəcək. Buna kimsənin şübhəsi olmasın. Ermənistan tərəfi mövqelərimizi atəşə tutursa, şərti dövlət sərhədinə qoşun cəmləşdirirsə, ölkəmizə qarşı hücum məqsədi daşıyan fortifikasiya qurğuları inşa edirsə, Azərbaycanın da buna qarşı güc tətbiq etməsi normaldır. Bunu beynəlxalq hüquq bizə qadağan etmir. Azərbaycanın reaksiyası cavab tədbiri olduğu üçün bu bizim mövcud fəaliyyətimizə heç bir mane yaradılmayacaq. İşğalçı Ermənistan isə növbəti dəfə sərt bir şəkildə cəzalandırılacaq”.

Oxşar xəbərlər