Naxçıvan Beynəlxalq Hava Limanının İran tərəfindən dron zərbəsinə məruz qalması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bu məlumatı paylaşanlardan biri də jurnalist Heydər Oğuz olub. O, sosial şəbəkədə yazdığı paylaşımda İran tərəfindən Naxçıvan hava limanına raket atıldığını və hücumların davam etdiyini iddia edib. Paylaşımda bildirilir ki, indiyədək hava limanı ərazisinə ən azı üç raket zərbəsi endirilib.
Sosial şəbəkələrdə yayılan bəzi fotolarda hava limanı terminalının daxilində dağıntıların olduğu, tavan konstruksiyalarının və şüşələrin zədələndiyi görünür. Məlumatlara görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb, lakin müəyyən maddi ziyan meydana gəlib.
Eyni zamanda iddia olunur ki, baş verən hadisədən sonra Naxçıvana istiqamətlənən bəzi təyyarələrin geri qayıtması prosesi müşahidə olunub və hava limanında uçuşlarla bağlı məhdudiyyətlər tətbiq edilib.
Digər tərəfdən, bəzi məlumatlara görə İran ərazisindən Türkiyə istiqamətinə də raket atıldığı iddia olunur. Bu xəbərlərdən sonra Türkiyənin rəsmi dairələrinin İrana xəbərdarlıq etdiyi barədə məlumatlar yayılıb.
Lakin Tehran bu iddiaları qəbul etmir. İran tərəfi Türkiyə istiqamətinə raket zərbəsi endirilməsi barədə məlumatların reallığı əks etdirmədiyini bildirir.
Naxçıvanla bağlı isə hələlik heç bir məlumat yayılmayıb.
Hazırda yayılan məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi gözlənilir. Azərbaycan tərəfi isə hadisə ilə bağlı hələlik geniş açıqlama verməyib.
****
5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
Paytaxt.org xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.
1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.
Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.
Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.