Siyasət

Tam və qəti qələbənin dadı – Yarımçıq qalan savaşların fonunda “44 gün”ə baxış

post-img

İsrail-ABŞ cütlüyü ilə İran arasında başlayan və 12 günün içində bitən müharibədə tam qələbə qazananın olmaması bütün münaqişə tərəflərinə özünü qalib saymaq imkanı verir.

İran hesab edir ki, müharibədə məğlub olmayıb, sadəcə, xərcə düşüb, itkiyə məruz qalıb. Neft milyardlarının hesabına başa gətirilən tikililər, qurğular, bunkerlər dağılsa da, ölkə ərazisi işğal olunmayıb. Generallar və nüvə fizikləri həlak olub, amma onların yerlərini doldurmaq mümkün olacaq (ikinciləri bir az gec) və nüvə proqramı üzrə işlər davam edəcək.

İsrail 40 ildən çoxdur onu tam məhv etməklə hədələyən və bu niyyətini həyata keçirməyə imkan verən kütləvi qırğın silahı yaratmağın bir addımlığında olan İranı bu imkandan məhrum etdiyinə görə özünü qalib sayır. Hərçənd onun da ağır itkiləri var: Təl-Əviv və Hayfada İran raketlərinin xaraba qoyduğu yaşayış komplekslərinin dəyəri milyardlarla dollardır. Hələ bu savaşda ölkənin silah arsenalının, raket ehtiyatının azaldığını da nəzərə alsaq, İsrail də xeyli zərər çəkib. Amma bunlar yəhudi dövləti üçün də xərcdir.

uuuttt.jpg (99 KB)

ABŞ isə elə bir zərər çəkməyib, düşdüyü xərc də böyük deyil. Bahalı bombardmançı təyyarələr bahalı bombaları hədəfə atıblar və sağ-salamat geri qayıdıblar. Əvəzində ABŞ İsrail qarşısında müttəfiqlik borcunu yetirib. Vaşinqtonun bu müharibədə əsas qazancı odur ki, bütün dünyaya özünün hərbi baxımdan necə qüdrətli dövlət olduğunu göstərdi. Zarafat deyil, B-2 bombardmançıları, sözün əsl mənasında, dünyanın o başından uçdular, gəldilər, bomba atdılar və yerə qonmadan öz bazalarına qayıtdılar. Belə təyyarələr başqa heç bir dövlətdə yoxdur. Ukrayna səmasında günaşırı bir qırıcısı vurulan Rusiya bu olaya baxıb hesabını götürməliydi.

Beləcə, tərəflərin öz yaralarını sarıya-sarıya publik olaraq öyünmək haqları var. Acı gerçəkliklərin hesabını tutmaq daxili işdir, heç kəs bunu dünya ictimaiyyəti ilə bölüşməyəcək.

Daha bir reallıq odur ki, II dünya müharibəsindən bəri dünyanın dörd bir tərəfində gedən müharibələrin çoxu belə yekunlaşır: savaş yarımçıq saxlanılır, tərəflərin heç biri tam üstünlük qazanmır, hər kəs öz mövqeyində (həm coğrafi, həm də siyasi mənada) qalır, düşmənçilik yeni, passiv fazaya (“soyuq müharibə”) keçir, uzun sürən sülh danışıqları başlayır və heç cür bitmək bilmir.

888990n.JPG (32 KB)

Təbii ki, bu məsələdə istisnalar da var. Məsələn, 1967-ci ildə İsrail, birləşərək üstünə gələn ərəb dövlətlərini 6 günlük müharibədə ağır məğlubiyyətə uğradıb, amma uduzanlar da özlərini o yerə qoymayıblar, sadəcə, bir döyüşün uğursuz alındığına dair özlərinə təskinlik veriblər.

Pakistan və Hindistan arasında vaxtaşırı başlayan və çox çəkmədən bitən müharibələrin də qalibi yoxdur. Onların arasındakı mübahisəli ərazi olan Kəşmir 78 ildir ki, “mübahisəli ərazi” olaraq, bölünmüş vəziyyətdə qalır. Hansı tərəf Kəşmirə tam yiyələnəcəksə, məhz o, özünü Kəşmir savaşının qalibi sayacaq. Bu gedişlə bu, heç vaxt heç bir tərəfə müyəssər olmayacaq.

Koreya yarımadasında başlayan və iki dövlətin (Cənubi Koreya və Şimali Koreya) əmələ gəlməsi ilə bitən “beynəlxalq vətəndaş müharibəsi” də yarımçıq qalmış, tam qalibi olmayan savaşlardan biridir. Xatırladaq ki, eyni xalqın döyüşən tərəflərinin davasına ABŞ, SSRİ, Çin, Türkiyə, İngiltərə və başqa dövlətlər də qarışmışdı.

nnnbbnnb.JPG (33 KB)

Ancaq Azərbaycanın 2020-ci ilin payızında baş verən 44 günlük müharibədəki qələbəsini sonuc etibarilə tam və qəti qələbə saymaq olar. Bu savaşın sonunda illərdən bəri Qarabağ torpaqlarında tank oynadan Ermənistan elə bir məğlubiyyətə düçar oldu ki, hələ də özünə gələ bilmir. Qarşı tərəfdən heç kəs “yox, uduzmadıq” deyə bilmir, bütün qüvvələr məğlubiyyəti etiraf edir və buna görə bir-birini qınayır. Revanş bağırtıları da məğlubiyyət acısından doğur və əlacı kəsilmişlərin son təsəllisidir. Demək istəyirlər ki, ölməmişik, sağıq, məğlubiyyətlə barışmamışıq, mütləq qisas alacağıq. Amma necə, nəylə? 3 milyonluq xalqın kişiləri qoçaq çıxacaq, 10 miyonluq xalqın oğulları əfəl olacaq?

Az qala o savaş da yarımçıq dayandırılacaqdı. Vasitəçi tərəfin belə bir niyyəti vardı ki, Azərbaycan ordusu bir yerə qədər gedəcək, Şuşaya girməyəcək və bundan sonra tərəflər “heç-heçə”yə razılaşacaqlar, ikisi də itaətkar olacaq. Amma elə olmadı. Rəşadətli ordumuz Şuşanı armud dərirmiş kimi götürdü, Xankəndidəki erməni hərbçiləri ovuc içinə aldı. Ondan sonra onların toparlanıb müqavimət göstərməsi əmsalı sıfırın üzərində idi, özlərindən asılı deyildi, yalnız xarici qüvvələr onları qoruya bilərdi və bu da zamana bağlıydı.

canavar.jpg (46 KB)

O zaman 2023-cü ilin sentyabrında yetişdi. Daha bir həmlə ilə Xankəndini “qoruyan” hərbi hissələr ağ bayraq qaldırdılar, canlarını qurtardılar. Onların yeganə təsəllisi də elə budur ki, Qarabağdan sağ getdilər.
Əslində Ermənistanın Azərbaycana qarşı apardığı 32 illik işğalçılıq müharibəsinin son nöqtəsi İrəvanda qoyulmalıydı. Orta əsrlər olsaydı, elə də olacaqdı. Müasir dövrdə isə hamı aqressoru öz sərhədlərinin içinə qovur və təqibi dayandırır. Azərbaycan da elə etdi, başqa variant yox idi.

İndi adam şimalda Rusiya-Ukrayna cəbhəsində baş verənlərə, cənubda İsrail-İran savaşına baxır və düşünür ki, milli ordumuz son 5 ildə necə möhtəşəm bir qələbə qazanıb. Bu gün həmin ordunun günüdür. Baş komandanından hələ karantində olan çağırışçısına qədər, ordumuzun bütün şəxsi heyətinə eşq olsun!

Araz Altaylı, Musavat.com

Oxşar xəbərlər