Persona

ZAMANIN QƏLIBLƏRINƏ SIĞMAYAN HIDAYƏT ELVÜSAL

post-img

Onunla tanış olanda hələ Elvüsal deyildi, jurnalistika fakültəsinin birinci kurs tələbəsi Hidayət Nağıyev idi. Kəlbəcərdən olduğunu biləndə ürəyim atlandı. Doğulub boya-başa çatdığım Göyçəni Kəlbəcərdən qışda qarlı dağlar ayırsa da ədəbi mühitini qar-boran ayıra bilmirdi. Aşıq Şəmşir, atası Qurban kimi sənətkarlar o yana, yaşı qırxı haqlamamış Bəhmən Vətənoğlu, Allahverdi Qəmkeş, Əli Dastançı, Əlqəmə, Sücaət, Məmməd Aslan və b. şeirləri ilə Göycədə məşhur idilər. Onların şeirlərini yalnız aşıqlar toylarda, nişanlarda oxumurlar, elə yeyib-içmək məclisi, elə elçilik və s. olmazdı ki, onların şeirləri oxunmadan keçinsin. Məclislərdə tost deyənlər, tamadalar çıxışlarını onların şeirləri ilə bəzəyərdilər. Çöldə qoyun otaran çoban da, naxırcı da, ot biçib yığan da, yol gedən də özünün əhval-ruhiyyəsini yüksəltmək, yanındakının kefini kökəltmək üçün oxuduğu şeirin iki-üçü Göycə sənətkarlarından olurdusa, bir şeir də kəlbəcərlilərdən olurdu. Kəlbəcərdə də belə idi. Aşıq mühiti onları bir-birinə sıx bağlamışdı.
Qəribəsi bu idi ki, istər Kəlbəcərdə, istər Göyçədə yaşayan şairlərin şeirləri yüz minlərlə tirajı olan qəzetlərdə də çıxırdı. Amma o şeirlər deyil mətbuata yol tapa bilməyən şeirlər məclislərin yaraşığına çevrilirdi. Bu yalnız Göyçədə və Kəlbəcərdə deyildi. İran İslam Respublikasına yollar açılandan sonra gördüm ki, orada Bəhmən Vətənoğlunun, Şücaətin, Qəmkeşin, İsmixan Məmmədovun, Daşqının şeirlər kitabı daha çox alınır, nəinki bu tayda onlarla kitabı nəşr edilmiş şairlərimizin.
Kəlbəcər ədəbi mühiti haqqında bilgilərim, o yerləri yaxından tanımağım Hidayətin də mənə diqqətini artırdı. O, Şücaətin qardaşı olduğunu, Məmməd Aslanla xalanəvəsi olduqlarını söylədi. Mən Kəlbəcərdəki qohum və tanışlarımız, o da Göyçədəki qohumları haqqında bilgi verdi. Onların sayı o qədər çox idi ki, yadda saxlamaq belə mümkün deyildi.
Göyçədə hər 5-6 nəfərdən birinin anası və ya nənəsi Kəlbəcərdən olduğu kimi, kəlbəcərlilərin də bir qisminin anası və ya nənəsi göyçəli idi. O dövrdə telefon olsa da normal işləmirdi. Gediş-gəliş də əsasən yay aylarında olurdu. 13-15 yaşlı yeniyetmələr Göyçədən dağları aşaraq Kəlbəcərin kəndlərinə xeyir, şər xəbərini apardığı kimi, Kəlbəcərli yeniyetmələr də Göyçəyə gəlirdilər. 30-50 kilometirlik dağ çığırları ilə piyada, tək-tək hallarda isə atla yol getmək normal hal sayılırdı. Hər ikimiz bax belə bir mühitdə böyüyüb Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuşduq.
Böyük ümidlərimiz vardı. Elə düşünürdük millət və vətən üçün dəyərli insanlar olacaq, düşündüklərimizi yazacaq, xalqımızı maarifləndirəcəyik. Özümüzdən yaşlı jurnalistləri bəyənmirdik. Onları cəsarətsizlikdə təqsirləndirirdik. Daha bilmirdik ki, gənclikdə onlar da bizim kimi olublar. Sonra mühit onları sıxıb öz qəlibinə salıb.
Jurnalistika fakültəsində ilk dərsdən hiss etdik ki, burada bizi azad düşüncəli, sərbəst fikirli kadırlar kimi hazırlayıb mətbuata işləməyə göndərmirlər. Tələbələri mətbuatın qəliblərinə uymağa, redaksiyaların tapşırıqlarını yerinə yetirməyə hazırlayırlar. Mətbuat da Sov. İKP. MK-nın qərarlarını təbliğ etmək üçün yaradılıb. Jurnalistika fakültəsində birinci kursdan başlayaraq V.İ. Leninin əsərləri öyrədilirdi. Bəzən 4-5 dərsdə V.İ. Leninin eyni əsəri tədrisi olunurdu. Leninin sağlığında ratio-televizya olmamışdı. Buna baxmayaraq radio-televizya ixtisasını seçənlər də Lenini əsərlərini bilməliydilər.
Sovet təbliğatına uyanlar, ondan gələcək karyerələri üçün istifadə etmək istəyənlər həvəslə proqramı mənimsəməyə, yüksək qiymət almağa çalışırdılar. Hidayət kimi azad fikirli gənclər isə bu qəliblərə sığmırdılar. Əlacları bir ona çatırdı ki, müəllimləri və onların oxuduqları mühazirələri lağa qoysunlar. Bəzən isə bu lağa qoymalar çox sərtləşri, üsyan təsiri bağışlayırdı. Zəhmətkeşlərin kommunist tərbiyəsində mətbuatın rolu, qəzet tərtibindəki şirif adları-korpus, borjes, petit, nomparle və b. terminlər yaradıcı gənclər üçün əhəmiyyətsiz bir yük idi.
Hələ tarixi materializmi, siyasi iqtisad, xalq təsərrüfatı iqtisadiyyatını, partiya tarixi, elmi kommunizmi fənləri demirəm. Həftədə bir dəfə keçirilən hərbi dərslər isə gənclərin ən ağrılı yeri idi. Rus dilini yaxşı bilməyən gənclərə hərbi dərslər və təlimlər rus dilində keçilirdi. Bu azmış kimi komandirlərin oxuduqları mühazirələrin çox hissəsini yazmağa icazə vermirdilər. Guya xarici kəşfiyyat tələbələrin dəftərlərini ələ keçirib bilərlər ki, Sovet ordusunda bölük neçə qurulur, batolyonda nə qədər əsgər, nə qədər silah var və döyüş zamanı hansı silahlar bölüyün hansı yerində olur.
Hidayə bunları qəbul etmirdi. Onun istedadı imkan veridri ki, sevmədiklərini lağa qoysun. Söylədiyi lətifələri ətrafındakılar maraqla dinləyirdilər. Gözümüz qarşısında baş vermiş hadisəyə kiçik bir dəyişiklik etməklə duzlu bir lətifə qura bilirdi. Bu lətifəyə hamı gülsə də bəziləri orada özünü gördüyündən Hidayətdən xoşu gəlmirdi.
İçtimai-siyasi mühüt, bürokratik baskılar, təhsildəki pedandlıq və mühafizakarlıq Hidəyət və onun kimi azad fikirli, sərbəst düşüncəli insanları sıxırdı. Çıxış yolu tapmaq isə asan deyidi. Üçüncü kursda oxuyanda tədris proqramına uyuşmayan Hidayət Nağıyev qiyabi şöbəyə keçdi. O, Bakıya ali təhsil almağa gələnə kimi Kəl¬bə¬cər¬dəki “Ye¬ni¬lik” qə¬ze¬tin¬də, yer¬li radio ve¬ri¬liş-ləri re¬dak¬si¬ya¬sın¬da işləmişdi. Qiyabiyə keçəndən sonra rayona qayıdıb qəzetdə işləyə bilərdi. Nəinki rayon qəzetlərində, həttda respublika qəzetlərində işləyənlərin bir çoxu ixtisasca jurnalist deyildi. Müxtəlif peşə sahibləriydilər. Hidayətə “Yenilik” qəzetində böyük həvəslə iş verərdilər.
Lakin o Bakıda qalmağa üstünlük verdi. Bu da asan olmadı. Ermənistandan, Rusiyanın ən ucqar guşəsindən gələn, azərbaycanlı olmayan hər bir şəxs Bakıya rahatca qeydiyata düşüb yaşaya və işləyə bilirdi. Nəinki Azərbaycan Respublikasının rayonlarından gələn Azərbaycanlılar, hətta Ermənistan və Gürcüstandan gələn Azərbaycanlılar üçün də Bakıda qeydiyyata düşmək çox çətin idi.
Onun Bakıda qeydiyyata düşməsi necə çətin olmuşdursa iş tapması da ondan məşəqqətli olmuşdu. Axır ki, o dövrün ən oxunaqlı qəzeti olan “Azərbaycan gəncləri” qəzetində işə düzəlmişdi. Burada onun istədiklərini yazıb nəşr etdirməyə imkan yox idi, redaksiyanın tapşırıqlarını yerinə yetirmək isə onun ürəyindən deyildi. Məcbur qalmışdı kiçik həcmli yazılarında sətiraltı nəsə desin.
Hidayət Elvüsal daha sonra o dövrün ən nüfuzlu və çoxtirajlı qəzeti «Kom¬mu¬nist»də (in¬diki «Xalq qə¬ze¬ti») iş¬ləməyə başlayıb. Şöbə müdirlərinin, redaktor müavinlərinin, redaktorun, senzurun basqısı imkan verməyib ki, düşündüklərini yazsın, çap elətsin. Sov İKP-nin yenidənqurma və aşkarlıq siyasəti imkan verib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Kommunist” qəzetinin nəzdində 1989-cu il avqustun 4-də “Səhər” adlı kiçik formatlı bir qəzet nəşrə başlansın. Partiya funksiyanerləri bilsəydilər ki, 5-6 ay sonra bu kiçik formatlı qəzet Azərbaycanın ən oxunaqlı və çoxtirajlı mətbuatına çevriləcək onun nəşrinə qətiyyən icazə verməzdilər.
“Səhər” qəzetinin formalaşmasında Hidayət Elvüsalın zəhməti böyük olduğu kimi qəzet də onun bir publisist kimi tanınmasının səbəbkarı oldu. “Səhər” qəzetində “Belə-belə işlər” rubrikası altındakı yazıları ilə oxucunu yaxşı mənada heyrətə gətirdi. Bu yazıların oxucusunun sayı gündən günə artdı. Beləliklə “Səhər” qəzeti respublikanın ən böyük tirajla nəşr edilən gündəlik qəzeti oldu. Onu şöhrətləndirən mətbuatdakı oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri deyil, “Belə-belə işlər” rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazılardakı yumor və sarkazm oldu. Onun satirası kimlərə yönəldiyini hamı bilirdi. Lakin heç bir məmur, nazir, rəhbər işçi ona mənim haqqımda niyə belə yazıbsan deyə bilmirdi.
Hidayət Elvsal Sovet senzurasından yaxa qurtarsa da dövrün basqısından yaxa qurtara bilmədi. “Səhər” qəzetində redaktor müavini, «Kri¬mi¬nal» qə¬zet¬lə-ri¬ndə baş re¬dak¬toru işlədi. “Ədalət” qəzetində əməkdaşlıq edərkən qəzetin təsisçisi, yazıçı və deputat Aqil Abbas haqqında elə lətifələr qoşdu ki, bu lətifələr qısa müddətdə dillər əzbərinə çevrildi. Heyif ki, onun qoşduğu lətifələri toplayıb, yazıya alan olmadı. Şifahi şəkildə yayılan lətifələrinin tirajı qəzetlərdə nəşr edilmiş ən sanballı yazılarından qat-qat çox oldu.
Onun dil və üslubu çağdaşlarından çox fərqlənir. Hətta Hidel Kastro Türk imzası ilə yazanda da dost-tanış bildi ki, bu imza Hidayət Elvüsalındır. Yazını oxumamışdan öncə onun imzası oxucunu güldürdü.
Tağı Salehoğlunun, Mustafa Mustafayevin, Pünhanın və b. müğənnilərin oxuduqları "Kəlbəcər", "Ağlama, gülüm, ağlama", “Apar məni o yerlərə” və b. mahnıların sözləri və musiqisi Hidayət Elvüsalındır. Bu mahnılar onu göstərir ki, Hidayət Elvüsal jurnalistika fakültəsinə deyil, konservatoriyaya qəbul olunsaydı bəstəkar kimi məşhurlaşacaqdı. Keçmiş Sovetlər Birliyində adamlara qabiliyyətinə görə deyil, çox vaxt diplomuna görə qiymət verirdilər. İstedadın olmasa belə konservatoriyanı bitirsən bir neçə zəif mahnı yazsan belə səni bəstəkar adlandıracaqdılar. Konservatoruyanı bitirməyibsənsə demək həvəskar bəstkarsan. Hidayət Elvisar kimi neçə-neçə istedanlı bəstəkarın mahnıları dillər əzbəri olsa da onları Azərbaycan Bəstəkarlar Birliyinə üzv qəbul etmədilər ki, sənin konservatoruyanın bəstəkarlıq şöbəsini bitirmən haqqında diplomun yoxdur.
Sovet dövründəki kimi ciddi əmək kitabçası olsaydı Hidayət Elvüsalın əmək kitabçasına bəlkə də 20 yaxın təşkilatın adı yazılardı. Əmək kitabçaları da insanların xasiyyətini göstərən bir güzgüdür. Bu güzgüdə tələbəlik dostumun nə qədər qəliblərə sığmayan bir jurnalist olduğu aydın görünür.
Əli Şamil
[email protected]
AMEA Folklor İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər