Analiz

"10 illikdən 11 illiyə keçəndə heç bir xeyir tapmadıq ki... - 12 illik təhsil sisteminə keçəndə fayda görək"

post-img

Dünyanın yaxşı təhsil sistemi sıralamaya görə; Fillandiya, Cənubi Koreya, Niderland, Danimarka, İngiltərə, İsveç, İsrail, ABŞ, Kanada, Norveç, Yaponiya və Yeni Zellandiyadadır. Bu ölkələrdə təhsil, sözün əsl mənasında inkişaf edib. Türkiyədə də təhsil pis deyil. Türkiyədə orta təhsil müddəti 12 ildir. Amma bu təhsil icbari deyil. Tədris müddətində keçiriləcək dərslər 12 il müddətində bölünür. Bu prosesdə uşaqlar yüklənmir. Azərbaycanda da bir müddət əvvəl 12 illik təhsilə keçidlə bağlı söhbətlər var idi.

12 illik təhsil bizə nə verəcək?


Məsələn, bu gün məktəblərin əksəriyyətində 9-cu sinifə qədər ciddi təhsil var. X-XI siniflərdə uşaqların hamısı demək olar ki, repetitor yanına gedir. Belə olan halda 12 illik təhsil bizim nəyimizə lazımdır?

Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, orta təhsilin 12 il olması dünyada gedən bir tendensiyadır: “Bu dövrdə biliklərin artırılması və bir sıra yeni fənlərin öyrənilməsində ehtiyacların yaradılması, bəzi materialların ali məktəbdən orta məktəbə keçirilməsi və ali məktəbdə yeni fənlərin, yeni ixtisasların daha dərindən öyrənilməsi kimi proseslər gedir. Bu səbəbdən də, çox ölkələrdə təhsil 12 illikdir. Hazırlıq mərhələsi də nəzərə alınarsa, bu müddət 13 il edir”.

Azərbaycanda təhsilin 12 illik müddətə keçirilməsi məsələsi ilə bağlı professor qeyd edib ki, bunun üçün son 20-30 ildə təhsil təcrübəmizə və təhsil islahatlarımıza nəzər salmaq lazımdır.

Əvvəl Azərbaycanda orta təhsil 10 illik idi, 10 illikdən 11 illiyə keçiddən sonra təhsildə nə dəyişdi?
Professorun fikrincə, bu müddət ərzində heç bir inkişaf və müsbət dəyişiklik olmayıb. İlham Əhmədov buna səbəb kimi təhsilin bütün mərhələlərində repetitorluq fəaliyyətinin geniş tətbiq olunmasında görür: “Məktəbdə normal tədris prosesi pozulub. Artıq məktəbə hazırlıqdan başlamış universitetə qəbula qədər bütün mərhələlərdə kütləvi şəkildə repetitorluq fəaliyyəti tətbiq olunur. Bu da məktəbin işini iflic eləyir. Xüsusən 9, 10, 11-ci siniflərdə uşaqlar dərsə getmirlər. Bunu hər bir jurnalist, valideyn bilir. Hər birimizin uşaqları, nəvələri məktəbə gedir və bu şeyləri biz əyani görürük, bilirik. Burda gizli bir şey yoxdur. Ona görə də belə bir şəraitdə 10 illiyin 11 illik olması, 11 illiyin 12 illik olması heç nəyi dəyişməyəcək. Hətta 15 il olsa da, heç nə dəyişməyəcək. Dəyişən nə olacaq? Dəyişən o olacaq ki, indi 11 illik repititorluqdan istifadə edirlər, dəyişiklikdən sonra 12 illik repetitorluqdan istifadə edəcəklər. Bu gün əgər 9, 10, 11-ci siniflərdə tədris pozulursa, hədəflənən dəyişiklikdən sonra buna bir il də əlavə ediləcək”.

Ekspert qeyd edib ki, əvvəlcə əvvəl məktəbin normal fəaliyyətini çox ciddi şəkildə təmin etmək lazımdır. İlham Əhmədov hesab edir ki, nazirlik bu prosesi bilir: “İstəsələr çox qısa vaxt ərzində bu prosesləri nizamlaya bilərlər. Amma görünür ki, bu işə maraqlı deyillər. Əgər məktəbdə normal tədris prosesi təmin olunmayacaqsa və repetitorluq ləğv olunmayacaqsa, heç 12 illik təhsildən də fayda tapmayacaqlar. Bu məsələlər həll olsa, 12 illik təmayüllü təhsil ola bilər. Təmayüllü təhsildə daha dərindən mövzular mənimsənilə bilər və s. İndiki halda belədir ki, məktəb proqramı ilə qəbul imtahanları proqramları arasında uyğunsuzluq və dərsliklərdə problemlər var. Yəni ali təhsilli valideyn də uşağına kömək edə bilmir. Uşaq da müstəqil dərslikdən heç nə öyrənə bilmir. Məktəbdə də müəllim şagirdlərə nəsə öyrətməkdə maraqlı deyil. Nəticə etibarilə hamı xilas yolunu repetitorluqda, kursda axtarır. Bunun nəticəsi də göz qabağındadır.

Repetitorluq fərdi məşğələdir, biz belə görmüşük. Amma indi repetitor 20-30 nəfər uşaqla dərs keçir. Sinifdə də 20 nəfər var. Öyrədirsənsə, elə sinifdə öyrət. Bu, nə deməkdir? Repetitorluq fərdi olduğu halda keyfiyyət ola bilər. İndi keyfiyyət yoxdur. Çünki qrup halındadır və nəticədə də uşaqlar repetitor yanına getməsinə baxmayaraq, 70 faiz məzun 200 ətrafında bal yığıb. Xüsusi istedadı olan uşaqlar 500-600 bal yığa bilir. Məktəbdə normal tədris prosesi bərpa olunmasa, tədris illərinin artmasının mənası yoxdur. Bunun nəticəsində sadəcə təhsilin büdcəsi artacaq, amma keyfiyyəti və səmərəli nəticəsi olmayacaq”-deyə İlham Əhmədov bildirib.

Oxşar xəbərlər