Manşet

Qanunun keşiyində keçən şərəfli ömür: Vilayət Eyvazov - 58

post-img

Azərbaycanın hüquq-mühafizə sistemi dövlətçiliyin möhkəm dayaqlarından biri kimi ölkədə sabitliyin, təhlükəsizliyin və qanunun aliliyinin təmin olunmasında mühüm rol oynayır. İctimai asayişin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı effektiv mübarizə və cəmiyyətin təhlükəsiz mühitdə yaşamasının təmin edilməsi polis orqanlarının üzərinə düşən ən məsul vəzifələrdəndir. Azərbaycan polisi bu missiyanı yüksək peşəkarlıq, intizam və dövlətə sədaqət prinsipləri əsasında uğurla həyata keçirir.

Azərbaycanın müasir polis sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi yer tutur. Ulu Öndər daxili işlər orqanlarını dövlətin əsas sütunlarından biri kimi qiymətləndirərək onların gücləndirilməsini hüquqi dövlət quruculuğunun vacib istiqaməti hesab edirdi. Məhz onun rəhbərliyi dövründə polis orqanlarının maddi-texniki bazası möhkəmləndirildi, kadr siyasətində mühüm yeniliklər həyata keçirildi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanıldı. 1998-ci ildə imzalanan fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü kimi təsis olunması da Ulu Öndərin polis orqanlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə daxili işlər orqanlarında genişmiqyaslı islahatlar həyata keçirilir, hüquq-mühafizə sisteminin müasirləşdirilməsi, şəffaflığın artırılması, rəqəmsal texnologiyaların tətbiqi və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan polisi bu gün həm texniki imkanları, həm də insan resursları baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub.

Hazırda daxili işlər orqanları ölkədə cinayətkarlığa, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm xidmətləri ilə seçilir. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirən polis əməkdaşları cəmiyyətin etimadını doğruldur. Güclü maddi-texniki baza, dəqiq təşkil olunmuş idarəetmə sistemi və peşəkar kadr korpusu Azərbaycan polisini regionun ən çevik və səmərəli hüquq-mühafizə strukturlarından birinə çevirib.

Azərbaycan polisinin Vətən qarşısındakı xidmətləri təkcə dinc dövrdə deyil, müharibə şəraitində də özünü parlaq şəkildə göstərib. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində polis əməkdaşları böyük qəhrəmanlıq və şücaət nümunələri nümayiş etdiriblər. Daxili işlər orqanlarının xüsusi təyinatlı qüvvələri ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirərək ərazi bütövlüyümüzün bərpasında mühüm rol oynayıb. Şəhid və qazilərimizin sırasında çoxsaylı polis əməkdaşlarının olması onların Vətən uğrunda canlarını belə əsirgəmədiklərini bir daha təsdiqləyir.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyinin bərpası və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində ilk mühüm addımlardan biri də məhz daxili işlər orqanlarının fəaliyyətinin təşkil edilməsi oldu. Azərbaycan polisi bu bölgələrdə asayişin qorunması, strateji obyektlərin mühafizəsi, əhalinin təhlükəsiz hərəkətinin təmin olunması və bərpa-quruculuq işlərinin sabit şəraitdə həyata keçirilməsi istiqamətində mühüm vəzifələri uğurla yerinə yetirir.

Bütün bu uğurların fonunda son illərdə daxili işlər orqanlarının inkişafında mühüm rol oynayan şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdur. Onun rəhbərliyi dövründə polis sistemində şəffaflığın, peşəkarlığın, intizamın və vətəndaş məmnunluğunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Vilayət Eyvazov 28 iyun 1968-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı ildə daxili işlər nazirinin birinci müavini təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Vilayət Eyvazov xidmətində göstərdiyi yüksək peşəkarlıq və prinsipial mövqeyinə görə dövlət başçısı tərəfindən ali xüsusi rütbələrə layiq görülüb.

Nazir kimi fəaliyyəti dövründə Vilayət Eyvazov daxili işlər orqanlarında struktur islahatlarının dərinləşdirilməsi, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi və müasir idarəetmə prinsiplərinin tətbiqi istiqamətində mühüm nəticələr əldə edib. Cinayətkarlıqla mübarizənin daha effektiv təşkili, operativ xidmətlərin çevikliyinin artırılması, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş müraciətlərinə həssas yanaşmanın gücləndirilməsi onun rəhbərliyi altında həyata keçirilən əsas istiqamətlərdəndir.

Vilayət Eyvazovun rəhbərlik üslubunda tələbkarlıqla yanaşı, insan amilinə diqqət də xüsusi yer tutur. Onun prinsipiallığı, qanuna sadiqliyi, peşəkarlığı və dövlətçilik maraqlarına bağlılığı həm əməkdaşlar, həm də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Nazir kimi fəaliyyəti dövründə Azərbaycan polisinin çevik, intizamlı, vətənpərvər və müasir çağırışlara cavab verən bir qurum kimi inkişafı daha da sürətlənib.

Hazırda Azərbaycan polisi daha çevik, müasir, vətənpərvər və qanunlara sadiq bir qurum kimi fəaliyyət göstərirsə, burada Vilayət Eyvazovun rəhbərliyi ilə həyata keçirilən islahatların və idarəçilik təcrübəsinin mühüm payı var. Onun uzun illərə söykənən peşəkar fəaliyyəti, dövlətə sədaqəti və məsuliyyətli idarəçilik prinsipləri daxili işlər orqanlarının inkişafına mühüm töhfələr verir.

Bu gün general-polkovnik Vilayət Eyvazovun doğum günüdür. Bu münasibətlə onu səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və şərəfli xidmət fəaliyyətində yeni uğurlar arzulayırıq. Azərbaycanın təhlükəsizliyi, qanunçuluğun möhkəmləndirilməsi və dövlətçiliyimizin daha da güclənməsi naminə həyata keçirdiyi fəaliyyətin bundan sonra da uğurla davam etməsini diləyirik. Qoy onun rəhbərliyi altında daxili işlər orqanları ölkəmizin sabitliyinə, təhlükəsizliyinə və vətəndaşların rifahına xidmət edən mühüm missiyasını daim yüksək səviyyədə yerinə yetirsin!

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü

Hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər