İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin 19 mayda helikopter qəzasında həlak olması dünya ictimaiyyətinin gündəmindədir. Hadisə ilə bağlı müxtəlif versiyalar səslənir.
Diqqətçəkən bir məqam da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsidir.
Azərbaycan ətrafında xüsusi durum yaranıb? İran-Türkiyə-Azərbaycan münasibətləri bundan sonra necə olacaq? Status-kvo saxlanacaq?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsinin iki səbəbi var:
“Birinci səbəb mövcud Ermənistan-Azərbaycan sülh danışıqlarıdır. Rəsmi Ankara iki ölkə arasında sülhün əldə edilməsində ən maraqlı qüvvədir. Telefon danışığı zamanı liderlər hazırkı prosesləri müzakirə etmiş ola bilər.
İkinci səbəb İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olması ilə bağlıdır. Çox təəssüf ki, bəzi mərkəzlər hadisə ilə bağlı Azərbaycanın adını hallandırır. Xüsusilə Azərbaycan-İsrail əməkdaşlığını qabardaraq məsələyə qərəzli, əsassız yanaşma sərgilənir.
Türkiyənin televiziya kanallarında İran prezidentinin helikopterinin qəzasını şərh edən ekspertlərin bir qismi tutub ki, İsrailin Azərbaycanda güclü kəşfiyyat mərkəzi var. Nəyə işarə etdikləri aydındır. Bunu deyərkən ancaq ona istinad edirlər ki, İsrail Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir.
Azərbaycan İsrailə neft satır, bu ölkədən modern hərbi texnika alır. Bunu bilməyən yoxdur, ancaq o demək deyil ki, İsrailin Azərbaycanda kəşfiyyat mərkəzləri var. Bu tamamilə absurd iddiadır. Bunu deyənlər İran rejiminə yaxşı pas atırlar.
Ərdoğan bu və digər məsələlərlə bağlı Əliyevə zəng edib və əslində, bir daha birlik, bərabərlik mesajı verir. Rəsmi Bakının qonşuları ilə heç bir problemi yoxdur”.