Azərbaycanın təşəbbüsü ilə ilk dəfə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb. Bu barədə “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyi məlumat yayıb.
Məlumata görə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq.
“Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin rəhbəri Camid Mövsümov qeyd edib ki, bu marka üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcək.
Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, “Made in Turan” brendinin yaradılması ilə bağlı müzakirələr bir müddət idi ki, gedirdi:
“Bu bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyası və əməkdaşlığını inkişaf etdirəcək mühüm təşəbbüsdür. Bu brend vasitəsilə Türk ölkələri vahid məhsullar ərsəyə gətirib dünya bazarına çıxara biləcək.
Türk ölkələrinin vahid investisiya fondu var. Bu investisiya fondunun dəstəyi ilə istehsal olunacaq məhsullara “Made in Turan” brendin vurulması məhsulun dünya bazarında özünə yer etməsini təmin edəcək. Eyni zamanda gələcəkdə bu marka adı altında istehsalın artması, hətta yeni brendlərin də yaradılması mümkün ola bilər.
Bu gün türk ölkələri siyasi, diplomatik, hərbi, iqtisadi sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir, yaxınlaşır. Bu və bu kimi təşəbbüslər prosesi sürətləndirə, əlaqələri üst səviyyəyə qaldıra bilər. Türk dövlətlərinin dünya bazarında rəğbət görən məhsullar çıxarması onların iqtisadi baxımdan gəlirini artıra və güclənməsinə gətirib çıxara bilər. Bu brend həm də yerli istehsalı artıra bilər”.